Azərbaycanın işi haqq işi, məqsədi ədaləti bərpa etməkdir
MÜSAHİBƏLƏR

Azərbaycanın işi haqq işi, məqsədi ədaləti bərpa etməkdir

Bir vaxtlar Qarabağdan olan məcburi köçkünlərin təşkilatının yerləşdiyi binanın indi Qərbi Azərbaycan İcmasına verilməsi böyük siyasi və mənəvi əhəmiyyət kəsb edən bir addımdır. Bu qərar bütün Qərbi azərbaycanlılara onların artıq elə də uzaq olmayan gələcəkdə öz tarixi yurd yerlərinə qayıdacaqları barədə bir müjdədir.

Ölkə Prezidenti cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında söylədiyi nitqində bu məsələyə dair ətraflı təhlillər apararaq bir daha diqqətə çatdırmışdır ki, Qərbi Azərbaycanın məhz bizim tarixi torpaqlarımız olduğuna dair inkarolunmaz sübut və dəlillər öz əksini çoxsaylı tarixi sənəd və xəritələrdə tapıb. Təəssüflər olsun ki, xislətlərində yalnız saxtakarlıq, talançılıq və dağıdıcılıq olan ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıb, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Lakin bu, mümkün olmayan bir işdir. Çünki bütün tarixi sənədlər təsdiq edir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və artıq bütün dünya ictimaiyyəti də bilməlidir ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Dövlət başçımızın dediyi kimi, bu gün artıq Qərbi Azərbaycan həqiqətlərini dünyaya olduğu kimi təqdim etmək zamanıdır və bunun üçün Azərbaycan dövləti ilə yanaşı, Azərbaycan xalqı, qurum və təşkilatlar var gücü ilə çalışmalıdırlar.

Prezident İlham Əliyevin tarixi Azərbaycan şəhəri olan İrəvanın 1918-ci ildə ermənilərə verilməsi faktını şərh edərkən söylədiyi fikirlər bir daha dövlət başçısının prinsipial mövqeyini əks etdirir və hər bir halda yalnız xalqın və dövlətçiliyimizin maraqlarını əks etdirən mövqelərdən çıxış etdiyini göstərir. Azərbaycan torpaqlarının tarixən hissə-hissə ölkəmizdən qoparılaraq ermənilərə verilməsi xalqımızın başına gələn ən böyük faciələrin əsasında duran misli görünməmiş bir haqsızlıq, ədalətsizlikdir. O cümlədən 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimiz olan İrəvanı Ermənistana faktiki olaraq bağışlamaqla gələcəkdə yaşanmış böyük fəsadlara yol açmış oldu. Bu hadisəni şərh edən Prezident İlham Əliyev tamamilə haqlı olaraq bunu bağışlanmaz bir səhv, xəyanətkar addım və cinayət kimi səciyyələndirdi. Azərbaycan xalqının öz tarixini məhz təhrif olunmamış həqiqətləri ilə bilməyə haqqı var. Erməni millətçiləri Azərbaycanın məhz bu zəifliyindən daha da həvəslənərək cəmi iki il sonra, 1920-ci ildə artıq sovet hökumətinin qərarı ilə bizim digər tarixi ərazimiz olan Zəngəzurun da Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsinə nail oldular. Xalqımıza qarşı törədilmiş bu növbəti cinayət eyni zamanda da Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. Lakin Qərbi azərbaycanlıların faciələri bununla da bitmədi. Artıq 1948-1953-cü illərdə xalqımız yenə öz tarixi torpaqlarından deportasiya olundu. Bu da sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş daha bir cinayət idi. 1980-ci illərin sonlarında sovet hökumətinin dəstəyi ilə erməni millətçiləri xalqımıza növbəti faciəni yaşatdılar. Qarabağın və Şərqi Zəngəzurun işğalı isə ən böyük faciəmiz oldu.

Prezident İlham Əliyevin nitqində bir gün Qərbi azərbaycanlıların da öz dədə-baba torpaqlarına qayıdacaqlarına dair ifadə etdiyi əminlik bütün xalqımızın da ürəyində artıq bu məsələnin də haqq-ədalətlə həll olunacağına inam yaratdı. Çünki möhtərəm dövlət başçımız nəyi, nə zaman və necə etməyi də hamıdan yaxşı bilir. Azərbaycan xalqı da çox yaxşı bilir ki, Prezidentimizin hər bir kəlməsi ən mötəbər saziş və müqavilələrdən daha etibarlıdır. Artıq heç kəsdə şübhə yoxdur ki, yaxın gələcəkdə Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri də tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Lakin buna nail olmaq üçün bu gün gərgin işləmək lazımdır. İlk növbədə, Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar barədə məlumat mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Dövlət başçımızın dediyi kimi, bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Əlbəttə ki, bu məqsədlə Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi çox önəmlidir. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Azərbaycan bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarını tələb etməlidir.

Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış insanlardır. Onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu məqsədlə atılacaq ən vacib addımlardan biri də əlbəttə ki, birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması olacaq. Qeyd etmək lazımdır ki, məhz bu ideya Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasında müstəsna əhəmiyyət kəsb edən bir amil kimi çıxış edəcək. Hər zaman olduğu kimi, Prezident İlham Əliyev bu müdrik qərarı verməklə qarşıya qoyulan məqsədə çatmaq istiqamətində ən düzgün, məqsədyönlü addımı vaxtında atmış oldu. Azərbaycan müdrik Prezidentinin rəhbərliyi ilə bu məqsədinə də nail olacaq və bütün Qərbi azərbaycanlılar mütləq öz tarixi torpaqlarına qayıdacaqlar.                   

Aqiyə NAXÇIVANLI,

 Milli Məclisin deputatı.