Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Siyasət

Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır

Zəngin qədim tarixinə, ənənələrinə və dünya mədəniyyətinə bəxş etdiyi töhfələrə görə İtaliya dünyada nadir ölkələrdəndir. Dünyanın hər yerində demək olar ki, bütün xalqlar İtaliyaya həmişə böyük maraq və həm də məhəbbət göstəriblər. İtaliya tarixi-memarlıq abidələrinə, gözəl musiqisinə, təbiətinə, rəsm nümunələrinə görə dünyada möcüzələr ölkəsidir. Əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan İtaliya ilə səmərəli əməkdaşlıq əlaqələri qurub və bu əlaqələr ildən-ilə inkişaf edərək xalqlarımıza fayda verir.

Məlum olduğu kimi, ölkələrimiz arasındakı münasibətlərin tarixi qədimdir. Belə ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edimiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğundakı Böyükdaş dağının cənub-şərq ətəyində yastı qaya üzərində "imperator Domisian Sezar Avqust Germanik, Lusius Yulius Maksimus, Fulminatanın XII legionunun senturionu" latın qrafikalı sözləri yazılmış epiqrafik abidə romalıların Qobustan ərazisində olduğunu sübut edir. Təsadüfi deyil ki, italyan səyyahı Marko Polo da öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Venesiyanın intibahı dövründə Ağqoyunlu dövləti ilə diplomatik əlaqələr qurulmuş, 1469-1478-ci illərdə Venesiya Respublikasının səfirliyi fəaliyyət göstərmişdir. Elə həmin dövrdə də qədim ölkəmizlə Neapol Krallığı arasında təmaslar mövcud olmuşdur.

Xalqlarımız arasında uzunmüddətli və möhkəm dostluq münasibətlərindən bəhrələnən və müxtəlif səviyyələrdə keçirilən görüşlərlə zənginləşən səmərəli əməkdaşlıq bu gün uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində 1972-ci ildə Bakı və Neapol şəhərləri arasında əməkdaşlıq haqqında saziş və protokol imzalanmışdır. Zəngin mədəni fondu və unikal memarlıq nümunələri olan Neapolda "Bakı" küçəsi, Bakıda isə "Neapol" küçəsi və dairəsi açılmış, bu iki şəhər qardaşlaşmış şəhərlər elan edilmişdır. Çoxşaxəli əməkdaşlıq münasibətlərinə yeni dinamizm və perspektivlər bəxş edən ümummilli lider Heydər Əliyevin 1997-ci il 24-27 sentyabr tarixlərində İtaliyaya səfəri çərçivəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanmış, bu sənədlər ölkələrimiz və xalqlarımız arasında dostluğun, əməkdaşlığın daha da möhkəmləndirilməsində hüquqi baza yaratmışdır.

Məlum olduğu kimi, tarixi ənənələr bu gün də yaşayır. SSRİ-nin dağılmasından sonra 1992-ci il yanvarın 1-də İtaliya dövlətinin respublikamızın müstəqilliyini tanıması və iki ölkə arasında diplomatik əlaqələrin qurulması münasibətlərin inkişafına göstərilən diqqətin əyani təzahürü olmuşdur. Cənubi Qafqaz ölkələri arasında ilk dəfə İtaliyanın Azərbaycanda, Azərbaycanın İtaliyada 1997-ci ilin mart ayında səfirliyi açılıb.

Qafqazın ən mühüm geostrateji nöqtəsində, Şimal və Cənub, Qərb və Şərq dəhlizlərinin qovuşuğunda yerləşən Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Ölkəmiz həm İtaliya, həm də dünyanın digər ölkələri ilə əməkdaşlığa böyük maraq göstərir və bu siyasi prinsipiallıq çox uğurla davam etdirilir. Bu münasibətlərin mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək olar. Xüsusi vurğulamaq lazımdır ki, XXI əsrin qlobal siyasətə gətirdiyi dəyişikliklər fonunda ölkə başçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, energetika, kosmik və hərbi sənaye sahələrində iki ölkənin birgə fəaliyyəti regionun davamlı inkişafına, eləcə də təhlükəsiziliyin və sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Təsadüfi deyil ki, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə xarici ticarətinin 92 faizi Azərbaycanın payına düşür. 2013-cü ildən bəri Azərbaycan İtaliyanı xam neftlə təmin edən əsas ölkələrdən biridir. Rəsmi statistikaya əsasən 2022-ci ildə ticarətin həcmi 11 milyard avroya yüksəlmişdir. Əminliklə qeyd etmək olar ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan trans-Adriatik qaz boru kəmərinin istismara verilməsi Azərbaycan-İtaliya əlaqələrinin bütün sahələrdə davamlı inkişafı üçün əsas rol oynayacaq.

Respublikamızın həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən balanslaşdırılmış xarici siyasəti bu gün Azərbaycan nəinki Cənubi Qafqaz, eləcə də MDB və Avropa ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı əlaqələri genişləndirir, bu istiqamətdə dialoqu və əməkdaşlığı fəallaşdırır. Regionda sülhün davamlılığının təmin olunmasını şərtləndirən iqtisadi platformanın formalaşdırılmasında mərkəzi rol alan Azərbaycanın transregional layihələrdə bilavasitə iştirakı onun bölgədə artan əhəmiyyətini bir daha göstərir.

Qlobal arenada böyük oyunçulardan olan İtaliya ilə Azərbaycanın əməkdaşlığı, siyasi yenidənqurma kontekstində uğurlu gələcəyə körpü olacağına zəmin yaradır. Bu nöqteyi-nəzərdən Asiya ilə Avropa arasında sinerjini təmin etmək və starteji inteqrasiya proseslərini intensivləşdirmək baxımından İtaliya Azərbaycanın Avropada ən vacib tərəfdaşıdır.

Bu zəmində ölkədə yeni cəmiyyətin qurulmasına, habelə sosial-iqtisadi və siyasi tərəqqisinə xidmət edən beynəlxalq tədbirlərin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ətraf mühit, sosial və digər sahələrdə beynəlxalq əhəmiyyət daşıyan layihələrin təşəbbüskarı olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. 

Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2011-ci ildə Avropanın qədim mədəniyyət beşiyi olan Romanın Opera Teatrında Azərbaycan mədəniyyətinin təqdim edilməsi məqsədilə müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmiş, 2012-ci ildə İtaliyada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Romanın "Villa Borghese" parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılmışdır. Ölkəmizin ümumbəşəri əhəmiyyət daşıyan Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nda təmir, "Mercati di Traiano" muzeyinin ərazisindəki Vircinia Racci Via Alessandria küçəsində arxeoloji qazıntı işlərinin aparılmasında yaxından iştirakını Azərbaycan və İtaliya respublikaları arasında dostluğun rəmzi, mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə kimi qeyd etmək olar.

Heydər Əliyev Fondu Müqəddəs Taxt-Tac və İtaliyada mədəni irsin bərpası və qorunması sahəsində gördüyü işlərə görə beynəlxalq miqyasda rəğbət qazanıb. Məlum olduğu kimi, Fondun Müqəddəs Taxt-Tac ilə əməkdaşlığı 2012-ci il iyunun 22-də Roma dövrünə aid qədim katakombaların bərpasına dair müqavilənin imzalanması ilə başlamışdır. Mahiyyətində mütərəqqi ideya daşıyan bu sənəd Roma mədəniyyətinin qorunub saxlanması və inkişafına töhfə vermişdir. Fondun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrin davamı olaraq Vatikanın dini-tarixi, qədim və unikal abidələri sayılan San Marçellinio və Pietro, Müqəddəs Sebastian, Komodilla, "Buon Pastore", "Orfeo", "Noe", "Casta Susanna" və ümumilikdə 60-dan çox katakombaların əsaslı təmir və restavrasiyası dünya mədəni, tarixi və dini irsinin qorunması, sivilizasiyalararası dialoq mühitinin möhkəmləndirilməsi baxımından son dərəcə əhəmiyyətli hadisə hesab edilir. Qeyd olunanlardan əlavə, Vatikan Apostol Kitabxanasında bir sıra əlyazmaların, habelə Vatikan muzeylərində bəzi sənət nümunələrinin bərpası da Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmişdir. Azərbaycan-İtaliya əməkdaşlığının genişlənməsinə xidmət edən layihələrin davamı olaraq 2022-ci ildə Romada Azərbaycanın Mədəniyyət Mərkəzinin və həmin ildə Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsini humanitar və mədəni sahələrdə qarşılıqlı fəaliyyətini müsbət nəticəsi kimi dəyərləndirmək olar.

Aparılan siyasətin əsas hədəfi iki ölkə arasında qarşılıqlı rəğbət və səmimi dostluğu strateji tərəfdaşlığa və faydalı əməkdaşlığa çevirməkdir. Qarşılıqlı etimada əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi böyük məmnunluq doğurur. 2018-ci ildə Heydər Əliyev Mərkəzində tarixi şəxsiyyət Şah İsmayıl Xətaiyə həsr edilmiş "Ədəbiyyat xəzinəsi" adlı sərginin təşkili əhəmiyyətli tarixi hadisədir. Burada xüsusi diqqətçəkən məqam sərgidə Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasından ilk dəfə Azərbaycana gətirilən iki orijinal portreti olmuşdur. Tarixin bu anında xüsusi incə məqam hiss olunur ki, bunu da ümumilikdə İtaliyanın ölkəmizə olan marağı kimi qiymətləndirə bilərik.

Ölkəmizin milli maraq və mənafelərinin müdafiəsi və təminatı çərçivəsində mədəniyyətlərarası, dinlərarası dialoq mühitinin formalaşması və inkişafına yönəldilmiş mütərəqqi təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən də olduqca yüksək dəyərləndirilir. Bu baxımdan təsadüfi deyildir ki, İtaliya Respublikasının dövlət başçısı Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Respublikasının ən ali dövlət mükafatı hesab olunan "Xidmətlərə görə" Böyük Xaç Kavaleri ordeni ilə təltif edilmişlər.

Çoxölçülü strateji münasibət nəinki iki tərəfdaş ölkə, eyni zamanda Cənubi Qafqaz bölgəsi ilə siyasi, iqtisadi, mədəni əməkdaşlığın daha da dərinləşməsinə səbəb olmuşdur. Uzun illər davam edən və ümumi regionun tərəqqisinə böyük maneçilik törədən Ermənistan-Azərbaycan arasında keçmiş münaqişənin həllində İtaliya daim Azərbaycanın mövqeyini dəstəkləmiş və bunu 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da nümayiş etdirmişdi. Vətən müharibəsindən sonrakı dövrdə bölgədə davamlı sülhün və sabitliyin qorunması, habelə işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində İtaliyanın yaxından iştirakını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirmək olar. Belə ki, Bakı şəhərində Zəfər Muzeyinin, eləcə də azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeylərinin, habelə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində tarixi abidələrimiz və dağıdılmış məscidlərimizin bərpa və inşası ilə bağlı İtaliya şirkətləri aktiv fəaliyyət göstərirlər.

Məlumdur ki, çağdaş dünyada baş verən mürəkkəb geosiyasi problemlərin həlli kontekstində Azərbaycanın ali dəyərlərinin qorunması və sülhpərvər ideyalara söykənən düşünülmüş daxili və xarici siyasəti yaxın və uzaq ölkələrlə səmərəli əməkdaşlığın inkişafına və dərinləşməsinə xidmət edir. Siyasi dəst-xətdə müşahidə olunan prinsipiallıq və təşəbbüskarlığın nəticəsidir ki, beynəlxaq münasibətlər sistemində universal rol oynayan Qoşulmama Hərəkatına sədrlik etməsi üçün ölkəmizə ikinci dəfə müraciət edilmişdir. Planetar səviyyədə iddialı öhdəliklərin həyata keçirilməsi baxımından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibi seçilməsi də milli maraqlara əsaslanan praqmatik xarici siyasətin göstəricisidir.

Bu istiqamətdə əldə olunan nailiyyətlər qəti əminliklə onu deməyə əsas verir ki, Azərbaycan-İtaliya əməkdaşlığı gələcək nəsillərin maraqları istiqamətində inkişaf edəcəkdir.

Odur ki, yetişən gənc nəsil tərəfindən bəşəriyyətin inkişafına yönəlik atılan bütün addımlar yüksək dəyərləndirilməli və onun inkişafına rəvac verən amillər önə çəkilməlidir.

Günay ƏLİYEVA,

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə

Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin

Sənədlərlə iş və statistik təhlillər

sektorunun müdiri.