Bakı və Sarayevo – qardaşlaşmış şəhərlər
Digər xəbərlər

Bakı və Sarayevo – qardaşlaşmış şəhərlər

Qarşılıqlı maraq və mənafelərə əsaslanan dostluq münasibətlərinin qurulması hər bir ölkənin xarici siyasətində prioritet təşkil edir. Bu baxımdan Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, dünya dövlətlərinin respublikamıza olan etimadı mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bu il aprelin 13-də Bosniya və Herseqovinaya rəsmi səfəri dövlətimizin qarşılıqlı faydalı əməkdaşlıq sahəsindəki uğurlu siyasətinin göstəricisidir. Ötən əsrin 70-ci illərindən qurulan  Bosniya və Herseqovina ilə səmimi əlaqələr bu gün ölkə başçımızın xarici siyasət sahəsindəki uzaqgörənliyi ilə uğurla davam etdirilir. Hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcud olduğu zaman Bakı və Sarayevo arasında 1972-ci ildə qardaşlaşma sazişi imzalanmışdır. Həmin dövrdən etibarən Sarayevo və Bakı qardaş şəhərlər hesab edilir və iki ölkə daim bir-birini mühüm məsələlərdə dəstəkləyir. Tarixə qısa nəzər yetirsək, istər 2014-cü ildə baş verən təbii fəlakət zamanı, istərsə də pandemiya dövründə Azərbaycan Bosniya və Herseqovinaya yardım göstərmiş, əsl dostluq örnəyi nümayiş etdirmişdir. Bütün bunlarla yanaşı, dövlətimiz Bosniya və Herseqovinanın bir neçə şəhərində mühüm infrastruktur layihələr həyata keçirmişdir. 

Ölkələr arasında baş tutan rəsmi səfərlər də bu inkişafda mühüm rol oynamışdır. Prezident İlham Əliyevin Sarayevoya rəsmi səfəri, ikitərəfli əlaqələri daha da şaxələndirmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviçin mətbuata verdiyi bəyanatda ölkəmizin Bosniya və Herseqovina üçün etibarlı tərəfdaş olması bir daha öz təsdiqini tapmışdır: “Azərbaycan bizim üçün çox mühüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda ikitərəfli münasibətlərimiz də daha yüksək səviyyəyə qalxacaq. Çox şadam ki, biz bu məsələdə də inkişaf görürük”. 

Bosniya və Herseqovinanın Azərbaycanla bağlı mövqeyi İkinci Qarabağ savaşında bir daha bəlli oldu. Belə ki, hələ müharibənin ilk günlərindən dost ölkə dövlətimizin haqq işini qətiyyətlə dəstəkləmiş, Azərbaycanın torpaqlarını düşmən tapdağından azad etməsini, ərazi bütövlüyünün bərpasını yüksək qiymətləndirmişdir. Bütün bunlar isə qardaşlıq münasibətlərinin təzahürüdür. 

Azərbaycanla Bosniya və Herseqovina arasındakı əlaqələr özünü ticari-iqtisadi sahələrdə də büruzə verir. Bu baxımdan ölkəmiz ilə Bosniya və Herseqovina arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə perspektivli sənəd olaraq xüsusi əhəmiyyət kəsb edir. Sənəd, həmçinin iki dövlət arasındakı gələcək inkişafın istiqamətlərinin müəyyənləşdirilməsinə də mühüm töhfə verəcək. Ölkə başçımızın strateji tərəfdaşlıqla bağlı söylədiyi fikirlər bunun göstəricisidir: “Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək”. Prezident İlham Əliyevin Bosniya və Herseqovina səfəri və səfər çərçivəsində əldə olunan bir sıra razılıqlar iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə, enerji, nəqliyyat, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcək. Ölkə başçımızın Sarayevo səfəri, həmçinin iki dövlət arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı hesab edilir. 

Nəzrin ELDARQIZI,

“Respublika”.