Azərbaycan-Türkiyə əməkdaşlığı regiona əmin-amanlıq və rifah gətirir
Siyasət

Azərbaycan-Türkiyə əməkdaşlığı regiona əmin-amanlıq və rifah gətirir

Azərbaycan bayrağı suveren ərazilərimizdə dalğalanmaqdadır. Ölkəmizin erməni işğalına son qoyması Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratmaqla yanaşı, bölgənin gələcək təhlükəsizliyi, sabitliyi, inkişafı və əməkdaşlığı baxımdan mühüm tarixi hadisə oldu. Azərbaycanın yaratdığı yeni reallıq nəticəsində bölgənin dayanıqlı inkişafı və sıx inteqrasiya olunmuş əməkdaşlığı istiqamətində yeni imkanlar yarandı və hazırda bu istiqamətdə genişmiqyaslı işlər görülməkdədir. Bu çərçivədə türk dünyası ilə inteqrasiya olduqca önəmlidir. Başlıca olaraq qardaş Türkiyə ilə bütün sahələrdəki etibarlı əməkdaşlıq regionun inkişaf strukturunu müəyyənləşdirir.

Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində səmərəli regional layihələrə ölkə başçımızla birgə start verməsi olduqca əlamətdar idi. Həmçinin, ölkə başçımız ilə təkbətək görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə olunub. Bundan başqa, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında da fikir mübadiləsi aparılıb. Bununla yanaşı, ölkə başçılarının Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalanması, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak etmələri regiona yeni nəfəs verəcək.

Yeni əməkdaşlıq tədbirləri Azərbaycan-Türkiyə münasibətlərinin hərtərəfli inkişafını təmin etməklə, ilk növbədə ölkələr arasında ticarəti stimullaşdıracaq. Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşı olmaqla, ölkəmizin xarici ticarət dövriyyəsində və ixracında 2015-ci ildən, idxal əməliyyatlarında isə 2013-cü ildən etibarən 2-ci yerdədir. 2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4.5 milyard dollar olmaqla 14% paya malik olub. Yüksələn trayektoriya üzrə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Belə ki, 2020-ci ildə iki ölkə arasında ticarət həcmi 4.16 milyard dollar təşkil edib. Bununla yanaşı, Azərbaycan və Türkiyənin iqtisadi potensialının tam olaraq dəyərləndirilməsi və 2023-cü il üçün 15 milyard dollar olaraq hədəflənən ticarət həcminə nail olmaq üçün davamlı kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi 1 mart 2021-ci ildən qüvvəyə minən Preferensial Ticarət Sazişi qeyd edilə bilər. Bu saziş 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək.

Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. İki qardaş ölkə arasında əlaqələr bütün sahələr üzrə davamlı olaraq inkişaf etməkdədir. Qonşu dövlətlər arasında münasibətlərin inkişaf səviyyəsi regionun siyasi sabitliyinə, hərbi təhlükəsizliyinə təsir göstərən başlıca amillərdəndir. Bu baxımdan, dostluq, qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərpasına mühüm töhfədir. Əksər ekspertlərin vurğuladığı kimi, Azərbaycanla Türkiyənin münasibətləri bütün dünyaya nümunə ola bilər. Bu əlaqələr iki ölkə xalqlarının mənafeyinin müdafiəsinə, rifahının yüksəlməsinə xidmət etməklə yanaşı, regionun stabil və təhlükəsiz gələcəyinə də töhfədir. Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan Azərbaycan-Türkiyə əlaqələri ilbəil daha da inkişaf edir. Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi müstəvidə uğurla inkişaf edir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.

Rəsmi səfərdən sonra Türkiyəyə qayıdan Rəcəb Tayyib Ərdoğan yerli mediaya ikitərəfli və regional məsələlərin müzakirə edildiyini bildirərək yüksək məmnunluq duyduğunu bir daha ifadə edib: "Biz Qarabağdakı son vəziyyəti xüsusilə vurğuladıq və Azərbaycanın haqq işinə güclü dəstəyimizi bir daha bəyan etdik. Antiterror əməliyyatında qazanılan tarixi uğura görə əziz Azərbaycanımızı bir daha təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfalar diləyirəm. Azərbaycan ordusu terrorçulara qarşı barışmaz, dinc əhaliyə qarşı isə son dərəcə mərhəmətlidir. 30 il əvvəl Qarabağın işğalı zamanı baş verənlərlə işğal altındakı torpaqlar azad ediləndən sonra baş verənlər arasında böyük fərq artıq yaddaşlara həkk olunub. Mülki əhalinin ehtiyac duyduğu hər şey, sözün əsl mənasında yük maşınları ilə ərzaq məhsulları bölgəyə çatdırılır. Mən də azərbaycanlı qardaşlarımızı əməliyyatdan sonra mülki şəxslərə qarşı göstərdikləri humanist və vicdanlı münasibətə görə təbrik edirəm".

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edən Ərdoğan keçən həftə BMT Baş Assambleyasındakı çıxışı zamanı ölkəmizə dəstək olduğunu qeyd edib. Bununla yanaşı, regional gözləntilərini sentyabrın 11-də telefon danışığı zamanı Ermənistanın baş naziri Nikol Paşinyana da bildirdiyini mediaya açıqlayıb. Hər kəs yaxşı bilir ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, qardaş ölkə də bunu müsbət qarşılayar. Sülh prosesində irəliləyişin əldə olunmasına, regional normallaşmaya böyük təkan vermək indi Türkiyənin də maraqları daxilindədir. Azərbaycan və Türkiyə birliyinin əsas hədəfi də elə budur: Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olması.

Nurlan ABDALOV,

"Respublika".