Azərbaycan Xəzər dənizində birgə monitorinqlərin keçirilməsini təklif edib
Ekologiya

Azərbaycan Xəzər dənizində birgə monitorinqlərin keçirilməsini təklif edib

“Azərbaycan Xəzər dənizinin çirklənməsini minimuma endirmək üçün tədbirlər görür. Prezident İlham Əliyev Xəzərin ekoloji vəziyyətini daim nəzarətdə saxlayır”.

"Respublika" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin Bakıda keçirilən “Xəzər dənizinin akvatoriyasında ekoloji hüquqpozmalar: Dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin təbii sərvətlərindən səmərəli istifadə Xəzəryanı ölkələr üçün mühüm vəzifədir: “Xəzər dənizi ilə bağlı problem beş ölkəni birləşdirir. Bu ölkələr çirklənmənin qarşısını almaq və Xəzərin ehtiyatlarından zərərsiz istifadə etmək üçün ümumi məsuliyyət daşıyır”.

Nazir müavini vurğulayıb ki, Xəzər dənizi ilə bağlı təşəbbüslər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyinə daxil ediləcək.

Umayra Tağıyeva Xəzər dənizində birgə monitorinqlərin keçirilməsini, Xəzəryanı ölkələrin ekoloqlarının bir araya gələrək müzakirələr aparmasını da təklif edib.