Azərbaycanın dünyaya
İqtisadiyyat

Azərbaycanın dünyaya "yaşıl" töhfəsi

Noyabrın 21-də Bakıda "SPECA regionunun qlobal əhatəyə malik əlaqə mərkəzinə çevrilməsi" mövzusunda "SPECA 2023 İqtisadi Forumu" (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) öz işinə başlayıb.

Forumun gündəliyində duran əsas məsələlərdən biri isə "yaşıl enerji" layihəsi olub. "Davamlı və neytral karbonlu enerji sistemləri üçün SPECA bölgəsində "yaşıl enerji" bağlantısı" mövzusunda keçirilən sessiyada energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın evsahibliyi etdiyi mötəbər tədbir çərçivəsində enerji keçidi üzrə aparılan müzakirələrin məhsuldar olacağına ümid etdiyini, bəşəriyyətin gələcəyi və dayanıqlı inkişaf üçün bu keçidin sürətlənməsinin zəruriliyini vurğulayıb.

Ənənəvi enerji resurslarının qiymətinin yüksəldiyi bir vaxtda "yaşıl enerji"yə maraq daha da artıb. Ölkəmizdə külək, günəş və digər enerji mənbələrinin potensialının təhlili ilə bağlı işlər sürətlə aparılır. Artıq bu bir faktdır ki, "yaşıl enerji" "qara enerji" ilə rəqabət aparır. Bu sahənin inkişafına təkan vermək üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə növbəti onillikdə təmiz ətraf mühit və yaşıl artım ölkəsi beş milli prioritetlərdən biri kimi müəyyən edilib. Növbəti onillik Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə sahəsinin inkişafını vəd edir.

2030-cu ilədək Azərbaycanda istehsal olunan "yaşıl enerji"nin həcminin təxminən 30 faiz artırılması planlaşdırılır. İlkin olaraq isə 2027-ci ilin sonunadək "yaşıl enerji"nin 1870 meqavat həcmində ölkənin enerji sisteminə inteqrasiyası nəzərdə tutulur. Azərbaycanda 2030-cu ilədək yeddi qiqavat həcmində bərpaolunan enerji üzrə layihələr reallaşdırılacaq. Əldə olunan enerjinin iki qiqavatı daxili istehlak, dörd qiqavatı isə Xəzər dənizindən Avropa İttifaqına və bir qiqavat həcmində enerjinin isə Türkiyə vasitəsilə Avropaya ötürülməsi nəzərdə tutulub. Bu barədə "SPECA-2023" iqtisadi forumunda məlumat verilib. Azərbaycanda bərpaolunan enerji texniki potensialı quruda 135, Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində isə 157 qiqavat həcmində qiymətləndirilir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də yeni layihələr həyata keçiriləcək. Onların arasında günəş elektrik stansiyaları, ağıllı avtomobil parkları olacaq. Gələn il Qarabağda artıq "Şəfəq" günəş elektrik stansiyasının təməlinin qoyulması planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərlə bağlı Yaponiyanın "TEPSCO" şirkəti ilə əməkdaşlıq həyata keçirilmiş və "Yaşıl enerji zonası" konsepsiyası sənədi hazırlanmışdır. İlkin araşdırmalara əsasən işğaldan azad olunmuş Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün texniki potensial təqribən 7200 meqavatdan artıqdır. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 meqavat həcmində texniki potensialın olması müəyyən edilmişdir.

Onu da qeyd edək ki, noyabrın 21-də ölkəmiz daha bir "yaşıl enerji"yə həsr olunmuş tədbirdə iştirak edib. Macarıstanın paytaxtı Budapeşt şəhərində "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə nazirlərin 5-ci iclası keçirilib. Tədbirdə ölkəmizi energetika naziri Pərviz Şahbazov təmsil edib. Müzakirələr zamanı bunun ölkələr üzrə perspektivləri, Bolqarıstanın layihəyə qoşulması, Avropa İttifaqı tərəfindən layihənin maliyyələşdirilməsi imkanları, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi üzrə "CESI" məsləhətçi şirkətinin fəaliyyəti kimi məsələlər nəzərdən keçirilib.

Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında cari ilin noyabrında Bakıda keçirilmiş görüş və Mərkəzi Asiya ölkələrinin "Yaşıl Enerji Dəhlizi" vasitəsilə Avropa ilə "yaşıl enerji" mübadiləsi aparmaq niyyəti müsbət qarşılanıb.

İclasın yekunlarına dair protokol imzalanıb və növbəti iclasın gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin iclas çərçivəsində "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb və bu istiqamətdə "yaşıl enerji platforması"nın yaradılması razılaşdırılıb.

Azərbaycan gələcəkdə əldə etdiyi yaşıl enerjini Avropaya ixrac edəcək. Mərkəzi Asiya ölkələrinin istehsal edəcəyi elektrik enerjisi ilə inteqrasiya da qarşıya qoyulan əsas məqsədlərdəndir. Çin və Cənub Şərqi Asiyanın təşəbbüslərini Avropa ölkələri ilə birləşdirəcək nəqliyyat, logistika dəhlizinin, yəni Orta Dəhlizin inkişafında da çox böyük potensial var. Bu baxımdan, əlbəttə ki, regional əməkdaşlıq faydalı hesab edilir.

Tacir SADIQOV,

"Respublika".