Azərbaycan kinosunun parlaq simalarından biri
Mədəniyyət

Azərbaycan kinosunun parlaq simalarından biri

"Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır! Elin də o başı, bu başı olmaz! Bunu sırğa elə, as qulağından!".

"Qaçaq Nəbi" ("Qanlı zəmi") filmində səslənən bu sözlər Həsənağa Turabovun ifası sayəsində yaddaşımızda silinməz iz qoyub. Ömrünün 40 ilini teatra həsr etmiş aktyor 26 aprel 1986-cı ildə "Atları yəhərləyin" bədii filminin rejissorluğuna və Qaçaq Nəbi roluna görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

İllər boyu öz bacarığı, peşəkarlığı ilə ekranları bəzəmiş Həsənağa Turabov misilsiz istedadı ilə kino sənətinin korifeyi kimi xatırlanır. Onun dərin məzmunlu rolları Azərbaycan incəsənətinə töhfədir. Həsənağa Turabovun aktyorluq sənətində təcrübəsi illər boyu solmayan bir çiçək kimi cücərib, oynadığı hər rolda, yaşadığı hər obrazda daha çox ləçək açıb.

Bakıda anadan olan H.Turabov burada 31 nömrəli orta məktəbdə təhsil alıb, daha sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub. 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vuran H.Turabov həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Aktyor səhnədə Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") və Xəyyamı ("Xəyyam") kimi rolları canlandırıb.

Təbii ki, onun istedadı teatrın sərhədlərini aşıb. Həsənağa Turabov bir çox bədii filmlərdə, həmçinin televiziya tamaşalarında unudulmaz obrazlar yaradıb. Bunlardan ən çox yaddaqalanı "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazıdır. Filmdə Şəkər bəy, Gəray bəyin ən yaxın dostu olub. Mənfi obraz olan Gəray bəy ən yaxın dostunun oğlunu öldürüb. Gəray bəy uzun illərin sadiq dostu olduğu, sirlərini, kədərlərini, sevinclərini birgə paylaşdığı əziz dostu Şəkər bəyin yeganə oğlunun atasının tutduğu yoldan, əqidədən üz çevirdiyini bağışlaya bilmir.

- "Aşıq, Şəkər bəy bunun beşiyinin başında sənə nə çaldırardı?"

- "Yanıq Kərəmi, bəy".

- "Çal aşıq, ağa-bəy havasıdır, çal"...

- "Çal aşıq, çal! Komsomolun canı it canı imiş...".

Ən çox Gəray bəy kimi tanınan, sevilən aktyorun qızı Sevinc Turabova deyib ki, atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb: "Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyni idi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başladılar qışqırmağa: "Komsomolu güllələyib öldürən Gəray bəyin qızı Humaydı". Bu, məni o qədər qəzəbləndirdi...".

Aktyor "Babək", "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək… Ürək…", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rollarında da öz ifa tərzi ilə fərqlənib. Hər tamaşada obrazlara böyük həvəslə həyat verib, onları özünəməxsus duyğu və orijinallıqla canlandırıb. Onun mənfi rollardan tutmuş xarizmatik qəhrəmanlara qədər mürəkkəb obrazlar canlandırması istedadının, bədii diapazonunun genişliyinin təsdiqidir.

Həsənağa Turabov ölməz sənətilə Azərbaycan mədəniyyətini təcəssüm etdirib, dünya miqyasında vətəninin "mədəniyyət səfiri" kimi fəaliyyət göstərib. O, öz ifası ilə həm də maarifləndirib. Tamaşaçılara Azərbaycan adət-ənənələrinin, dəyərlərinin düzgün çatdırılmasına töhfə verib. Həsənağa Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti zamanı zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi istiqamətində yorulmadan çalışıb.

Azərbaycan kinosunun parlayan ulduzu Həsənağa Turabov ölməz obrazları ilə sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".