Azərbaycan Ermənistanla nəticəsiz danışıqlara vaxt sərf etməyəcək
Gündəm

Azərbaycan Ermənistanla nəticəsiz danışıqlara vaxt sərf etməyəcək

İndiyədək sülh müqaviləsi ilə bağlı Ermənistan və Azərbaycan arasında müxtəlif səviyyələrdə görüşlər keçirilib. Azərbaycan 44 Günlük Vətən müharibəsində qazandığı zəfərdən sonra qarşı tərəfə sülh əlini uzatdı. Biz sülh gündəliyinin əsasını təşkil edən 5 baza prinsipini Ermənistana təqdim etdik. Artıq 3 ilə yaxındır ki, davam edən danışıqlarda real nəticə əldə etmək mümkün olmayıb. Buna səbəb isə Ermənistanın mövqesiz olmağıdır. Bütün bunlar Ermənistanın sülhə əngəl olduğunun və özlərinin çirkin niyyətlərindən hələ də əl çəkmək istəmədiyinin göstəricisidir.

Politoloq Yusif Bağırzadə “Respublika”ya açıqlamasında bildirib ki, üçtərəfli bəyanatın imzalanmasından keçən dövr ərzində istər Rusiyanın, istər ABŞ-ın, istərsə də Avropa İttifaqının vasitəçiliyi ilə çoxsaylı görüşlər keçirilib: 

"Müxtəlif səviyyəli görüşlərdə bir çox fərqli məsələlər müzakirə olunsa da əsas olan odur ki, bütün bu görüşlər Azərbaycanın təqdim etdiyi gündəlik əsasında, yəni başqa szölə desək bizim irəli sürdüyümüz baza prinsipləri əsasında aparılır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər. Çünki Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Qeyd edim ki, Avropa İttifaqının ədalətli vasitəçi olmasına olan ümidlər bu birliyin regionda sabitlikdə maraqlı olmasından irəli gəlir. Qurum bölgə ölkələrinin dayanıqlı inkişafında maraqlıdır. Avropa İttifaqı yaxşı başa düşür ki, sülh olmadan dayanıqlı inkişafı təmin etmək, faktiki olaraq mümkün deyil. Təbii ki, burada Avropa İttifaqının özünün iqtisadi maraqları da vacib rol oynayır. Bölgədə sabitliyə nail olmaq yeni qlobal əhəmiyyətli layihələrin icrası üçün əsas şərtdir. Odur ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının tezləşməsinə çalışır. Çünki sülh sazişi nə qədər tez imzalanarsa, bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, Avropa İttifaqının özü üçün də bölgədə yeni imkanlar aça bilər”.

Deputat bildirib ki, ümumiyyətlə isə bizim üçün vasitəçinin kim olmasından asılı olmayaraq yekun nəticə vacibdir:

“Odur ki, prosesin kimin, hansı vasitəçi tərəfindən aparılması Azərbaycan üçün böyük fərq etmədiyi kimi, sülh sazişinin də hansı format çərçivəsində imzalanacağı bizə görə elə də böyük əhəmiyyətə malik deyil. Əsas olan, ədalətli və dayanıqlı sülh sazişi imzalanmasıdır. Sazişin hələ də imzalanmamasına gəldikdə isə, bu, birbaşa Ermənistanın destruktiv mövqeyindən irəli gəlir. Ermənistanın müstəqil ölkə olmaması və fərqli vasitəçilərlə görüşdə müxtəlif mövqedən çıxış etməsi və ya ümumiyyətlə imzaladığı bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması prossesi uzadır. Xatırlayırsınızsa, Moskvada Rusiyanın diqtəsi ilə sülhməramlıların mandatının 20 il uzadılmasını təklif edən Paşinyan bir ay sonra Brüsseldə bu dəfə də Avropa İttifaqının diqtəsi ilə bu qurumun mülki missiyasının sərhədə yerləşməsi təklifi ilə çıxış etdi. Yəni başqa sözlə, Ermənistanın bu və ya digər tərəfdən asılılığı və beynəlxaq güclərin də öz maraqlarını təmin etmək üçün Ermənistana göstərdiyi təzyiqlər sülh sazişinə gedən yolu uzadır. İndi top faktiki olaraq Ermənistanın meydançasındadır. Ya Paşinyan bütün təzyiqlərə tab gətirərək həm öz ölkəsi, həm də Cənubi Qafqazda sabitlik üçün Azərbaycanın sülh təklifini qəbul edəcək, ya da yenə də başqalarının diqtəsi ilə hərəkət edərək Ermənistanı daha böyük uçuruma aparacaq. Çünki bizim nəticəsiz danışıqlara daha 30 il sərf etmək niyyətimiz yoxdur”.

Röya RÜSTƏMLİ,

“Respublika”.