Azərbaycanla Efiopiya arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib
Digər xəbərlər

Azərbaycanla Efiopiya arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib

Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Demeke Mekonnen ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər iqtisadi, ticarət və humanitar sahələrdə ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Müntəzəm qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətli olduğunu bildiriblər.

Tərəflər beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini və bu təşkilatlar çərçivəsində, xüsusən ərazi bütövlüyü və suverenliyi ilə bağlı qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğal dövrü, habelə postmünaqişə zamanı ölkəmiz tərəfindən görülən işlər barədə qarşı tərəfə məlumat verib.

Görüşdə, eyni zamanda, digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.