Azərbaycan Prezidenti İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri
Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri

Qazax şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Prezident İlham Əliyev Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, bu avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

Uzunluğu 19 kilometr olan Qarapapaq-Çaylı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Qazax rayonu ərazisində üç yaşayış məntəqəsini birləşdirən bu yolun yenidən qurulması nəticəsində 14 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Layihə çərçivəsində yol boyunca torpaq, qazma işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanları, siqnal dirəkləri və məsafə göstəriciləri, dayanacaqlar quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Prezident İlham Əliyevə Fərəhli avtomobil yolunun əsaslı təmiri layihəsi də təqdim olundu.

Qeyd edildi ki, Qazax rayonunun Qazax-Yuxarı Əskipara avtomobil yolunun 13-cü kilometrliyindən ayrılan Fərəhli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görülən yenidənqurma işləri yekunlaşıb.

Uzunluğu 5 kilometr olan yol dördüncü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 kilometr, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 kilometrdir. Bu yolun hərəkət hissəsinin orta eni 5,8 metrdir.

Yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının bazarlara və digər satış məntəqələrinə vaxtında çatdırılmasına şərait yaradacaq.

 

"Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, 20,5 hektar ərazini əhatə edən hərbi hissə kompleksinə qərargah binası, 5 binadan ibarət 146 mənzilli yaşayış kompleksi, yeməkxana, hamam, camaşırxana və tibb məntəqəsindən ibarət əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları daxildir. Bununla yanaşı, kompleksin ərazisində helikopter meydançası, hərbi texnikaların saxlanması üçün avtomobil parkı, avtomobil yuma və yanacaqdoldurma məntəqələri, silah, ərzaq və əşya-geyim anbarları, içməli su anbarı, qazanxana binası mövcuddur.

Qeyd edildi ki, kompleksin idman şəhərciyində hərbi qulluqçuların idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılıb və voleybol meydançası yaradılıb.

İstilik sistemi, daimi su və elektrik enerjisi ilə təmin edilən kompleksdə ehtiyat generatorlar quraşdırılıb. Ərazidə əsaslı tikinti-abadlıq işləri aparılıb, 23 min kvadratmetr sahə asfaltlanıb, geniş yaşıllıq salınıb, ağaclar əkilib.

Xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Dövlətimizin başçısına, həmçinin "Qazax" Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirildi.

 

Prezident İlham Əliyev Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayev dövlətimizin başçısına Qazax Müəllimlər Seminariyasının tarixi və Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib.

 1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Cari il yanvarın 26-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Qeyd olundu ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilindən Mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir. Təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası üzrə proqramlarda 33 tələbə magistr dərəcəsi almaq üçün tədrisə cəlb olunub və birinci kursu bitirib. 2023-2024-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı, dövlət idarəetməsi magistr proqramı tədris olunacaq. Yeni dərs ilindən bu üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, Mərkəzdə ümumilikdə 127 tələbə təhsil alacaq.

Qeyd olundu ki, ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün "Bir müəllimin manifesti" birillik üçmərhələli ixtisasartırma proqramı həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb direktoru ixtisasartırmaya cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından 4 nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayıb. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır.

Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur.

Hazırda Mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə Mərkəzin tədris kompleksində Universitet tərəfindən Müəllimlər Evi tikilir. Tikintisi başa çatmaqda olan Müəllimlər Evi ADA Universitetinin Mərkəzdə çalışan bölgələrdən olan daimi əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub.

Məlumat verildi ki, Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir.

ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır.

 

Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemləri istismara verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına layihə çərçivəsində görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı" çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

"Qazax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin icrasına 2019-cu ildə başlanılıb. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb və 7,8 kilometr uzunluğunda artezianlararası su xətti çəkilib. Su mənbəyindən Qazax şəhərinə 8,9 kilometr uzunluğunda magistral su kəməri inşa olunub. Şəhər yaxınlığında hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı tikilib.

Qeyd edildi ki, şəhər ərazisində 119 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi inşa olunub. İnvestisiya hesabına 6900, daxili imkanlar hesabına 1324 ünvan olmaqla, ümumilikdə 8224 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Şəhər ərazisində 83 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,8 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikilib.

Şəhər şəbəkəsinin operativ idarə edilməsi və işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibati bina da inşa olunub. Layihənin icrası nəticəsində rayonun Ağköynək və Qarapapaq kəndlərinin şəhərə bitişik hissəsi də su ilə təmin edilib. Bu layihə çərçivəsində yeni yaradılmış su mənbəyi hesabına gələcəkdə həmin kəndlərin digər hissəsinə, eləcə də Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaq.

Prezident İlham Əliyev Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsini bildirən düyməni basdı.

 

Qazaxda "Venzana" mebel fabrikinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazaxda "Venzana" mebel fabrikinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Qeyd olundu ki, fabrik "Saloğlu" mebel istehsalı müəssisəsinin nəzdində yaradılıb. "Saloğlu" müəssisəsi 2000-ci ildən mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac edilir. Daxili bazarda mebellər müəssisənin öz mağazalarında və bir çox rayonlarda yerləşən nümayəndəliklərdə istehlakçılara təklif olunur. Müəssisənin illik istehsal gücü 14 min 260 mebel dəstidir. Hazırda müəssisədə 425 nəfər işlə təmin olunub.

Qeyd edildi ki, "Saloğlu" müəssisəsinin istehsal fəaliyyətinin genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondundan 10 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahələrinə dövlətin dəstək proqramı çərçivəsində müəssisəyə 1,4 milyon manat yeni alınan bank kreditinə dövlət zəmanəti verilməklə, kredit faizinin bir hissəsi 3 il müddətinə subsidiyalaşdırılıb.

Digər dəstək mexanizmi kimi, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci ildə "Müasir mebel istehsalının qurulması" layihəsi üzrə investisiya təşviqi sənədi verilib. Layihənin icrası çərçivəsində müəssisə tərəfindən 8,4 milyon manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunub, müəssisə 1,8 milyon manat məbləğində vergi və rüsumlardan azad edilib.

"Saloğlu" müəssisəsi dünyanın aparıcı mebel şirkətləri ilə sıx əməkdaşlıq edir, mebel istehsalı sahəsində innovativ həllərin, qabaqcıl texnologiyaların və iş təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində çalışır və tətbiq edir.

Bildirildi ki, "Saloğlu" mebel istehsalı müəssisəsinin nəzdində yaradılan "Venzana" mebel fabrikinin təməli Prezident İlham Əliyevin 2016-cı ildə Qazax rayonuna səfəri çərçivəsində qoyulub. İstehsal sahəsi 18 min kvadratmetr, investisiya dəyəri isə 30 milyon manat olan fabrik il ərzində 12 min dəst yataq, 6 min dəst qonaq otağı mebeli istehsal etmək gücündədir.

Müəssisədə istehsal olunan mebellərin daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya və digər ölkələrə ixracı nəzərdə tutulur. Fabrik işə düşdükdən sonra "Saloğlu" fərdi firmasında ümumilikdə 600 işçi çalışacaq. Layihənin davamı olaraq 20 hektar ərazidə ümumi dəyəri 27,2 milyon manat olan 4 yeni fabrikin (masa və oturacaq, süngər, metal məmulatları və döşək istehsalı fabrikləri) tikilməsi nəzərdə tutulur. Layihənin əsas hədəfi bu fabrikin, eləcə də ölkəmizdəki digər mebel istehsalı müəssisələrinin xammal tələbatının yerli istehsal hesabına təmin edilməsidir. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır.

Dövlətimizin başçısı "Venzana" mebel fabrikini işə saldı və istehsal prosesi ilə tanış oldu.

Qeyd edək ki, bu cür istehsal müəssisələrinin istifadəyə verilməsi, onların ən müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Bu həm də daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır. Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yüzlərlə yeni iş yerinin açılmasına imkan yaradır. Belə istehsal sahələrinin yaradılması həm də onu göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir.

 

Prezident İlham Əliyev Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də "Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən yenidən qurulan 1b texniki dərəcəli yol dörd hərəkət zolağından ibarətdir. Yolun bu hissəsində 67 alt keçid, 17 qovşaq və 20 körpünün tikintisi başa çatdırılıb.

Dövlətimizin başçısı görülən işlərlə bağlı videoçarxa baxdı.

Qeyd edək ki, uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.

Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə "Böyük İpək yolu"nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

 

Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Şəmkir rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Prezident İlham Əliyev Samux rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Samux rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Şəmkir şəhərində Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışı olub

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına bu təhsil ocağında yaradılan şərait barədə məlumat verildi.

Qeyd edək ki, Şəmkir şəhərinin mərkəzində yerləşən, 1958-ci ildə tikilmiş Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin köhnə binasının müasir tələblərə cavab verməməsi, 600 şagird yerlik məktəbdə 1500 şagirdin təhsil alması və binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar yeni binanın tikintisinə zərurət yaranmışdı. Azərbaycan Prezidentinin "Şəmkir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" 2020-ci il 5 mart tarixli Sərəncamının icrası ilə əlaqədar məktəbin binası yenidən inşa olunub.

Bildirildi ki, eyni vaxtda 1600 şagirdin təhsil ala biləcəyi məktəb-lisey bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir təhsil ocağı 65 sinif otağından ibarətdir. Bundan başqa, binada fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, hərbi təlim, tibb, əmək təlimi, STEAM otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.

Məktəb-liseyin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllıq işləri görülüb.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqla təchizatı gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almalarına şərait yaradır. Məktəb infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

 

Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verildi.

Qeyd olundu ki, Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2019-cu ildə başlanılıb. İnşaat işləri bu ilin avqustunda başa çatdırılıb. İki hektar sahədə inşa olunan xəstəxana 90 çarpayılıqdır. Tibb müəssisəsinin üçmərtəbəli binasında əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımi şərait yaradılıb. Belə ki, xəstəxana Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqla təchiz edilib.

Tibb müəssisəsində cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, doğuş, hemodializ, təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir.

 

Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdə rayonuna səfər edib.

AZƏRTAC xəbər ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılıb. Agentliyin DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində "bir pəncərə" prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir. 2025-ci ilədək mərkəzlərin sayının 17-yə (o cümlədən Bakıda 5, regionlarda 12), yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının 55-ə çatdırılması planlaşdırılır.

Bildirildi ki, Qarabağ Regional DOST Mərkəzinin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışacaq, "Könüllü DOST" proqramı üzrə 50 könüllü fəaliyyət göstərəcək. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Qarabağ Regional Dost Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.

Binanın birinci mərtəbəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış dulusçuluq (keramika), floristika, ağacoyma, vitraj və boyama sənəti üzrə əl işlərindən ibarət sərgi təşkil olunub.

Məlumat verildi ki, hazırda Mərkəzdə 14 yaradıcılıq istiqaməti üzrə 195 benefisiara xidmət göstərilir. Onların 146-sı fərdi müraciət əsasında, 49-u müəssisələrlə fərdi əməkdaşlıq çərçivəsində qəbul olunub. Bu benefisiarların 37 nəfəri 6-10, 59 nəfəri 11-18, 99 nəfəri isə 18 yaşından yuxarıdır.

Prezident İlham Əliyev Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə də tanış oldu.

Məlumat verildi ki, Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar mövcuddur. Burada 48 peşə istiqaməti, o cümlədən dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin həyata keçirilməsi üçün infrastruktur yaradılıb. Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub. Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 20 nəfərlik heyət fəaliyyət göstərəcək.

Dövlətimizin başçısına ölkəmizdə peşə hazırlığı istiqamətində görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, hazırda Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı mərkəzləri fəaliyyət göstərir. DOST Konsepsiyasına uyğun olaraq, Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şamaxıda da Peşə Hazırlığı mərkəzləri açılacaq. Ümumilikdə 175 peşə və ixtisas üzrə tədris aparılır. Bu sahədə 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir.

Ümumilikdə son beş ildə ölkəmizdə 1 milyondan çox şəxsə məşğulluq xidməti göstərilib, 425 min nəfər işlə təmin olunub. Həmçinin 68 min nəfər özünüməşğulluq xidməti, 20 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin edilib, 18 min nəfər peşə hazırlığına, 473 min nəfər isə peşəyönümlü xidmətlərə cəlb olunub. Postmüharibə dövründə 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı müvafiq xidmətlərdən yararlanıb.

Azərbaycan Prezidentinə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirləri barədə də məlumat verildi.

Qeyd olundu ki, indiyədək 129 min şəxsin təhlili aparılıb. Laçın, Füzuli rayonları, Ağalı və Talış kəndləri üzrə 2257 şəxslə iş aparılır, 200-dək işəgötürənlə əməkdaşlıq qurulub. Şuşaya köçürüləcək əhalidən 19 mindən çox şəxs təhlil olunub, 56 nəfərin məşğulluğu təmin edilib.

 

Samuxda Sərkar kənd uşaq musiqi məktəbinin yeni binası istifadəyə verilib

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samuxda Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Sərkar kənd musiqi məktəbi 2002-ci ildən 1935-ci ildə inşa olunmuş kolxoza aid birmərtəbəli tikilidə fəaliyyət göstərib. Məktəbin binası ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Üç yüz şagird yerlik yeni məktəbin inşasına Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin iyulunda başlanılıb. Tikinti işləri həmin ilin noyabrında yekunlaşıb.

Məktəbin ümumi ərazisi 0,5 hektar, üçmərtəbəli korpusun sahəsi isə 2500 kvadratmetrdir. Bina 8 ballıq zəlzələyə davamlıdır.

Məktəb binasında 29 dərs otağı, orkestr, xor və tibb otaqları, qarderob, kitabxana, yeməkxana və akt zalı var. Təhsil ocağı zəruri mebel, avadanlıq və əyani vəsaitlə tam təchiz edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Prezident İlham Əliyevə Heydər Əliyev Fondu tərəfindən Samux rayonunun Sərkar kəndində görülmüş digər işlər barədə də məlumat verildi.

Qeyd edildi ki, burada yeni salınmış park istifadəyə verilib. Parkın ərazisində yaşıllıq zonası salınıb, uşaq əyləncə və idman meydançası quraşdırılıb. Açıq havada idmanla məşğul olmaq üçün əlverişli imkan yaradılıb, ərazidə müxtəlif trenajorlar qoyulub. Heydər Əliyev Fondunun dəstəyi ilə Sərkar kəndində 6 min nəfərə yaxın sakinə xidmət göstərəcək yeni tibb məntəqəsi də fəaliyyətə başlayıb. Həkim otağı, sarğı otağı və texniki otaqdan ibarət olan tibb məntəqəsi zəruri tibbi avadanlıqla təmin edilib.

Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda Samux şəhərində Heydər Əliyev Fondu tərəfindən 3 saylı körpələr evi-uşaq bağçası üçün də yeni bina inşa olunur.

Xatırladaq ki, Heydər Əliyev Fondu Samux rayonunda bu günədək bir sıra layihələr həyata keçirib. Fond tərəfindən Sərkar kəndində 800 şagird yerlik tam orta məktəb və körpələr evi-uşaq bağçası yenidən inşa edilərək 2020-ci ildə istifadəyə verilib. Eləcə də həmin il rayonun Ziyadlı kəndində 523 şagird yerlik orta məktəb əsaslı təmir olunub, körpələr evi-uşaq bağçası üçün bina inşa edilib.

AZƏRTAC