Azərbaycan qlobal təşəbbüslərə fəal qoşulur
Siyasət

Azərbaycan qlobal təşəbbüslərə fəal qoşulur

COP29-un ölkəmizdə keçirilməsinə qərar verilməsi bunu bir daha təsdiq edir

Düşünülmüş siyasət yürüdərək beynəlxalq əlaqələrini şaxələndirən, etibarlı tərəfdaş imici formalaşdıraraq dünya miqyasında mövqelərini möhkəmləndirən ölkəmizin nüfuzu günbəgün artır. Dünya ölkələrinin əksəriyyəti ilə dostluq münasibətləri quran Azərbaycana böyük etimad göstərilir, beynəlxalq səviyyəli, irimiqyaslı layihələrin reallaşdırılmasında mövqeyi nəzərə alınır. Ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən ölkəmizin dayanıqlı iqtisadiyyata, zəngin potensiala malik olması, yerləşdiyi regionda sülhün, təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfələr verməsi dünya dövlətləri sırasında layiqli yer tutmasına imkan yaratmışdır.

Dünyanın ən mötəbər tədbirlərindən olan COP29-un ölkəmizdə keçirilməsi mühüm hadisədir. Belə ki, dünyada neft-qaz ölkəsi kimi tanınan Azərbaycanda 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, həmçinin bu müddət ərzində elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının, 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasının hədəf kimi qarşıya qoyulması Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı kəskin mübarizə apardığını və hər zaman qlobal təşəbbüslərə ilk qoşulan ölkələr sırasında olduğunu göstərir.

Dövlətimizin enerji siyasətinin prioriteti yaşıl enerjiyə keçid və bu kontekstdə ətraf mühitin qorunması ilə bağlıdır. Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması bu siyasətin bariz nümunəsidir. Ölkə başçısının "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" müvafiq Sərəncamına uyğun olaraq respublikamızın bütün bölgələrində, əsasən də işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Artıq 10 min kvadratkilometr ərazi "yaşıl enerji" zonası elan olunub, 240 meqavat gücündə külək, 200 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi aparılır. Qeyd edək ki, "yaşıl enerji" zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurun külək enerjisi potensialı təxminən 7200 meqavat, günəş enerjisi potensialı isə 2000 meqavatdan çoxdur.

İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verən ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması və bu çərçivədə dünyanın ən mötəbər tədbirlərindən olan COP29-a evsahibliyi etməsi qloballaşan dünyada iqlim dəyişikliklərinin sürətləndiyi bir zamanda zəngin karbohidrogen ehtiyatlarına, enerji resurslarına malik olmasına baxmayaraq, yaşıl enerjiyə keçidi enerji siyasətinin prioriteti olaraq müəyyənləşdirən Azərbaycanın növbəti örnək addımıdır.

Mehparə ƏLİYEVA,

"Respublika".