Azərbaycan xalqı örnək seçki mədəniyyəti sərgilədi
Siyasət

Azərbaycan xalqı örnək seçki mədəniyyəti sərgilədi

Milli iradə, obyektivlik, inam və etimad qələbə qazandı

İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsi istisnasız olaraq onun ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, dövlətimizin güclənməsi, inkişafı və beynəlxalq aləmdəki yerinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Müstəqillik tariximizdə ilk dəfə ölkənin bütün ərazilərində keçirilən seçkilərin region dövlətlərinin, daha geniş miqyasda isə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olması isə, şübhəsiz ki, dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycanın regional və qlobal proseslərdə oynadığı rol, həyata keçirdiyi mühüm missiya ilə birbaşa bağlıdır. Bu baxımdan, qlobal təhlükəsizlik mexanizmlərinin sıradan çıxarıldığı, yenilərinin formalaşdırıldığı bir zaman kəsiyində İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsi həm də Mərkəzi və Qərbi Asiyada, Şərqi Avropada, bütövlükdə isə Avrasiyada sülhə və təhlükəsizliyə təminat verə biləcək yeni geosiyasi konfiqurasiyaların meydana gəlməsi prosesini stimullaşdıracaq siyasi cəhdlərin davam etdirilməsi kontekstində mühüm əhəmiyyətə malikdir. Bu o deməkdir ki, Azərbaycanın Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi, müasir geosiyasi kataklizmlər müstəvisindən dəyərləndirildikdə qlobal təhlükəsizlik və sülh üçün tarixi önəm daşıyan, beynəlxalq hüquq normalarına, ədalət və humanizm prinsiplərinə söykənən siyasət davam etdiriləcək. Bu xüsusda, Azərbaycanın Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının institutlaşması, ölkəmizin mədəniyyətlərarası dialoqun genişləndirilməsi sahəsində atdığı addımları da qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin ölkənin və regionun sərhədlərində cərəyan edən proseslərdə gerçəkləşdirdiyi konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən missiyanın əhəmiyyəti bu gün daha ədalətli bir dünya düzəninin formalaşmasında maraqlı olan dövlətlərin rəhbərləri və siyasətçiləri, dünyanın aparıcı beyin mərkəzlərinin nüfuzlu ekspertləri tərəfindən də etiraf olunur. Növbədənkənar prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin, o cümlədən italiyalı parlamentarilərin bu xüsusda səsləndirdiyi fikirlər ölkəmizdəki gerçəklikləri və Azərbaycanla bağlı həqiqətləri sübuta yetirir. Dövlətimizə qarşı ənənəvi olaraq qərəzli mövqe sərgiləyənlər isə sadəcə bu reallıqları görməkdə, dilə gətirməkdə maraqlı deyillər. Bu qəbildən olan yanaşmaların Azərbaycan vətəndaşları üçün heç bir əhəmiyyət kəsb etmədiyini seçkilərdə müşahidə olunan seçici fəallığı bir daha təsdiqlədi. Azərbaycan xalqı yenidən doğru seçim etməklə təkcə ölkəmizin təhlükəsizliyinə və rifahına deyil, bütövlükdə bölgənin gələcəyinə səs verdi və reallıqları siyasi təcrübəsi ilə öyünən daxili və xarici skeptiklərdən daha aydın görə bildiyini nümayiş etdirdi. Seçkinin nəticələri sübuta yetirdi ki, skeptisizm və onun ritorik təzahürləri Azərbaycan seçicisi üçün heç bir əhəmiyyətə malik deyil. Azərbaycanda keçirilən seçkilərdə milli iradə, obyektivlik, hər şeyin daha yaxşı olacağına inam, etimad qələbə qazandı. Azərbaycan xalqı bu seçkilərlə həm də öz konstitusion hüquq və öhdəliklərinə nə qədər böyük önəm verdiyini, ölkənin və bölgənin gələcəyini düşündüyünü nümayiş etdirdi və örnək seçki mədəniyyəti sərgilədi.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.