Azərbaycan Ordusu düşmənə lazımi cavab vermək iqtidarındadır
Digər xəbərlər

Azərbaycan Ordusu düşmənə lazımi cavab vermək iqtidarındadır

"... İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

İkinci Qarabağ müharibəsində hünər, rəşadət göstərən Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer almaqla ölkəmizin qüdrətini daha da artırıb. Bu gün güc amilinin ən vacib meyarlardan olduğu, beynəlxalq hüququn işləmədiyi bir dönəmdə dünya hərb sənayesinin ən müasir silahları ilə təchiz olunmuş rəşadətli Azərbaycan Ordusu dövlətimizin maraqlarını müdafiə etmək, onu qorumaq, ərazi bütövlüyünü, suverenliyini, xalqımızın azad, rahat və təhlükəsiz yaşamasını təmin etmək gücündədir.

Ölkə başçımızın məqsədyönlü siyasəti sayəsində 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası ilə paralel olaraq ordu quruculuğu istiqamətində aparılan islahatlar daha geniş miqyas alıb. Dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, ölkədə güclü iqtisadi potensialın, böyük maliyyə imkanlarının yaradılması hərbi məsələlərin yüksək səviyyədə həllinə geniş imkan yaradıb. Bu il hərbi potensialın gücləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün  dövlət büdcəsindən 1,1 milyard manatın ayrılması bunu bir daha təsdiq edir. Silahlı Qüvvələrimizin modernləşdirilməsi, döyüş qabiliyyətinin artırılması, onların həyat şəraitinin daha da yaxşılaşdırılması, ordumuzun ən müasir silah və texnikalarla təchiz edilməsi, yeni silahlı birləşmələrin yaradılması nəticəsində bu gün Azərbaycan Ordusunun sıraları daha da genişlənmiş və möhkəmlənmişdir. Silahlı Qüvvələrin peşəkar kadrlarla təmin edilməsi, əsaslı şəkildə struktur islahatlarının aparılması ordumuzu ən qabaqcıl ordular səviyyəsinə çatdırmışdır. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti sayəsində əldə olunan iqtisadi güc, güclü ordu, milli birlik, beynəlxalq səviyyədə qazanılan uğurlar Vətən müharibəsində möhtəşəm qələbəmizi təmin etdi.

Cənubi Qafqazda mövcud təhdidlərin, o cümlədən Ermənistanda baş qaldıran revanşist qüvvələrin, suverenliyimizə, ərazi bütövlüyümüzə, təhlükəsizliyimizə yönəlmiş təhdidlərin qarşısının alınması, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi üçün Ordumuzun daha da gücləndirilməsi istiqamətində kompleks tədbirlər görülür. Bu gün dünyanın ən güclü ordularının reytinqində 50-ci yerlərdə qərarlaşan Azərbaycan Ordusunun  arsenalında  hərbi gücümüzün  göstəricisi olan  yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri mövcuddur. İkinci Qarabağ müharibəsindən sonra imzalanmış kontraktlar əsasında yeni pilotsuz uçuş aparatları, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik olan uzaqmənzilli raketlər, ən müasir silahlar, texnikalar alınır. Müasir tələblərə cavab verən  müdafiə sənayesinə malik ölkələrdən biri olan Azərbaycan həm də  ən müasir silahların ixracatçısıdır. Ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar  ordumuzun potensialını, maddi-texniki bazasını gücləndirməklə onu daha döyüşkən, daha güclü, peşəkar  orduya çevirir.  Bu gün vahid proqram əsasında inkişaf edən, hərbi qüdrətini gündən-günə möhkəmləndirən Silahlı Qüvvələrimiz   möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti ilə səciyyələnir.

Son vaxtlar ordudakı islahatlar fonunda Xüsusi Təyinatlı Qüvvələrin sayının iki dəfə artırılması, Komando qüvvələrinin yaradılması ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində atılmış ən önəmli addımlardandır. Azərbaycan hərb tarixində  bu mühüm yeniliklər Prezident İlham Əliyevin Azərbaycan Ordusunun peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət göstərdiyinin bariz nümunəsidir. Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi hissənin - Komanda Briqadasının açılışında iştirak edən Ali Baş Komandan demişdir: "Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır".

Vətənin müdafiəsinə hər an hazır olan, düşməni döyüş meydanında diz çökdürən yenilməz ordumuzun müsəlləh əsgəri Vətəninə sədaqətlə xidmət edir, öz canı, qanı bahasına dövlətini, onun suverenliyini, ərazi bütövlüyünü qoruyur. Qorxaq, fərari, qanunsuz silahlı birləşmələri Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədiyini İkinci Qarabağ müharibəsindən çox yaxşı bilirlər. Bu gün təxribatlarına, terrorlarına, əsassız iddialarına son qoymayan, havadarlarının kölgəsində gizlənən ermənilər bunu bir daha  xatırlasalar, bəlkə qəflət yuxusundan ayılar və görərlər ki, güclü, qüdrətli Azərbaycan diktə edən tərəfdir.

Mehparə ƏLİYEVA,

"Respublika".