Azərbaycan XİN Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin qərəzli fikirlərini şərh edib
Siyasət

Azərbaycan XİN Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin qərəzli fikirlərini şərh edib

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin İnsan Hüquqları üzrə 25-ci Avropa İttifaqı-QHT Forumunda çıxışında Azərbaycanın hərbi müdaxiləsi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin aqibətinin müəyyən edildiyi, güc tətbiqi nəticəsində 150 min insanın öz evlərini tərk etməsi, həmçinin münaqişələrin güc yolu ilə həllinin qadağan olunduğu ilə bağlı fikirlərini şərh edib.

AZƏRTAC xəbər verir ki, mətbuat katibi bununla bağlı deyib: "Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə təhrif olunduğu fikirləri qəbuledilməzdir.

Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir.

Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu nəzərə alaraq, Cozep Borrelin separatçı meyilləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur.

Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqları müdafiə olunmamış yüz minlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir.

Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Cozep Borrelin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır.

Cozep Borrelin bu kimi yanlış bəyanatları, eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirir.

Aİ nümayəndəsinə, həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq edilməsi bölgədə münaqişənin 30 il davam etməsinin səbəbi olub. Məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünü müdafiə hüququndan istifadə edərək, legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib.

Bir daha Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq".