Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsində hakim partiyalar arasındakı səmərəli əlaqələrin mühüm rolu
Siyasət

Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsində hakim partiyalar arasındakı səmərəli əlaqələrin mühüm rolu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə ölkəmizə səfərə gəlib.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, səfər çərçivəsində dekabrın 4-də YAP-ın nümayəndələri və AK Parti nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra YAP-ın nümayəndələri və AK Parti nümayəndə heyəti tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Daha sonra Bakıdakı "Türk şəhidliyi" abidəsi ziyarət edilib. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.                                   

***

Dekabrın 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsində hakim partiyalar arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını vurğulayaraq YAP-AK Parti işbirliyinin önəminə diqqəti cəlb edib. Bu ilin oktyabr ayında YAP nümayəndə heyətinin qardaş Türkiyəyə səfərini məmnunluqla xatırlayan Tahir Budaqov səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb. O, 2021-ci il iyunun 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin icra olunmasının, o cümlədən qarşılıqlı səfərlərin reallaşdırılmasının, fikir və təcrübə mübadiləsinin aparılmasının həm YAP-AK Parti, həm də bütövlükdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mühüm töhfə olduğunu diqqətə çatdırıb.

İki partiyanın gəncləri arasında əlaqələrin gücləndirilməsinin önəminə diqqəti cəlb edən YAP Mərkəzi Aparatının rəhbəri AK Parti nümayəndə heyətinin ölkəmizə səfərinin məhsuldar və faydalı olacağına əminliyini ifadə edib.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və bütün dünyaya nümunə olduğunu vurğulayıb.

Hakim partiyalar arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi diqqət mərkəzində olduğunu söyləyən Z.Sırakaya AK Partinin YAP ilə işbirliyinə böyük önəm verdiyini qeyd edib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

***

Dekabrın 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayanın birgə mətbuat konfransı keçirilib. Bu barədə YAP Mərkəzi Aparatından məlumat verilib.

AK Parti nümayəndə heyətini və media nümayəndələrini salamlayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Türkiyə münasibətlərinin bənzərsiz dostluq-qardaşlıq və unikal əməkdaşlıq nümunəsi olduğunu vurğulayıb. "Ölkələrimizi bir-birinə bağlayan amillər təkcə strateji müttəfiqlik münasibətləri, dövlət maraqları - dövlətçilik mənafeləri deyil, eyni zamanda, ortaq milli-mənəvi dəyərlər və köklü tarixi ənənələr üzərində təşəkkül tapmış sarsılmaz qardaşlıq əlaqələridir", - deyən Tahir Budaqov iki ölkənin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu, milli maraqlarımızın uğurla təmin edildiyini vurğulayıb.

Dövlətlərarası əlaqələrdə son 20 il ərzində böyük inkişaf yolunun qət olunduğunu deyən YAP Sədrinin müavini bildirib ki, 44 günlük Vətən müharibəsi qardaşlığımızın sarsılmazlığını bir daha sübuta yetirdi. 2021-ci il iyun ayının 15-də Azərbaycan ilə Türkiyə arasında Strateji Müttəfiqliyə dair Şuşa Bəyannaməsinin imzalanmasının dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini şərtləndirdiyini deyən Tahir Budaqov bildirib: "Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycan haqq işini qələbə ilə yekunlaşdırdı - əzəli və əbədi torpağımız olan Qarabağda lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə ölkəmizin suverenliyi, konstitusiya quruluşu tam bərpa edildi. 44 günlük Vətən müharibəsində Azərbaycana böyük mənəvi-siyasi dəstək göstərən qardaş Türkiyənin yeni reallıqlar fonunda da ölkəmizin haqlı mövqeyini müdafiə etməsi qardaşlıq örnəyi kimi yüksək qiymətə layiqdir".

Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında da yeni imkanlar və parlaq perspektivlər yaratdığını bildirən YAP Sədrinin müavini mövcud gerçəkliklər fonunda Türk dövlətlərinin ortaq hədəflərə yönəlik birgə təşəbbüslərinin böyük önəm daşıdığını diqqətə çatdırıb.

İki ölkənin hakim partiyaları - YAP ilə AK Parti arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyən Tahir Budaqov "Azərbaycan-Türkiyə birliyinin güclənməsi və işbirliyinin dərinləşməsində partiyalarımız arasında əməkdaşlığın mühüm rolu var" deyib. İqtidar partiyaları arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini söyləyən YAP Sədrinin müavini bildirib: "2021-ci il iyunun 2-də YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən məqsədyönlü fəaliyyətimizi uğurla davam etdiririk. Eyni zamanda, Türk dünyasında hakim siyasi partiyalar arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələrini də diqqət mərkəzində saxlayırıq. Bu il noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Şimali Kipr Türk Cümhuriyyətinin hakim Ulusal Birlik Partiyası arasında Anlaşma Memorandumunun imzalanmasını bu baxımdan xüsusi qeyd etmək lazımdır. Bu fakt YAP ilə AK Parti arasındakı sıx təmasların təkcə ikitərəfli münasibətlərin inkişafını əhatə etmədiyini, həm də çoxşaxəli əməkdaşlığa hədəfləndiyini təsdiqləyir".

AK Parti nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləyən Tahir Budaqov "Hakim siyasi partiyalar kimi qarşılıqlı fəaliyyətimizi uğurla davam etdirəcək və əlaqələrimizi daha da gücləndirəcəyik. Biz birlikdə güclüyük və bundan sonra da möhtəşəm uğurlara imza atmaq əzmindəyik" deyib.

AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək deyib. "İstər Azərbaycan Prezidenti cənab İlham Əliyev, istərsə də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan hər zaman iki qardaş ölkə arasındakı münasibətlərin bənzərinin olmadığını, Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu qürurla ifadə edirlər. Təqdirəlayiq haldır ki, ölkələrimiz bu gün dünyada davamlı inkişafı və yüksək nüfuzu ilə fərqlənir, beynəlxalq münasibətlər sistemində layiqli yer tutur və öz mövqelərini möhkəmləndirirlər. Dövlət başçılarının iradələri əsasında Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz xarakter alıb və ikitərəfli münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə yüksəlib. Türkiyədə bu ilin əvvəlində baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın qardaş dəstəyinin unudulmaz olduğunu xüsusi qeyd etmək istəyirəm".

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini tarixi hadisə kimi dəyərləndirən Zafer Sırakaya bildirib: "Azərbaycanın Qələbəsindən sonra regionda yeni reallıqlar yaranıb. Təbii ki, bu tarixi mərhələ ölkələrimiz və partiyalarımız üçün də yeni vəzifələr müəyyənləşdirib. Hakim partiyalar kimi YAP ilə AK Parti həm ikitərəfli münasibətlərin inkişafı, həm də yeni gerçəkliklərdan irəli gələn hədəflərin reallaşdırılması üçün ardıcıl fəaliyyət göstərirlər. Artıq qeyd olunduğu kimi, biz 2021-ci ildə Əməkdaşlıq Protokolu imzalamaqla partiyalar arasında qarşılıqlı faydalı işbirliyinin möhkəm siyasi-hüquqi əsaslarını yaratmışıq və səmərəli fəaliyyətimizi davam etdiririk".

Rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin partiyalar arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından faydalı olacağına inamını ifadə edən Z.Sırakaya "Yeni çağırışlar bizi daha güclü olmağa vadar edir. Qardaş ölkələrin hakim siyasi partiyaları kimi qarşıda duran bütün hədəfləri gerçəkləşdirəcəyimizə şübhə yoxdur. Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik" deyib.

Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

Xaqani KOSAYEV,

“Respublika”.