Azərbaycan yaşıl enerjinin inkişafı ilə dünyaya öz töhfələrini verir
İQTİSADİYYAT

Azərbaycan yaşıl enerjinin inkişafı ilə dünyaya öz töhfələrini verir

İşğaldan azad olunmuş ərazilərdə yaşıl zonanın yaradılması, dünyanın aparıcı şirkətlərinin ölkəmizdə bu sahəyə olan marağı və investisiya qoyuluşlarına cəlb edilməsi Azərbaycanın son illərdə enerji siyasətində yaşıl enerjiyə olan diqqətinin artdığını göstərir. İqtisadçı ekspert Xalid Kərimli bildirir ki, Azərbaycan 2020-2030-cu illərdə müəyyənləşdirdiyi prioritetlər içərisində elektrik enerjisi sahəsində də müəyyən addımlar atdı. Qarşıya qoyulmuş məqsədlərdən biri 2030-cu ilə qədər ölkədə yaşıl enerji istehsalının ən azı 30 faizə çatdırılmasıdır. Bu hazırda 4-5 faiz təşkil edir. 2022-ci ildən etibarən Azərbaycan yaşıl enerji istehsalı sahəsində ciddi addımlar atmağa başladı və müqavilələr imzaladı.

İlin əvvəlində Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power", daha sonra BƏƏ-nin "Masdar" şirkəti ilə bağlanmış müqavilə müvafiq olaraq 240, 230 meqavatlıq külək və günəş enerjisinin istehsalını nəzərdə tutur. İlin ortalarında biz nəyi müşahidə etdik? Böyük Britaniyanın BP şirkəti ilə SOCAR Cəbrayılda günəş enerjisi əsasında 200 meqavatdan artıq elektrik enerjisinin istehsalını nəzərdə tutur. 2022-ci ilin dekabr ayında Buxarestdə keçirilmiş görüşdə Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya rəhbərlərinin və Avropa Komissiya rəhbərinin iştirakı ilə strateji tərəfdaşlıq haqqında Saziş imzalandı. Bu müqavilə ilə Azərbaycan artıq Avropaya bərpaolunan mənbələr əsasında elektrik enerjisinin ixracını müəyyənləşdirdi. Gürcüstan üzərindən keçməklə Qara dənizin dibi ilə 4 qiqavatlıq elektrik enerjisinin ixracı müqaviləsinin imzalanması ilə Azərbaycan istehsal edəcəyi enerjinin satış bazarını müəyyənləşdirdi. Təbii ki, bu, ilk addımdır və başlanğıc mərhələdə 3 ölkə nəzərdə tutulsa da, gələcəkdə satış coğrafiyası genişlənə bilər. Necə ki, Cənub Qaz Dəhlizində biz bunu müşahidə etdik.

2023-cü ilin yanvar ayında ölkə rəhbəri BƏƏ-yə səfər etdi və orada "Masdar" şirkəti ilə 4 qiqavatlıq elektrik enerjisinin istehsalı ilə bağlı müqavilə imzalandı: 3 qiqavatlıq külək, 1 qiqavatlıq günəş panellərinin istehsalı. İstehsal olunan yaşıl enerjinin 80 faizi ixrac, yerdə qalan pay istehlak üçün nəzərdə tutulub. Yaxın 5 il ərzində 6 qiqavatlıq bərpaolunan enerji mənbələri əsasında enerji istehsal edilməsi qeyri-neft sektorunun genişləndirilməsi üçün olduqca vacibdir. Artıq Azərbaycan Gürcüstana elektrik enerjisinin ixracını 3 milyard kubmetrə çatdırıb və bu sahədən gələn valyuta 100 milyon dolların üzərindədir. Xatırladaq ki, 2015-2016-cı ildən Gürcüstana elektrik enerjisi ixrac edirik. 2021-ci ildə 1,6 milyard kubmetr enerji ixrac edilirdisə, 2022-ci ildə bu rəqəm 3 milyard kubmetr olmuşdur.

Musa BAĞIRLI,

"Respublika".