Azərbaycan Texnologiya Universitetində yaradılmış İctimai Şuranın ilk iclası
Sosial həyat

Azərbaycan Texnologiya Universitetində yaradılmış İctimai Şuranın ilk iclası

Azərbaycan Texnologiya Universitetində yeni yaradılan İctimai Şuranın (İŞ) ilk iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov İctimai Şura üzvlərini salamlayıb, universitetin gələcək fəaliyyətində bu qurumun əhəmiyyətindən danışıb. İclasda 9 nəfərdən ibarət İctimai Şuranın üzvü iştirak edib. İclas zamanı şuranın əsasnaməsi təqdim edilib, daha sonra üzvlərin səsverməsi ilə akademik Fuad Əliyev İctimai Şuranın sədri seçilib. Şuranın fəaliyyət planına uyğun olaraq üzvlər 2023/2024-cü tədris ilinin qış imtahan sessiyası ilə tanış olublar. Tələbələrin diqqətinin yayınmaması üçün şura üzvləri imtahan prosesini onlar üçün ayrılmış otaqda monitorlar vasitəsi ilə izləyiblər. Tədris işləri üzrə prorektor Raqif Hüseynov imtahan sessiyasının təşkili ilə bağlı bəzi detalları şura üzvlərinin diqqətinə çatdırıb. İctimai Şura üzvləri imtahan zallarını monitordan izlədikdən sonra İmtahan Komissiyasının fəaliyyəti ilə yaxından tanış olublar. İmtahan Komissiyasının sədri Cəsarət Şabanov və Apellyasiya Komissiyasının sədri Mehman Kərimov ilə həmsöhbət olaraq daxil olan müraciətlərlə maraqlanıblar, cavabların yoxlanılması prosesini izləyiblər.

Qeyd edək ki, ictimai rəyin əhəmiyyəti əsas götürülərək, Gəncə universitetləri arasında İctimai Şura ilk dəfə Azərbaycan Texnologiya Universitetində yaradılıb.

Zabit XƏLİLOV,

“Respublika”.