AZƏRBAYCANIN GƏLƏCƏYİNİ MÜƏYYƏN EDƏN TARİXİ AN
Siyasət

AZƏRBAYCANIN GƏLƏCƏYİNİ MÜƏYYƏN EDƏN TARİXİ AN

Dünya miqyaslı görkəmli dövlət xadimi və siyasi xadim İlham Əliyevin iyirmi illik prezidentliyi Azərbaycan dövlətinin hərtərəfli çiçəklənməsinə, xalqın rifahı və tərəqqisinə gətirib çıxardı.

15 oktyabr 2003-cü ildən keçən iyirmi il Azərbaycanın davamlı artan sosial-iqtisadi, xarici siyasət, hərbi-siyasi və mədəni tərəqqisinin geniş, və uzunmüddətli xəttini müəyyənləşdirdi.

Prezident İlham Əliyev ilk andiçmə mərasimindəki nitqində Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsinin əsas şərtinin Heydər Əliyev siyasətinin varisliyi olduğunu Qarabağ probleminin respublikanın ərazi bütövlüyünün bərpası çərçivəsində həllinin ağırlığını və zəruriliyini qeyd etdi. Lakin heç kəsdə şübhə yarana bilməzdi ki, bu problemin o zaman həlli, dövlətin dərin düşünülmüş, maksimum balanslaşdırılmış, konstruktiv və hər cəhətdən səmərəli xarici siyasətinə əsaslanır. Üstəlik, Qarabağ separatçıları Ermənistanın himayəsi altında problemin ifrat dərəcədə beynəlmiləlləşməsinə və beynəlxalq xarakter almasına nail oldular.

Cənab İlham Əliyevin Azərbaycanın uğurlu xarici siyasət strategiyasının həyata keçirilməsini təmin edən fəaliyyəti özünü çox gözlətmədi. Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sisteminə, xüsusilə də transmilli enerji layihələrinə daxil olması, ölkənin enerji təhlükəsizliyinin, onun beynəlxalq statusunun möhkəmlənməsinə, milli gəlirin artmasına, o cümlədən respublikanın Silahlı Qüvvələrinin möhkəmlənməsinə, texnoloji və maddi cəhətdən modernləşməsinə, ordunun şəxsi heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə real zəmin yaratdı.

Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, Türkiyə və Azərbaycanı, Mərkəzi Asiya və Çini birləşdirən Bakı-Tbilisi-Qars-Axalkalaki dəmiryolunun və digər böyük nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi sayəsində Azərbaycan qlobal beynəlxalq maliyyə-sənaye strukturlarına inteqrasiya dinamikasını kəskin şəkildə artırmışdır.

Avropa və Cənub-Şərqi Asiya arasında yüksək sürətli və sərfəli ticarət əlaqələrinin təmin edilməsinə yönəlmiş digər mühüm layihənin - Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsinin işə düşməsi, respublika Prezidentinin nəqliyyat və enerji siyasətinin məntiqi, parlaq davamı oldu.

Bu kontekstdə İlham Əliyevin qeyd olunan geostrateji əhəmiyyətli sahədə inanılmaz səylərinin epoxal mərhələlərini xatırlamaq məqsədəuyğundur:

- 2004-cü il fevralın 3-də Bakıda Gülüstan sarayında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsinə dair sənədlərin imzalanması mərasimi keçirildi. Həmin il oktyabrın 16-da İlham Əliyev Azərbaycan-Gürcüstan sərhədində Bakı-Tbilisi-Ceyhan magistral neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsində iştirak etdi.

 2006-cı il iyulun 13-də İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi. 2017-ci il sentyabrın 17-də İlham Əliyevin himayəsi ilə 2050-ci ilə qədər Xəzərin Azərbaycan sektorunda üç neft yatağının - "Azəri", "Çıraq" və "Günəşli"nin birgə işlənməsini nəzərdə tutan "Yeni Əsrin müqaviləsi" imzalandı. Eyni zamanda, bu sənədin fabulası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) payının 11%-dən 25%-ədək yüksəldilməsini təsbit edirdi. Beləliklə, dövlətin maliyyə, sənaye və texnoloji əsasları maksimum dərəcədə təkmilləşdi.

İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi onu MDB-nin geosiyasi məkanında 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş ilk ölkəyə çevirdi. Bundan başqa, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri kimi dünyada BMT-dən sonra ikinci ən böyük təşkilatın fəaliyyətinə öz məhsuldar töhfəsini verir. Lakin respublikanın beynəlxalq təşkilatlar sistemindəki fəaliyyəti bununla məhdudlaşdırılmır, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı da daxil olmaqla bir çox təşkilatlar çərçivəsində də uğurlu fəaliyyət həyata keçirir.

Dövlətin xarici siyasətinin İlham Əliyevin diplomatik məharəti ilə ərsəyə gəlmiş tarazlığı, Azərbaycana dünyanın tolerant, sivil və konstruktiv ölkələrindən biri kimi şöhrət qazandırıb. Prezident İlham Əliyevin bu strategiyasının perspektivləri Azərbaycana bütün regional məsələlərdə həlledici söz sahibi olan müstəqil dövlət statusu verdi. İndi regionda strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın mövqeyi nəzərə alınmadan həyata keçirilə bilməz.

Dövlətimizin başçısı Azərbaycanın xarici siyasət konsepsiyasını aydın şəkildə formalaşdıraraq, "bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir" qənaətinə gəlmişdir. Məhz elə bu cür yanaşma sayəsində, Prezident İlham Əliyevin titanik diplomatik səyləri nəticəsində respublikanın diplomatik əlaqələrinin bu günə olan spektri dünyanın 160 ölkəsini əhatə edir.

Bir tərəfdən, qarşılıqlı faydalı əməkdaşlıq və dövlət təhlükəsizliyinin təmin edilməsini ehtiva edən ikitərəfli müttəfiqlik münasibətlərinin üstünlüyünün əsas qayəsi (Türkiyə ilə müttəfiqlik münasibətləri haqqında 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi, Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri haqqında 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsi və s.) dünyanın digər region ölkələri ilə iqtisadi və siyasi əməkdaşlıq haqqında danışıqlar prosesinin inkişafını kifayət qədər güclü şəkildə stimullaşdırır, digər tərəfdən isə respublikanın xarici siyasət konsepsiyası Amerika qitəsi, Avropa və Asiya ölkələri ilə dövlətlərarası münasibətlərin diversifikasiyasını nəzərdə tutur. Dövlətimizin ABŞ ilə münasibətləri kifayət qədər konstruktiv şəkildə inkişaf edirdi.

Qarşılıqlı münasibətlərin hərtərəfli identikliyi aparıcı Avropa ölkələri ilə də mövcud idi. 2004-cü ilin yanvarında Prezident İlham Əliyevin Prezident Jak Şirakla görüşünün baş tutduğu Fransaya ilk rəsmi səfəri, 2005-ci ildə İtaliyaya rəsmi səfəri, İtaliya dövlətinin rəhbərliyi ilə görüşləri və İtaliya Xarici Ticarət İnstitutunun təşkil etdiyi "Azərbaycanın təqdimatı" biznes forumunda iştirakı, həmçinin İtaliya ilə Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində yeni sazişlərin imzalanması, 24 iyun 2014-cü ildə Fransaya işgüzar səfəri, xüsusilə Strasburqa səfəri və Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brassör ilə görüşü və s. kimi bir sıra faktlar buna nümunə ola bilər.

Azərbaycan Respublikasının Yaxın, Orta Şərq və Cənubi Asiya dövlətləri ilə münasibətlərinin - nəqliyyat-enerji marşrutları, neft və hərbi-texnoloji bazar sahəsində əməkdaşlıqdan tutmuş xarici siyasət və mədəni əlaqələrin intensivləşdirilməsinə qədər inkişaf dairəsi misilsizdir. İlham Əliyevin respublikaya rəhbərliyinin bütün illəri Azərbaycana güclü beynəlxalq dəstəyi, Türkiyə, İsrail, Pakistan və Əfqanıstan kimi müsəlman ölkələrinin, eləcə də Ərəb Şərqi dövlətlərinin, xüsusilə Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası və Küveytin dəstəyini təmin edən son dərəcə dəqiq və uzaqgörən diplomatiyası ilə xarakterizə olunur.

Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasındakı münasibətlər beynəlxalq aləmdə həmrəylik və qarşılıqlı dəstək ilə seçilir. Azərbaycan 2006-cı ildən bu təşkilatın müşahidəçi statusunda ildən-ilə əməkdaşlığını genişləndirir.

Yeri gəlmişkən, 2022-ci il noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəxri qonaq statusunda iştirak etdiyi Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə Toplantısı keçirilmişdir. Dövlət başçımız çıxışında islam dünyası ilə həmrəyliyə əsaslanan bu qurumun fəaliyyətinə daim diqqət yetirdiyini bildirmiş, ərəb ölkələrinin Azərbaycanın problemlərinə qarşılıqlı münasibətini, Azərbaycan xalqının ərazi bütövlüyünün, dövlətçiliyinin bərpası uğrunda mübarizəsinə mənəvi dəstəyini qiymətləndirmişdir. "2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir".

Prezident İlham Əliyevin tükənməz humanizmi və bütün bəşəriyyətin ən mühüm problemlərinin həllində hər şeyə üstün gələn sağ cinahda olma arzusu onun bütün dünya ölkələrini əhatə edən COVID-19 pandemiyasına qarşı qlobal mübarizə sahəsində təşəbbüsünü yaratdı. Prezident İlham Əliyevin bu ümumbəşəri bəlaya qarşı üç istiqamətdə (həyat və sağlamlığın qorunması; sosial müdafiənin təmin edilməsi; iqtisadi fəallığın inkişaf etdirilməsi) strategiyası sayəsində, Azərbaycan bu mübarizədə ən uğurlu ölkələr sırasında yer aldı. Məhz ölkə başçımızın səyləri ilə respublikada pandemiyanın mümkün apokaliptik nəticələrinin qarşısı alındı. Bu kontekstdə Azərbaycanın təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi tərəfindən nümunəvi qiymətləndirildi və pandemiyanın nəticələrinin aradan qaldırılması modeli olaraq digər ölkələrə tövsiyə edildi.

Eyni zamanda, Prezident İlham Əliyevin xarici siyasətinin əsas istiqamətini Qarabağ ərazilərinin işğaldan azad edilməsi, respublikanın Ermənistanın təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünün bərpası üçün xarici arenada münbit şəraitin yaradılması təşkil edirdi.

Dövlətimizin başçısının xarici siyasət kursunun maksimum tarazlığı, qonşu dövlətlərlə münasibətlərdə ardıcıllıq və sabitlik ona hələ AXCP-Müsavat alyansının fəlakətli hakimiyyəti dövründə deformasiyaya uğramış Rusiya ilə münasibətləri yaxşılaşdırmağa, qarşılıqlı faydalı maraqların reallaşdırılması üçün platforma yaratmağa və onları əvvəlcə strateji tərəfdaşlıq, sonra isə 22 fevral 2022-ci ildə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra müttəfiqlik rejimində aparmağa imkan verdi. Üstəlik, Prezidentin bu siyasəti Ermənistanın Rusiyanı manipulyasiya etmək cəhdləri və Rusiya Federasiyası ilə müttəfiqliyinin uyğunsuzluğunu nümayiş etdirməsi fonunda həyata keçirilirdi.

2023-cü il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən çıxışında qeyd etmişdir ki, "Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz və müttəfiqimizdir...".

Türkiyə ilə qardaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi, nəqliyyat-energetika, hərbi-texniki və mədəniyyət sahələri də daxil olmaqla hərtərəfli əməkdaşlığın səviyyəsinin sistemli şəkildə yüksəldilməsi müttəfiqlik qüvvələri sisteminin formalaşmasında təməl daşı oldu. Prezident İlham Əliyevin Türkiyə Respublikasının başçısı Rəcəb Tayyib Ərdoğanla 15 iyun 2021-ci ildə imzaladığı, ikitərəfli Azərbaycan-Türkiyə geniş spektrli əməkdaşlığının bütün sistemini ümumiləşdirən Şuşa Bəyannaməsi, təhlükəsizliyin yüksək dərəcədə təminatının rəmzi olmaqla nəinki Cənubi Qafqaz, bütün Avrasiya üçün də strateji əhəmiyyət kəsb edirdi.

Bununla da Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizənin yekun mərhələsinin xarici siyasət komponenti tamamilə təmin olundu. Və daxili siyasi faktorla birlikdə öz milli lideri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük, mahiyyətcə isə Vətən müharibəsində qazandığı parlaq qələbə onun çoxvektorlu, səmərəli siyasətinin nəticəsi idi.

Qeyd etmək lazımdır ki, Ermənistan tər

əfindən işğal olunmuş ərazilərin azad olunmasından sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunun dağlıq hissəsində erməni ordusunun qalıqlarını separatçı quldur dəstələri ilə tandemdə qorumaq üçün Rusiya sülhməramlı qüvvələrinin mövcudluğundan istifadə etməyə çalışan mürtəce erməni siyasi qüvvələri tərəfindən davamlı təxribat və terror törədilirdi. Laçın dəhlizi ilə silah daşınması, Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında yerləşən Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyataq kəndi yaxınlığındakı qızıl mədənlərində hasil edilən xammalın dələduz və siyasi avantürist Vardanyanın başçılıq etdiyi müəyyən şəxslərə çatdırılması kimi təxribat xarakterli cəhdlər edilirdi. Daşınma İsveçrədə yerləşən və Kəlbəcər, Zəngilan, Ağdərədə həm işğal illərində, həm də sonralar - RSK-nın məsuliyyət zonasında qiymətli metalların talanması ilə məşğul olan "Vallex Group" QSC-nin tərkib hissəsi "Base Metals" şirkəti tərəfindən həyata keçirilirdi. Ermənistanın rəhbərlik etdiyi separatçı qüvvələrin bütün bu təxribat xarakterli anti-Azərbaycan fəaliyyəti, eləcə də Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat haqqında 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinə əməl edilməməsi bəzi Qərb dövlətlərinin müdafiəsi ilə həyata keçirilirdi.

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda vəziyyəti radikal şəkildə təhrif edərək 2022-ci ilin oktyabr ayında bəyan edirdi ki, "Azərbaycan dəhşətli müharibə aparır...". Hələ 2021-ci ilin yanvarında Ermənistanın baş naziri Paşinyanla telefon danışığı zamanı Makron İkinci Qarabağ müharibəsinin nəticəsindən narazılığını ifadə edərək Azərbaycan, Rusiya və Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatını yalnız "atəşkəs razılaşması" kimi qiymətləndirərək tam sülhün bərqərar olması və iki dövlət arasında sərhədlərin delimitasiyası üçün hüquqi əsas kimi şübhə altına almışdı.

MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının adıçəkilən 53-cü iclasında respublikamızın rəhbəri Qarabağ problemi ətrafında vəziyyətin gərginləşməsində Fransanın mənfi rolunu vurğulamışdı. O, görüş iştirakçılarının diqqətini bu ölkə rəhbərliyinin dağıdıcı və təxribatçı roluna yönəltmişdi: "Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq lazım deyil. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm".

Ölkə başçımız, həmçinin Amerika isteblişmenti arasından siyasi hadisələri və müasir tarixi saxtalaşdıranları qınadı: "Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuzillik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı - bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur. Lakin yeri gəlmişkən, onu da deməliyəm ki, elə dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər."

Şübhəsiz ki, yalnız kristallaşmış analitik düşüncəyə, sarsılmaz beynəlxalq nüfuza və əyilməz siyasi iradəyə malik dövlət xadimi dövlət siyasətinin istənilən səviyyəsində siyasi şəxsiyyətin fəaliyyətinə belə dərin qiymət verə bilər.

Və nəhayət, xalqımızın görkəmli lideri, fəaliyyəti qlobal miqyas almış, güclü əqli potensiala, təşkilatçılıq qabiliyyətinə, diplomatik, sərkərdəlik istedadına malik İlham Əliyevin siyasəti nəticəsində Qarabağ iqtisadi rayonunun bütün ərazisi üzərində Azərbaycan Respublikasının suverenliyi qəti və dönməz şəkildə bərqərar olundu. Ədalətin şər və təcavüzkarlıq üzərində mütləq qələbəsini, Azərbaycan Silahlı Qüvvələrinin Vətənin müstəqilliyi və azadlığı uğrunda mübarizədə yenilməzliyini nümayiş etdirən 2023-cü il sentyabrın 19-20-si Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olundu. Ermənistanın işğalçı birləşmələrinin qalıqlarını və separatçı quldur dəstələrini məhv etmək üçün ordumuza cəmi bir sutkadan az vaxt lazım oldu.

Yuxarıda qeyd olunanları bir vaxtlar separatçı serpentarium - Stepanakert, indi isə Xankəndi üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağının təntənəli şəkildə ucaldılması zamanı Prezident İlham Əliyevin söylədiyi sözlərlə yekunlaşdırmaq istəyirəm:

"20 il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın... Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Adəm İSMAYIL,

fəlsəfə elmləri doktoru.