Azərbaycan və Macarıstan əlaqələri inkişaf edir
Siyasət

Azərbaycan və Macarıstan əlaqələri inkişaf edir

Azərbaycan və Macarıstan arasındakı əlaqələr gündən-günə inkişaf edir. Bu əlaqələr həm iqtisadi, həm mədəni, həm də strateji cəhətdən özünü göstərir. Belə ki, ölkəmiz Macarıstanın Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda, Macarıstan isə Avropada Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edir. İki ölkə arasındakı münasibətlərin kökü tarixi baxımından çox qədimdir.

Azərbaycan və Macarıstan arasındakı əlaqələr dövlətimiz müstəqilliyini bərpa etdikdən bir il sonra formalaşmağa başlamışdır. Daha sonra bu əlaqələr genişləndirilərək 2004-cü ildə Azərbaycanın Macarıstandakı, 2009-cu ildə Macarıstanın Azərbaycandakı səfirliyinin yaradılması ilə mühüm inkişaf mərhələsinə qədəm qoymuşdur. Tarixə nəzər yetirsək, Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında hələ o dövrdə ticarət qurulmuşdur. Macarıstan əhalisinin böyük bir hissəsinin məhz türk olması mədəni əlaqələrin inkişafına da öz töhfəsini vermişdir.

Bütün bunlar iki xalqın qədim tarixi ənənlərə söykəndiyini bir daha təsdiqləyir. Ümummilli lider Heydər Əliyev 1994-cü il 4-5 dekabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in Zirvə toplantısında iştirak etmiş, Ermənistanın mənfur niyyətini dünya ictimaiyyətinə çatdırmışdır. Həm Azərbaycanın, həm də Macarıstan prezidentlərinin ölkələrə olan rəsmi, işgüzar səfərləri dövlətlər arasındakı əlaqələrin daha da genişləndirilməsinə gətirib çıxardı. 2014-cü il noyabrın 11-də Budapeştdə imzalanmış "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamə bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bəyannamə çərçivəsində, həmçinin 200 azərbaycanlı tələbənin Macarıstanda təqaüd qazana biləcəyi birgə tələbə mübadiləsi proqramı haqqında razılığa gəlinib. Macarıstan hökuməti, eyni zamanda Qafqaz ölkəsində Macarıstan təhsil müəssisələrinin yaradılmasının planlaşdırıldığını da açıqlamışdı. Həmçinin Macarıstan keçmiş Qarabağ münaqişəsinin həll yolunun Azərbaycanın öz tarixi torpaqlarının bərpası olduğunu bəyan etmişdir. Daha sonra torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə Macarıstan şirkətləri böyük maraq göstərmiş və bununla bağlı müvafiq layihələr təqdim etmişlər. Tərəfdaş ölkə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə 25.000 avro ianə edib.

Bu il yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibli görüş iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcək. Bundan əlavə, ölkə prezidentləri Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladılar. Bütün bunlar isə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsinə təkan verən mühüm addımlardan oldu. Görüşün məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə yönəldilmişdir.

Macarıstan Respublikası ölkəmizlə enerji sahəsində əməkdaşlığa da mühüm önəm verməklə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləmiş və ona qoşulmaqla bağlı marağını xüsusi qeyd etmişdir. Xatırladaq ki, 2022-ci il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. İmzalanmış sənədə müvafiq olaraq Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırdığını bəyan etmişdir. Bu sənəd, eyni zamanda ölkəmiz ilə Avropa İttifaqı arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini də nəzərdə tutur.

Qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin beynəlxalq ölkələrlə münasibətlərin genişləndirilməsi, qarşılıqlı tərəfdaşlığın inkişafı və strateji əməkdaşlığın təşkili yolunda atdığı uğurlu addımlar dövlətimizi günü-gündən daha irəliyə aparacaqdır.

Nəzrin ELDARQIZI,

"Respublika".