İrəvana yeddi məktub
Digər xəbərlər

İrəvana yeddi məktub

Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim H idayət Orucovun "Burdan min atlı keçdi" kitabını vərəqlədikcə, illərin isti-soyuğunu qəlbində yaşadan, yaddaşında xoş xatirələri çözələyən yazıçının qələmə aldığı əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şəraitin, ədəbi-mədəni mühitin, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi yolun, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyətinin, bütövlükdə Qərbi azərbaycanlıların illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizənin canlı şahidinə çevrilirsən sanki...

Kitabın "İrəvana yeddi məktub" bölməsində isə müəllif ötən əsrin 70-ci illərindən başlayaraq İrəvanda genişlənən anti-Azərbaycan, antitürk siyasətini, xüsusilə də həmin dövrdə ermənilərin Heydər Əliyev şəxsiyyətinə qısqanclıq, paxıllıq, hətta düşmənçilik münasibətini əks etdirən müşahidələrini qələmə alıb. Kitabın "İrəvana yeddi məktub" adlı bölməsində müəllif yazır:

"Gevork Eminin "Ermənistan haqqında yeddi nəğmə"sindəki şişirtmələri də oxumuşam, S.Kaputikyanın "Karvanlar hələ yoldadır"ındakı, V.Petrosyanın "Erməni eskizləri"ndəki uydurmaları da. B.Ulubabyanın, S.Xanzadyanın, H.Şirazın, Z.Balayanın, K.Simonyanın... qatı şovinizm qoxuyan, qonşu xalqlara qarşı nifrət, soyqırımı hissləri aşılayan, həqiqətdən, məntiqdən uzaq cəfəngiyyatlarıyla da çoxdan tanışam... Xeyli vaxtdır içimdə "Yeddi məktub"u yazmağa ciddi ehtiyac duyuram. Və son aylarda hiss edirəm ki, daha yazmamaq mümkün deyil. Ona görə qələmə üz tuturam və yaza-yaza mənə elə gəlir ki, yazdıqlarım yalnız "Bakıdan İrəvana məktublar"dır...".

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilərin öz havadarlarına arxalanaraq açıq şəkildə həyata keçirdikləri millətçilik siyasətini tənqid etmək, xalqımızın dahi oğlu Heydər Əliyev şəxsiyyətinə düşmənçilik münasibətlərini onlarla bir məkanda çalışa-çalışa qələmə almaq o dövrdə müəllifdən böyük cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində dünyanı heyrətləndirən siyasət korifeyi, dövlətçilik patriarxı, dünyaşöhrətli dahi şəxsiyyət haqqında ilk yazılardan olan "İrəvana yeddi məktub" bu gün də aktualdır. Oxucu marağını nəzərə alaraq həmin məktubları ardıcıllıqla təqdim edirik:

26 oktyabr, 1982 IV məktub

1974-cü ilin noyabrında 42 yaşlı Karen Dəmirçyan Ermənistan KP MK-nın birinci katibi seçiləndə mən Yesentukidə istirahətdəydim və bu xəbəri eşidəndə güman eləyirdim... axır ki, bu respublikanın təzə rəhbəri Azərbaycan liderinin kifayət qədər dəyərli təcrübəsindən bəhrələnərək, özündən əvvəlkilərdən fərqli yolla gedəcək. Milli, dini azlıqlara və qonşu xalqlara qarşı qatı şovinist millətçiliyi gücləndirməyə deyil, iqtisadiyyatın inkişafına, ölkənin bütün vətəndaşlarına eyni gözlə baxmağa və qonşu xalqlarla dostluq münasibətlərinin formalaşmasına diqqət yetirəcək, ilk növbədə, anti-Azərbaycan və antitürk əhvali-ruhiyyəsinin zəifləməsinə səy göstərəcəkdir. Çünki Ermənistanın güclü millətçilik əhvali-ruhiyyəsi Moskvanın diqqətini çəkirdi və hərdən, "xala-xətrin qalmasın" prinsipiylə olsa da, tənqidi qeydlər eşidilirdi. Sov.İKP MK-nın axır ki, özünə gələcəyinə, erməni şovinizminin törədəcəyi təhlükəli fəsadları anlayacağına və qəti tədbirlər görəcəyinə ümid eləyirdim.

Ancaq çox təəssüf, ümidlərimdə yanılmışdım. Onun on dörd il davam edən hakimiyyətinin ilk çağlarından yadımda qalan 1975-ci ilin 24 aprelində Mərkəzi Komitənin bütün büro üzvləri ilə birlikdə "tarixi uydurma"nın 50 illiyi münasibətilə "Qaranquş qalasına getməsi, saat 17:00-ı matəm dəqiqəsi elan etməsi və televiziya ilə xalqa müraciəti oldu. Bu, Karenin fəaliyyət proqramını yığcam şəkildə ifadə edən bəyanatıydı və bu proqram hakimiyyətinin son günlərinəcən, 1988-ci il mayın axırınacan - soydaşlarımızın birdəfəlik və bütünlüklə deportasiyasının başlamasınacan davam elədi.

Əlavə o illərdə Ermənistanda "təsəvvür edilənlərin" tamam əksinə olaraq Azərbaycanda ermənilər ürəkləri istədikləri kimi yaşayır, vəzifədən-vəzifəyə yüksəlir, günü-gündən varlanır və üzdə özlərini azərbaycanlılara sadiq kimi göstərmək üçün dəridən-qabıqdan çıxırdılar. Stepanakertə (Xankəndiyə) dəmiryolu çəkilir, Dağlıq Qarabağda iri istehsalat müəssisələri yaradılır, ali məktəb açılır, Azərbaycanın dilbər guşələrindən biri kimi iqtisadiyyatın, sosial həyatın, mədəniyyətin, təhsilin bütün sahələri ritmik inkişaf edirdi. Belə inkişaf, Dağlıq Qarabağın özündə hakim olan sakitlik, stabillik, tərəqqi Ermənistanı çox qayğılandırırdı. Heydər Əliyevin rəhbərliyi altında bütün Azərbaycan kimi Yuxarı Qarabağ da sürətlə inkişaf edir, beləliklə, ermənilərə "yapışmağa" yer qalmırdı. Yetmişinci illər boyu, o dövrdə Sovetlər Birliyinin başçısının dediyi kimi, Azərbaycanın həqiqətən iri addımlarla irəliləməsi Ermənistanı sarsıdırdı, Heydər Əlirza oğlunun 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi isə qonşu şovinist-millətçiləri şok vəziyyətinə saldı, həsəddən, qısqanclıqdan, paxıllıqdan doğan sarsıntılar açıq nifrətə və düşmənçiliyə çevrildi. Azərbaycanın rəhbəri sistemin ali orqanının tərkibinə seçiləndən sonra Ermənistanda Siyasi Büroya üzvlüyə namizədlərin şəkilləri gözəçarpan yerlərdə vurulmadı, paradlarda qaldırılmadı (o vaxtacan paradlarda nümayişçilərin əllərindəki Siyasi Büro üzvlüyünə namizədlərin şəkilləri bu sətirləri yazanda da gözlərimin önündədir). Ancaq soydaşlarımız fəxr edirdilər öz dahi soydaşıyla, harada beş-on azərbaycanlı bir yerə toplaşa bilirdisə, başları üstündə Heydər Əliyevin şəkli asılmalıydı. Hətta bir yerdə... O görüş gözlərimin qabağından heç getmir.

Epizod: 1976-cı ilin payızında İrəvan Pedaqoji İnstitutunda V.Petrosyan, G.Emin və bu sətirlərin müəllifi ilə görüş keçirilirdi. Görüşün bütün detalları həkk olunub yaddaşıma. Son mərtəbəyə, akt zalına qalxarkən pillələrin başında, divarda Siyasi Büronun üzvlərinin və üzvlüyə namizədlərin portretləri asılmışdı. Dərhal anladım - akt zalıyla üzbəüz institutun Azərbaycan bölməsi yerləşirdi, şübhəsiz, bu bizim övladlarımızın təşəbbüsüydü. Ancaq sevinməyə əsas yox idi. Heydər Əlirza oğlunun portretinin yeri boş qalmışdı. Təəccüblə filologiya fakültəsinin dekanına baxdım:

- Portreti nə üçün çıxarıblar ordan? - əsəbi halda soruşdum.

- Hə, kimsə çıxarıb, - dekan pərtləşərək cavab verdi, - həmin ölçüdə şəkil axtarırıq - yerinə vurmağa.

Onun "bəraətinə" münasibət bildirməyə vaxt çatmadı, biz dərhal görüş salonuna daxil olduq, neçə saniyə sonra "rəyasət heyətində" yerlərimizi tutduq. Və bu görüş mənimçün belə qanqaralığıyla başladı. Rektor görüşü açıb, sözü Vartgesə verən kimi mikrofonu özündən aralayıb mənə tərəf çöndü:

- O şəklin çıxarılması qanını qaraltmasın, hansısa axmağın işidir, - dedi və yəqin etdim ki, pillələri qalxarkən dekana sualımı o da eşitmişdi, - Mən özüm məşğul olacağam, həmin ölçüdə portret tapıb yerinə vurduracağam...

"Hansısa axmağın işidir" ifadəsi diqqətimi çəkmişdi. Özümü saxlaya bilmədim:

- Mikoyanın şəkli otuz il başımızın üstündən asıldı, ancaq heç bir azərbaycanlı onu çıxarıb atmadı. Elə bilirsiniz bizim içimizdə - azərbaycanlıların arasında axmaq yoxdur? Lakin heç kəs çıxarmadı...

Rektor-akademik pörtdü, bir andaca qıpqırmızı qızardı, nə isə cavab vermək istədi, ancaq ya dili topuq vurdu (əslində pəltək deyildi), ya da cavab verməyə söz tapmayıb, özü-özünə mızıldadı. Qan təzyiqinin qalxması şübhə doğurmurdu. Sifətinin qırmızısı, həyəcanı, daxili gərginliyi görüş boyu davam etdi, sonra kabinetində açdığı süfrə ətrafında mənim sağlığıma tost deyəndə də.

O görüş təkcə bununla yadımda qalmadı. Başqa bir diqqətçəkən, gözlənilməz mənzərə də oldu...

Vartges kürsüdə ədəbiyyatdan, gənclikdən, vicdan azadlığından, səmimiyyətdən dəm vururdu. Belə ifadə də işlətdi: "Suallarınızı yazılı verməyin, ayağa qalxıb deyin ki, nə bizdə şübhə yeri qalsın, nə də sizdə. Ürəyinizdən nə keçir - soruşun...".

Danışdı, bir-iki kəlmə də məndən söylədi, sualları cavablandırdı, sonra rektor sözü Emindən qabaq mənə verdi. Mikoyan məsələsini rektorun üzünə çırpandan sonra pərtliyim tamam ötüb keçmişdi, içimdə qalib duyğular baş qaldırmışdı. Cəsarətlə kürsüyə yaxınlaşdım, dedim: "Az danışacağam, şeir oxuyacağam". Bir-iki kəlmədən sonra ana dilimdə bir şeirimi oxuya-oxuya salona göz gəzdirdim, sakit dinləyirdilər, elə o məqamda gördüm ki, bu dörd yüz-beş yüz yerlik ağzınacan dolu salonda bircə nəfər azərbaycanlı tələbə və ya müəllim yoxdu, görüş salonuyla üzbəüz yerləşən bölmədən bircə nəfər də dəvət olunmamışdı. Şeir alqışlandı. Sonra iki şeirimin erməni dilinə tərcüməsini oxudum, bu yazılar, əlbəttə, daha çox alqışlandı. Sonra dedim:

- Suallarınızı gözləyirəm...

Sonuncu kurs tələbəsi, ya aspirant yaşında gənc, gözəl, çox cazibədar bir qadın ayağa qalxdı:

- Yoldaş Hidayət, Siz necə yanaşırsınız Leninə, Stalinə, Xruşşova və Brejnevə...

Açıqca təxribatın başlanğıc sualıydı, altında çox şey yatırdı... İndi gəl, neçə yüz tələbənin, aspirantın, professorun, akademikin... qabağında Leninin, Stalinin, Xruşşovun, Brejnevin kimliyini açıqla... Cavab verməsən də salonu istehza başına götürə bilərdi, ənənəvi cavab versən də. Dərhal anladım: "qara qızın dərdi" Brejnevdəydi, hamıya eşitdirmək istəyirdi ki, Heydər Əliyevə isti münasibəti olan, buna görə İrəvanda sevilməyən Brejnev barədə Azərbaycan yazıçısı nə söyləyir?.. Elə-belə, o vaxtın tədbirlərində deyilənlərə və ya sovet mətbuatında yazılanlara oxşar fikir desəydim, heç bir ədəb-ərkana baxmayıb, fitə də basa bilərdilər və ya bir dəstə durub salonu tərk edərdi...

Üç-dörd saniyə düşündüm: bütün bunlar bircə anda keçdi xəyalımdan, cavab da bu üç-dörd saniyədə formalaşdı başımda:

- Bilirsiniz, mən teatrda işləyirəm, - sakitcə bildirdim, - ona görə də leksikonumda teatr terminləri çoxdur. Lenin, mənim fikrimcə, dramatik qəhrəmandır, Stalin - faciəvi qəhrəman, Xruşşov - komik qəhrəman, o ki qaldı Brejnevə... onu sonra deyərəm.

Bir anlığa sanki sükut çökdü. Dinləyicilər elə bil dərin düşüncə içindəydilər, birdən ayıldılar və salonu alqış sədaları bürüdü. O gənc, cazibədar xanım isə yəqin, hər cür cavab gözləyərdi, bircə bu eşitdiyindən özgə!

Bu epizodu təsadüfən yerli-yataqlı xatırlamadım, çünki bu epizod Azərbaycanın inkişafına, Heydər Əliyevin regionda və bütün İttifaqda nüfuzunun artmasına şovinist erməni xislətinin münasibətinin göstəricisiydi. Nifrət kampaniyası belə təxribatçı suallarla və ya tədbirlərə Siyasi Büro üzvlərinin şəkillərinin gətirilməməsi ilə bitmirdi...

Daha bir epizod: Göyçəyə gedirdim. Avtomobildə sürücümdü, bir də mən. Kamo (Bəyazid) şəhərini keçən kimi yol göstəricisinə yapışdırılmış bir şəkil diqqətimi çəkdi. Əvvəl fikrimi cəmləşdirə bilmədim, şəkli tanımadım, lakin maşın yol göstəricisindən uzaqlaşdıqca şəkil xəyalımda canlandı. Maşını saxlatdım, düşüb yol göstəricisi dirəyinə tərəf gəldim, gördüm Heydər Əliyevin şəklidir - eybəcər hala salınıb, üzünə palçıq vurulub. Sürücü maşını geri verib, dirəyin yanına gəldi. Qanıqara halda şəkli götürüb maşına gətirdim...

Kiçik detaldır? Hansısa xuliqanın işidir? Ancaq belə "kiçik detallar", xuliqanlar sürətlə çoxaldı, sonralar respublikanın hər bölgəsinə gedəndə belə səhnələrlə üzləşirdim və sürücüm erməni Hamlet erməniləri dodaqaltı söyə-söyə maşını saxlayar, eybəcər hala salınmış şəkilləri qoparıb, əsəbi halda maşına gətirərdi.

Yetmişinci illərdə erməni millətçi-şovinist təxribatları ilk baxışdan "kiçik" görünən belə iyrənc əməllərdən başlayaraq iri, qeyri-insani teraktlaradək, Moskvada metronun partladılmasınadək (1977-ci il, 8 yanvar) geniş spektri əhatə edirdi. Stepan Zatikyanın törətdiyi terror aktının on yeddi qurbanı oldu (içlərində qocalar, qadınlar, uşaqlar da vardı), onlarla insan yaralandı...