Azərbaycanın müəllifi olduğu reallıqların mahiyyəti və əhəmiyyəti beynəlxalq səviyyədə dəyərləndirilir
Digər xəbərlər

Azərbaycanın müəllifi olduğu reallıqların mahiyyəti və əhəmiyyəti beynəlxalq səviyyədə dəyərləndirilir

Azərbaycan bu gün öz sözünü açıq deyən, dövlət və xalqın mənafeyi naminə qətiyyətli mövqe sərgiləyən ölkədir. Çünki ölkə başçısı cənab İlham Əliyev haqq və ədalətə, beynəlxalq hüququn prinsiplərinə əsaslanan məqsədyönlü siyasət aparır.

Bu siyasət nəinki Azərbaycan, həm də region ölkələri üçün faydalıdır. Bunu Azərbaycanın regiona gətirdiyi reallıqlar bir daha sübut edir. Ermənistanın işğal siyasəti bu coğrafiyanı bataqlığa çevirmişdi. Bununla bağlı Azərbaycan dünyaya çağırışlar edir, münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Amma nə Ermənistan sülhə gəldi, nə də bu barədə ona beynəlxalq təzyiq oldu. Odur ki, Azərbaycan münaqişəni beynəlxalq hüquq çərçivəsində özü həll etdi. Azərbaycanın istəyi işğalı aradan qaldırmaq, ölkə ərazisində dövlət suverenliyini təmin etmək, yurd yerlərindən zorla qovulmuş 1 milyondan artıq sakinin hüquqlarını bərpa etmək idi. Azərbaycanın formalaşdırdığı reallıqlar sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa, əmin-amanlığa söykənir. Bütün bunlar ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda təqdir olundu. Dövlətimizin başçısı dərin məzmunlu, məntiqli və aydın çıxışı ilə baş verən hadisələri, proseslərin gedişini, o cümlədən işğalın acı nəticələrini, Şərqi Zəngəzurun və Qarabağın dirçəldilməsi naminə görülən işləri, bu istiqamətdə çətinlikləri, habelə mina problemini iştirakçıların diqqətinə çatdırdı və onları maraqlandıran sualları cavablandırdı.

Ceymstaun Fondunun təmsilçisi Metyu Brayza işğaldan azad edilmiş Azərbaycan ərazilərini nəzərdə tutaraq bildirdi ki, dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Aydın olur ki, artıq hamı görülən işlərin fərqindədir. Həqiqətən də Azərbaycan həmin ərazilərdə misli görünməmiş tikinti-quruculuq işləri aparır. Tamamilə dağıdılmış ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər salmaq, özü də dağlıq ərazidə bütün bu işlərin öhdəsindən gəlmək, sözsüz ki, asan deyil. Lakin Azərbaycan sistemli və sürətli şəkildə ərazini yenidən qurur. Təbii ki, bu, dövlətimizin qüdrətini, iqtisadi gücünü göstərir. Görülən bütün işlərə şəxsən nəzarət edən Prezident İlham Əliyev 29 yaşayış məntəqəsinin təməlini qoyub. Ümumilikdə isə 63 müxtəlif təyinatlı obyektin açılışı olub. Bərpa işlərinə indiyədək dövlət  büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Gələn il isə bu məqsədlər üçün planlaşdırılan minimum büdcə 2,4 milyard dollar həcmində nəzərdə tutulub.

Ermənistan rəhbərliyi Prezidentimizin çıxışından dərs götürməlidir. Bilməlidirlər ki, onların işğal planları çoxdan məhv edilib, bu xəyallarla yaşamaq artıq əbəsdir. Çünki "dəmir yumruq" yerindədir. Qarşılarında onları məğlub etmiş qüdrətli Azərbaycan var. Odur ki, mənasız havadarlıq edənlərin fitnələrinə uymasınlar, reallıq başqadır. Ümumilikdə dövlətimizin başçısı cənab İlham Əliyev forumda Azərbaycanın sülh səylərini, iqtisadi müstəqilliyini və inkişafını, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr verən təşəbbüslərini və addımlarını, gələcək perspektivləri iştirakçıların diqqətinə çatdırmaqla ölkəmizin qüdrətini və dünya üçün əhəmiyyətini göstərdi.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.