Azərbaycan Hökuməti ilə Serbiya Hökuməti arasında saziş
Siyasət

Azərbaycan Hökuməti ilə Serbiya Hökuməti arasında saziş

Noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ceyhun Bayramov və İvitsa Daçiç arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüşdə hər iki tərəf ölkələr arasında mövcud olan əməkdaşlığın müxtəlif sahələrini və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsəd və istiqamətləri hərtərəfli müzakirə ediblər. İki ölkə arasında qarşılıqlı inam və hörmətə əsaslanan münasibət çərçivəsində iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək bir daha vurğulanıb.

Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyətin, iqtisadi və mədəni əməkdaşlığın, o cümlədən enerji, yüksək texnologiyalar, nəqliyyat, humanitar, təhsil, turizm, alternativ enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın Şuşa və Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşmış şəhər təcrübəsinin digər şəhərlərimiz arasında da yaradılmasının vacib olduğu bildirilib.

İki ölkə arasında iqtisadi əlaqələrə gəlincə, əməkdaşlığın potensial sahələrinin müəyyən edilməsi və ümumi maraq doğuran layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Serbiyanın müvafiq orqanlarının birgə səylərinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə Cənub Qaz Dəhlizi çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və TAP birləşdirici boru kəmərləri vasitəsilə Serbiya və Balkan regionuna təbii qazın nəqli imkanlarının araşdırılması məqsədilə başlanmış ikitərəfli məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Həmçinin Serbiyadan olan şirkətlər və investorlar Ələt Azad İqtisadi Zonada, eləcə də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi geniş miqyaslı bərpa işlərində iştirak etmək, eləcə də bu bölgələrdə mümkün investisiya sahələrini araşdırmaq üçün dəvət olunub.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi və ölkəmizin Zəfər qazanmasından sonra sülh prosesi və bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə həmkarını ətraflı məlumatlandırıb. Bununla yanaşı, 24 saatlıq antiterror tədbirlərini şərtləndirən amillər və suverenliyimizin tam bərpa edilməsindən sonra bölgədə yaranmış vəziyyət diqqətə çatdırılıb.

Nazir İvitsa Daçiç Serbiyanın Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm verdiyini, suverenliyə və ərazi bütövlüyünə ölkələrimizin qarşılıqlı dəstəyinin əhəmiyyəti qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sazişin imzalanma mərasimi baş tutub.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

Görüşlərdən sonra nazir Ceyhun Bayramov və Xarici İşlər Nazirliyində dövlət katibi Qoran Aleksiç Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Belqradın Dostluq parkında Çinar ağacları əkiblər.

Eyni zamanda, nazir Ceyhun Bayramov və XİN-in dövlət katibi "Taşmaydan" parkında Ulu Öndərin abidəsini ziyarət edib və önünə əklil qoyublar.