Azərbaycanın 2023-cü il üçün beynəlxalq müstəvidə retrospektivi
Siyasət

Azərbaycanın 2023-cü il üçün beynəlxalq müstəvidə retrospektivi

2023-cü il Azərbaycan üçün beynəlxalq müstəvidə kifayət qədər uğurlu olub. Ölkə ərazisində keçirilən beynəlxalq tədbirlər, forumlar, konqreslər, həmçinin ali tribunalarda qazanılan zəfərlər, beynəlxalq arenada diplomatik qələbəmiz bu ili daha da əlamətdar edib. 2023-cü ilin beynəlxalq uğurlarına nəzər salsaq Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin şahidi olarıq.

İlk olaraq, yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər. STEAM – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Ölkəmizdə bu tipli təhsil səviyyəsini yüksəldəcək layihələrin reallaşdırılması təqdirəlayiqdir.

İlin beynəlxalq səviyyəli retrospektivi isə olduqca zəngindir. Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutub. Martın 9-da “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. İyulun 21-də Şuşada Qlobal Media Forumunun açılış mərasimi olub. Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Noyabrın 15-də Bakıda XVII Beynəlxalq Caz Festivalı, 21-də “Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” mövzusunda beynəlxalq konfrans, 24-də isə Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü baş tutub. Həmçinin müxtəlif vaxtlarda Türk Dövlətləri Təşkilatının kütləvi iclası keçirilib.

Bundan başqa, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarda uğurla təmsil edildi. Münhen Təhlükəsizlik Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər təşkilatlar buna nümunədir. Bu ilin aprel ayında ərazi bütövlüyümüzün, sentyabrda isə suverenliyimizin tam bərpası beynəlxalq aləmin diqqətinə çatdırıldı. Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa İttifaqı (Aİ) və Avropanın digər ali tribunalarında ölkəmiz öz hüquqlarını qorudu və dost ölkələr tərəfindən Azərbaycana qarşı bütün haqsızlıqların qarşısı alındı.

Ölkəmiz bəzi Qərb dövlətlərinin siyasi məsələlərə ikili yanaşmalarını sərt tənqid etdi. Keçmiş Qarabağ münaqişəsi zamanı separatçılara dəstək verən pozucu dövlətlər siyasi arenada tərk-silah edildi. Fransanın neokolonist siyasəti ifşa olundu. Azərbaycan-Ermənistan arasında vasitəçilik göstərməyə çalışan qüvvələrin səyləri işə yaramadı. Yekun sülh yolunda bu il atılan ən önəmli addım iki dövlət arasında Birgə bəyanatın yayılması Azərbaycanın siyasi iradəsi nəticəsində mümkün oldu.

Qısaca, ötən il Azərbaycanın beynəlxalq arenada uğurları davam etdi. Ölkəmiz Cənubi Qafqazda sülhü bərpa etmək, “yaşıl enerji” ixracatını artırmaq, qarşılıqlı əlaqələri müttəfiqlərlə əməkdaşlığı daha da genişləndirmək üçün mühüm addımlar atdı.

Tacir SADIQOV,

“Respublika”.