“Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda dəyirmi masa
Sosial həyat

“Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda dəyirmi masa

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə "Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr edilmiş dəyirmi masa keçirilib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, Ombudsmanın təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ombudsman Aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, psixiatr və ekspertlər iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva dəyirmi masada açılış nitqi ilə çıxış edərək əhalinin sağlamlığının qorunması hüququnun müdafiəsi sahəsində fəaliyyəti barədə ətraflı məlumat verib, bu istiqamətdə problemlərin araşdırılması və həll olunması üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev respublikada psixiatrik xidmətin yaxşılaşdırılması məqsədilə görülən tədbirlərdən danışıb.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov son vaxtlarda psixoloji yardım həyata keçirilən özəl müəssisələrdə çalışan şəxslərin əksəriyyətinin bu sahə üzrə təhsili olmadığını bildirib, bu sahəyə ciddi nəzarətin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, müasir dövrdə uşaqların virtual məkanda daha çox vaxt keçirmələrinin onların psixologiyasına ciddi təsir göstərdiyini qeyd edib. Komitə sədri əhali arasında sağlam həyat tərzinin təbliğinin, eyni zamanda valideyn məsuliyyətinin artırılması ilə bağlı işin aparılmasının vacibliyini diqqətə çatdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı psixi xidmətlərə əlçatanlığın təmininin ölkəmiz üçün ən əhəmiyyətli məsələlərdən biri olduğunu, psixi sağlamlıq mövzusunda maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər tibbi xidmətə əlçatanlığın yüksəldilməsi üzrə işlərin görülməsi, həmçinin ölkədə psixi sağlamlığın təmini sahəsindəki mövcud problemlərin həlli istiqamətində təklif və tövsiyələrini bildiriblər.

"Respublika".