Azərbaycanın İsraillə münasibətlərinə niyə qısqanclıqla yanaşılır?
Digər xəbərlər

Azərbaycanın İsraillə münasibətlərinə niyə qısqanclıqla yanaşılır?

25 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də İsrail dövləti olmuşdur. Bu gün Azərbaycan çoxmillətli və suveren ölkə kimi Bakıda və Qubada 30 minə yaxın yəhudinin təhlükəsiz yaşamasını təmin edir. İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini uğurla davam etdirir. Azərbaycan İsrail ilə strateji tərəfdaşdır. Həm mədəni, həm də mənəvi cəhətdən bir-birinə dəstək olan dövlətlər kimi, Azərbaycan-İsrail əlaqələri dünya birliyi üçün uğurlu bir nümunədir.

Etibarlı və yüksələn xətlə inkişaf edən əlaqələrin daha da genişləndirilməsi məqsədilə İsraildə açılan səfirliyimiz bu gün olduğu kimi, gələcəkdə də əlaqələrin inkişafına öz töhfəsini verəcək. Sözsüz ki, iki dövlətin qarşılıqlı əlaqələrindən və davamlı inkişafından narahat olan ölkələr də var. Belə ki, Azərbaycan-İsrail münasibətlərini qısqanan İran və Ermənistan kimi anti-Azərbaycan siyasətinin iştirakçılarının revanşist hissləri yenidən canlanır. Əvvəllər Ermənistanın xain xislətinə təəccüb etmirdiksə, indi artıq İranın bu mövqeyinə də eyni cür yanaşırıq. Azərbaycanın uğurlu və müstəqil xarici siyasətini, eləcə də cənub qonşumuzun çirkin xislətini Milli Məclisin deputatı Naqif Həmzəyev şərh etdi:

- Sirr deyil ki, fars rejimi keçmişdə olduğu kimi, bu gün də Ermənistanı dəstəkləyir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanla sərhəddə İran dəfələrlə hərbi təlimlər keçirərək bizə mesaj verməyə çalışdı. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılmasına açıq şəkildə etiraz etdi. Bir sözlə, İran türkofob mövqeyi ilə yanaşı, İslam dininə zidd əməllərlə təcavüzkar ölkənin yanında oldu. Cənub qonşumuzun çirkin xisləti bununla da bitmədi. Ermənistanın Sunik adlanan ərazisinin mərkəzi olan Qafanda konsulluq açması həm də Ermənistanla müttəfiqlik əlaqələrinin göstəricisidir. Görünən odur ki, Azərbaycan-İran münasibətlərini qoruyub saxlamağa çalışan dövlətimizin səyləri boşa çıxdı. Belə ki, Qərbin İrana ağır sanksiyalar tətbiq etdiyi bir vaxtda Azərbaycan öz hava məkanından İrana qarşı istifadə etməyə imkan verməmişdi. Bununla yanaşı, qəbul edilən sanksiyalara Azərbaycan müsbət rəy bildirməmişdir. Əfsuslar olsun ki, İran tərəfi Azərbaycanın bu addımlarını dəyərləndirməmiş və anti-Azərbaycan xislətini nümayiş etdirmişdir.

Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələri var. Tarix boyu Azərbaycan yahudi xalqına təqib və təzyiq göstərməyən sayılı ölkələrdəndir. İrandan fərqli olaraq, İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü sözdə yox, əməldə də təsdiq edir. Eyni zamanda, İsrail Azərbaycanın hərbi sənayesinin formalaşmasında yaxından iştirak edir. İşğaldan azad edilmiş ərazilərimizdə "Ağıllı kənd"lərin salınmasında da İsrail öz fəallığı ilə seçilir. Azərbaycan dövləti isə qarşılıqlı əlaqələrə İsrailin neftə olan tələbatının 30 faizini ödəməklə dəstək verir. Qarşılıqlı inkişafın məntiqi nəticəsi kimi, Prezident İlham Əliyevin göstərişi ilə bu yaxınlarda İsraildəki səfirliyimiz fəaliyyətə başladı. Azərbaycanın İsraildə səfirliyinin açılması müstəqil siyasətinin nəticəsidir. İran da bunu yaxşı anlamalıdır ki, Azərbaycana kənar təzyiqlər heç bir mahiyyət daşımır. Əksinə, düşünürəm ki, İran öz xarici siyasətini yaxşıca nəzərdən keçirməli, Azərbaycan ilə münasibətləri təhlil etməli, terror və işğalı dəstəkləyən fikirlərdən daşınmalıdır. Xüsusən də cənub qonşumuzun son zamanlarda Azərbaycana qarşı terror aktlarında İranın izlərinin olması çirkin xislətindən xəbər verir. Bununla yanaşı, İran unutmamalıdır ki, mövcud ərazilərində 45 milyondan çox soydaşımız məskunlaşıb. Ən azı İran rejimi soydaşlarımızın tarixi torpaqlarında azad və firavan yaşayışını təmin etməlidir. Bilməlidir ki, Azərbaycan dövləti və xalqı heç bir xəyanəti bağışlamır və belə getsə, tapdalanan ədaləti 45 milyondan çox Azərbaycan türkü gec-tez özü bərpa edəcək.

Nurlan ABDALOV,

"Respublika".