Azərbaycanın Mərkəzi Asiyada ən yaxın tərəfdaşı
Siyasət

Azərbaycanın Mərkəzi Asiyada ən yaxın tərəfdaşı

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı da mühüm yer tutur. İki ölkə arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub.

Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələr ticari-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir. Hər iki dövlət həm regional, həm də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Qardaş ölkə Özbəkistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını münaqişənin tənzimlənməsinin əsas şərtlərindən biri hesab edir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Azərbaycan və Özbəkistan arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində daha da güclənib. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın o zamankı prezidenti Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri əlaqələrin bugünkü inkişafının əsası olub. Bunu ölkə başçımız İlham Əliyev 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakı səfəri zamanı bir daha xatırladıb: "Heydər Əliyev özbək xalqına böyük hörmət və məhəbbət bəsləyirdi. Mən hələ yeniyetmə idim, onun Şərəf Rəşidoviç Rəşidovla sıx dostluq münasibətlərinin şahidi olmuşam. Onlar qardaşcasına dostluq edirdilər və yadımdadır, qondarma yenidənqurma illərində müəyyən dairələrin törətdiyi ədalətsizlik ona çox mənfi təsir göstərmişdi. Söhbət "özbək işi" adlandırılan məsələ barədə idi. Bunu edən "məşhur" adamlar Qdlyan və İvanov idilər. Onlar təkcə Özbəkistana deyil, hesab edirəm ki, bizim hamımıza çox böyük ziyan vurdular. Ona görə ki, bu, Sovet İttifaqının türkdilli respublikalarına qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücumu idi. Bu hücum Azərbaycandan da yan keçmədi, burada da təxminən eyni əməlləri həyata keçirməyə çalışırdılar, lakin bunun üçün sadəcə vaxtları çatmadı".

Azərbaycan ilə Özbəkistan tarixi, dini, mədəni əlaqələr baxımından bir-birinə yaxın ölkələrdir. Görkəmli Azərbaycan və özbək klassikləri - Əlişir Nəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir çox başqalarının yaratdıqları əsərlər təkcə Şərq xalqlarının deyil, həm də bütün dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir. Elə bunun nəticəsidir ki, Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılmışdır.

Ölkələrin mədəni əməkdaşlığı bu gün də uğurla davam etdirilir. Avqustun 1-də Azərbaycanda Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisi və digər tədbirlər keçirildi.

Özbəkistan postmüharibə zamanı da ölkəmizə öz dəstəyini əsirgəməyib. 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Prezident Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib və hazırda həmin məktəb istifadəyə verilib.

Əlaqələrin bugünkü səviyyəsi Prezident İlham Əliyevin güclü xarici siyasəti nəticəsindədir. Xüsusi qeyd etmək lazımdır ki, Şavkat Mirziyoyev Özbəkistanda Prezident seçildikdən sonra bu əlaqələr ən yüksək səviyyəyə çatıb. İki ölkə başçısının uğurlu siyasəti və gördükləri işlər nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri daha da güclənir. Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi faktını qardaşlıq və dostluğun göstəricisi adlandırıb. Özbəkistan Prezidenti Azərbaycana səfəri çərçivəsində azad edilmiş Qarabağ torpaqlarında da olub. Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər ediblər.

Xüsusi vurğulamaq lazımdır ki, Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edən ikinci ölkə başçısıdır. Prezident Füzulidə şəxsi təşəbbüsü ilə tikilən məktəbin açılışında iştirak etdi. Bu, onun Qarabağda quruculuq işlərinə böyük önəm verdiyinin göstəricisidir.

Türk dünyasının Orta Asiyaya inteqrasiya prosesində Azərbaycan vasitəçi rolunu oynamaqdadır və Özbəkistan da bu prosesdə əsas tərəfdaş kimi çıxış edir.

Röya RÜSTƏMLİ,

"Respublika".