Azərbaycan yaşıl enerjiyə keçidə “yaşıl işıq” yandırır
İqtisadiyyat

Azərbaycan yaşıl enerjiyə keçidə “yaşıl işıq” yandırır

XXI əsrdə bəşəriyyəti narahat edən ən böyük problemlərdən biri ekologiya ilə bağlıdır. Problemlərin aradan qaldırılmasında isə yaşıl enerjiyə keçid mühüm rol oynayır. Bu keçid həm də ekosistemdə dayanıqlılığın təmin olunmasında böyük əhəmiyyət daşıyır. Azərbaycanda yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində iqtisadi siyasət aparılır və infrastrukturun yaradılmasına  sərmayə qoyulur. Ölkəmiz coğrafi baxımdan əlverişli yaşıl enerji potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır. Məhz bu sahədə aparılan siyasətin nəticəsi olaraq Azərbaycan BMT-nin İqlim Dəyişmələri  üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibi seçilib. Ölkəmiz həm də Dünya Bankı tərəfindən ən çox alternativ enerji mənbələrinə məxsus olan ölkə kimi müəyyən edilib. Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya 4 kVt yaşıl enerji ixrac edilməsi nəzərdə tutulur. Hədəfə çatmaq üçün intensiv işlər həyata keçirilir və xarici investisiyalar cəlb edilir.

Qeyd edək ki, reallaşdırılan bütün layihələr də xarici investisiyaların vəsaiti hesabına həyata keçirilib. Ötən ilin oktyabr ayında regionun ən böyük günəş elektrik stansiyası istismara verildi. Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən həyata keçirilən layihəyə 262 milyon ABŞ dolları həcmində investisiya cəlb olundu. Eyni zamanda Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti ilə külək enerjisi layihəsi üçün dəyəri təxminən 350 milyon dollarlıq saziş imzalandı. Onun 200 milyona yaxın ABŞ dollarını Avropa Yenidənqurma İnkişaf Bankı maliyyələşdirəcək. 50 milyona yaxın “Apec” fondu, digər maliyyə isə equity (müəssisənin aktivlərindən onun öhdəliklərini çıxdıqdan sonra qalan xalis aktivləri) şəklində həmin layihəyə daxil olacaq. Bu baxımdan Azərbaycanda təxminən 2 qiqavata qədər  “yaşıl enerji” layihələrinin icra edilməsində  xarici investorların vəsaiti nəzərdə tutulur.

Azərbaycanda alternativ enerji mənbələri yalnız günəş və küləklə məhdudlaşmır. Eyni zamanda geotermal enerjidən istifadə sahəsində dəstəkləyici tədbirlərin həyata keçirilməsi üçün ciddi layihəyə start verilir. Enerji mənbələrinin şəbəkəyə qoşulması, onun gücləndirilməsi və inkişafı ilə bağlı Dünya Bankı ilə layihənin reallaşdırılması istiqamətində intensiv danışıqlar aparılır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda  hidrogen istehsalı ilə bağlı pilot layihələrin həyata keçirilməsi və müvafiq strategiyanın hazırlanması üzərində iş aparılır. Uzunmüddətli perspektivdə bu və ya digər yaşıl texnologiyaların hamısının maliyyələşməsinin investisiyalar hesabına həyata keçirilməsi nəzərdə tutulur. Hazırda daha böyük investisiyalar məhz günəş və külək mənbələrindən enerjinin əldə olunmasına yatırılır. Külək və günəş enerjisi bilavasitə bu gün Azərbaycanda həyata keçirilən ciddi investisiya həcmlərini özündə ehtiva edir. İstər Xızıda Külək Elektrik Stansiyası, istərsə də Qaradağ Günəş Elektrik Stansiyası buna əyani misaldır. Buna baxmayaraq, işğaldan azad olunmuş ərazilərimizin də kifayət qədər potensialı vardır.

Yaşıl enerji konsepsiyası Azərbaycanın işğaldan azad olunmuş ərazilərində xüsusi olaraq həyata keçirilir və artıq dövlətimiz tərəfindən bu sektor üzrə dünyanın ən tanınmış transmilli şirkətləri dəvət olunublar. Bu isə öz növbəsində ölkəmizin ümumən yaşıl enerji istehsalına olan münasibəti və onun ənənəvi mənbələrdən istehsal olunan enerji nisbətində payının artırılması məsələsində çox qətiyyətli mövqe göstərdiyini bir daha nümayiş etdirir.

Xatırladaq ki, yaşıl enerjinin istehsalı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçıları tərəfindən imzalanıb. Yaşıl enerji potensialına gəlincə isə təkcə quruda külək və günəş enerjisinin potensialı 27 qiqavat təşkil edir. İşğaldan azad edilmiş ərazilərin potensialı isə 10 qiqavatdır. Xəzər dənizinin Azərbaycan sektoru 150 qiqavat külək enerjisi potensialına malikdir. Ölkənin ümumi quraşdırılmış elektrik enerjisi gücündən bərpaolunan enerjinin payının 2027-ci ilədək 33 faiz artırılması nəzərdə tutulur.

Tacir SADIQOV,

“Respublika”.