AZƏRBAYCAN DÜNYAYA GÜNƏŞ KİMİ DOĞDU
Siyasət

AZƏRBAYCAN DÜNYAYA GÜNƏŞ KİMİ DOĞDU

Bu gün Azərbaycan sürətlə inkişaf edir, şəhərlər, qəsəbələr abadlaşır, insanların həyat şəraiti yaxşılaşır. Paytaxt Bakı işıqlı, geniş yolları, yaşıl parkları, göydələnləri ilə Avropa şəhərlərinə meydan oxuyur. Bölgələrin infrastrukturu dəyişir, müasirləşir, paytaxtla rayonların inkişafı arasındakı fərq aradan qalxır, ucqar kəndlərə də rahat yollar, su, qaz kəmərləri çəkilir. Eyni zamanda, dövlətimizin dünyada nüfuzu artır, Azərbaycan regional və qlobal əhəmiyyətli beynəlxalq layihələrin icra edildiyi, beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilir. Keçən 20 il ərzində ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə olunan böyük uğurların əsas səbəbi, Prezident İlham Əliyevin öz siyasətini elmi əsaslara və milli maraqlara söykənən möhkəm təməl üzərində qurması və Heydər Əliyev siyasətini yeni şəraitin tələblərinə uyğun, yaradıcı ruhda davam etdirməsidir.

Heydər Əliyev dünyaşöhrətli siyasətçi, Azərbaycana, xalqa bağlı dahi şəxsiyyət idi, azərbaycanlı olması ilə fəxr edirdi, bütün dünyada Azərbaycanı təmsil və azərbaycançılığı təbliğ edirdi. Azərbaycanın milli maraqlarının qarantı olan dövlətçiliyinin möhkəmləndirilməsi və müstəqilliyinin əbədiləşdirilməsi onun siyasətinin əsas mahiyyətini təşkil edirdi. Heydər Əliyev təcrübəli dövlət xadimi, dövlət idarəçiliyinin mahir bilicisi kimi təkamülçü, dövlət quruculuğunda inqilabi dəyişikliklərin yox, mütərəqqi islahatların tərəfdarı idi. Deməli, onun siyasi kursu da mahiyyət etibarilə islahatçıdır, təkamülə əsaslanır, ardıcıl islahatlarla həyata keçirilməlidir. Heydər Əliyev dərin fəlsəfi təfəkkürə malik siyasi lider kimi öz fəaliyyətində, dövlət idarəçiliyində iqtisadiyyatı bazis, siyasəti üstqurum hesab edən dialektik məntiqə söykənirdi. Ümummilli liderin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" aforizmi də məhz bu mətləbdən xəbər verirdi, güclü dövlətin, güclü siyasətin ancaq güclü iqtisadiyyat üzərində qurula biləcəyini bəyan edirdi.

Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiləşdirilməsinə yönəlmiş fenomenal siyasi kursu ölkədə ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı təmin etməklə yanaşı, xalqımızın xoşbəxt gələcəyinə ünvanlanmışdı. Dövlət müstəqilliyinin fəlsəfəsi belədir ki, ondan hər evə, hər ailəyə bir pay düşməlidir. Gələcəyə ünvanlanmış siyasi kursun siyasi varisliyə, yəni bu kursu davam etdirəcək siyasi liderə və həyata keçirəcək siyasi komandaya ehtiyacı var. Odur ki, Heydər Əliyev fenomenal siyasətçi, xalqının dahi lideri kimi Azərbaycanın gələcəyini fikirləşərək özündən sonra siyasi kursu davam etdirəcək vahid siyasi komandanın və Prezident İlham Əliyev kimi müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdı. Bu gün Prezident İlham Əliyev bu etimadı yüksək səviyyədə doğruldur, ulu öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işləri, möhtəşəm layihələri uğurla və yaradıcılıqla davam etdirir.

Müasir dünya təcrübəsi göstərir ki, iqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki daxili siyasətdə - hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də xarici siyasətdə - yaxın və uzaq dövlətlərlə, beynəlxalq aləmlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması sahəsində hər hansı ciddi uğurundan danışmaq çətindir. Prezident İlham Əliyev müdrik və praqmatik bir siyasətçi kimi bu fikri dəstəkləyir: "Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir... O ölkələr dünyada özünə layiq yeri tutar ki, onlar öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir".

Ümummilli lider Heydər Əliyevin qanadlı bir ifadəsi vardı, deyirdi ki, Azərbaycan dünyaya günəş kimi doğacaqdır. Cənab Prezident öz siyasətində, idarəçilik prosesində daim bu tezisi rəhbər tutur, Azərbaycanın iqtisadi inkişafını və sivil dünyaya inteqrasiyasını əsas prioritet hesab edir. İqtisadi potensialı hər bir dövlətin gücünü və xalqın rifahını şərtləndirən başlıca amil kimi dəyərləndirən dövlət başçımız davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə effektiv xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafına çalışmış və ölkəmiz bu sahədə böyük uğurlar qazanmışdır.

Heydər Əliyevin yeni neft strategiyası ölkəmizin iqtisadi potensialını yüksəltməklə onu qlobal enerji təhlükəsizliyi məsələlərində fəal təşəbbüskara və iştirakçıya çevirmiş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin və digər beynəlxalq enerji layihələrinin reallaşdırılması regiondakı iqtisadi, siyasi mənzərəni əsaslı şəkildə dəyişmiş, Azərbaycanın dünyaya inteqrasiya prosesini sürətləndirmişdir. Bu strategiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan enerji ehtiyatlarının hasilatı və nəqli üzrə rəqabətədavamlı ölkəyə çevrilmiş, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilmişdir. Son 20 ildə Azərbaycanın neft strategiyasının prioritet istiqamətlərindən biri də məhz neft və qaz ehtiyatlarının müxtəlif marşrutlarla dünya bazarına çıxarılması (nəql yollarının diversifikasiyası) olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu müddət ərzində nəzərdə tutduğu ixrac layihələrini uğurla reallaşdırmış, özünü bütün dünyada məsuliyyətli və etibarlı tərəfdaş kimi tanıtdırmışdır.

Hazırda Azərbaycanda iqtisadi potensialın insan kapitalına çevrilməsi qarşıda duran əsas prioritetlərdən biridir. İnsan kapitalı geniş anlayışdır, burada söhbət fiziki cəhətdən sağlam, intellektual cəhətdən kamil, milli-mənəvi dəyərlərə sadiq insanın yetişdirilməsindən gedir. Prezident İlham Əliyev də bu fikri dəfələrlə qeyd etmişdir: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Gənc nəslin sağlam, savadlı yetişməsini təmin etməliyik. Bu siyasət Azərbaycanın gələcəyinə xidmət edir".

Azərbaycan Prezidenti ölkədə təhsilin, səhiyyənin və idmanın inkişafına xüsusi əhəmiyyət verir. Ölkəmizdə bu sahələrdə görülən işlər Prezident İlham Əliyevin sözü ilə əməlinin hər zaman üst-üstə düşdüyündən xəbər verir. Belə ki, son 20 ildə təhsilə yönəldilən xərclərin həcmi dəfələrlə artırılmış, təhsil sisteminin maddi-texniki bazası, faktiki olaraq yenidən qurulmuşdur. Respublikada minlərlə ümumtəhsil məktəbi, yüzlərlə məktəbəqədər təhsil müəssisəsi təmir edilmiş və tikilmiş, ölkə məktəblərinin kompüterləşdirilməsi, faktiki olaraq, başa çatdırılmışdır. Yeri gəlmişkən, bu sahədə Heydər Əliyev Fondunun gördüyü böyük işlər, həyata keçirdiyi mühüm tədbirlər xüsusi qeyd edilməlidir. Əhalinin sağlamlığı da dövlət başçısının daimi diqqət mərkəzindədir, son illərdə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin həcmi dəfələrlə yüksəlmişdir. Bu müddətdə Azərbaycanda yüzlərlə xəstəxana, müalicə-diaqnostika və bərpa mərkəzi, ambulatoriya-poliklinika müəssisəsi tikilib istifadəyə verilmişdir. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı, gənc nəslin fiziki sağlamlığının möhkəmləndirilməsi istiqamətində də böyük işlər görülmüş, bütün regionlarda müasir idman qurğuları və stadionlar yaradılmışdır.

Əlamətdar haldır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və yüngül sənayenin hesabına deyil, xeyli dərəcədə müasir informasiya texnologiyalarının tətbiqi sayəsində həyata keçirilir. Son illərdə elm və təhsil sahələrinin kompüterləşdirilməsi, yeni kommunikasiya sistemlərinə keçid, rabitə və informasiya texnologiyalarının modernləşməsi istiqamətində də böyük uğurlar əldə edilmişdir. Bütün bunlar Azərbaycanın ancaq öz təbii sərvətlərinə yönəldilmiş iqtisadi siyasət aparmadığını və elmtutumlu sahələrin inkişafına üstünlük verdiyini göstərir. Ölkəmizdə kosmik sənayenin təməlinin qoyulması da Prezident İlham Əliyevin elmə göstərdiyi qayğının, ölkəmizin sürətli inkişafının göstəricisidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi effektiv xarici siyasət praqmatik mahiyyəti, müasir dünyanın geosiyasi gerçəkliklərinə cavab verməsi ilə əlamətdardır. Müasir dövrdə qloballaşma elə bir səviyyəyə çatmışdır ki, ölkənin idarə olunması təkcə daxili məsələlərin həlli ilə yekunlaşmır. Bizdən asılı olmayan, qlobal səciyyə daşıyan, bütün bəşəriyyəti narahat edən proseslər hər bir ölkəyə təsir göstərir. Bu səbəbdən də müasir dövrdə yerli hadisələrə regional, regional hadisələrə qlobal maraqlar çərçivəsində baxmağı bacaran, yerli problemləri də beynəlxalq məsələlər kontekstində, mövcud maraqları nəzərə almaqla həll edə bilən, mütərəqqi düşüncəli liderlərə ehtiyac böyükdür. Bu nöqteyi-nəzərdən, Azərbaycanın bəxti, sözün əsl mənasında, gətirmişdir. Müasir dünyanın reallıqlarını nəzərə alan Prezident İlham Əliyev Azərbaycanın əlverişli geosiyasi mövqeyindən, tranzit imkanlarından, hər bir konkret zaman, məkan və imkan çərçivəsində milli maraqlara uyğun xarici siyasət hədəflərini müəyyənləşdirir.

Qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc-yanaşı yaşadığı, əmin-amanlığın və tolerantlığın hökm sürdüyü Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkana çevrilmişdir. Respublikamız artıq onlarla beynəlxalq tədbirə evsahibliyi etmişdir.

 Respublikamızın müasir diplomatik uğurlarından biri də 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması idi. Azərbaycan kəskin rəqabət şəraitində BMT üzvü olan 196 ölkədən 155-nin səsini toplayaraq, 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Azərbaycan yalnız öz problemlərini dilə gətirmək, regional problemlərə münasibət bildirmək üçün mühüm bir tribuna deyil, planetar əhəmiyyətli məsələlərin həllində iştirak etmək, ümumilikdə bütün türk dünyasının maraqlarını müdafiə etmək üçün real imkanlar qazanmışdı. Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqına müraciət etmiş və ölkənin müstəqilliyi dövründə belə böyük uğurun əldə edilməsinin tarixi nailiyyət olduğunu bildirmişdir: "Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü tanıdıb. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlərin zirvəsi isə şübhəsiz ki, 44 günlük Vətən müharibəsində qələbəmiz Qarabağın düşmən işğalından azad edilməsi oldu. Bu gün Azərbaycan Ordusunun Qarabağ müharibəsində tarixi qələbəsindən, Ermənistanın kapitulyasiyasından 3 il keçir, biz Zəfər bayramı ərəfəsindəyik. Bu qələbəni 100 ildən çox idi ki, gözləyirdik, namərd qonşular 100 ildən çox idi ki, Qarabağ torpaqlarına iddialı idilər. Azərbaycan yeni əsrdə, yeni minillikdə yeni tarix yazdı. Təbii ki, burada Azərbaycan əsgərinin şücaəti, xalqımızın əzmi, həmrəyliyi, qardaş Türkiyənin böyük dəstəyi xüsusi qeyd olunmalıdır.

Bu gün dünyanın yarısının dəstəklədiyi qəddar düşmən üzərində qələbəyə qadir olan güclü Ordunun yaradıcısı, Ali Baş Komandanı cənab İlham Əliyevdir. Xalqımızı azərbaycançılıq ideyası ətrafında, üçrəngli bayrağımızın altında birləşdirən, qələbəyə ruhlandıran, inandıran, irəli aparan da Azərbaycan Prezidentidir.

Hər bir siyasətçinin, siyasi liderin müdrikliyi, miqyası onun səbirli, tədbirli və qətiyyətli olması ilə bərabər, həm də vaxtı hiss etməsi, həlledici məqamı düzgün seçməsi ilə ölçülür. Buna xalq arasında fəhm, uzaqgörənlik də deyirlər. Bəli, dünən tez, sabah gec ola bilərdi, Zəfər müharibəsi məhz həmin gün başlamalı idi. Və bu seçim müdrik, uzaqgörən siyasətçi kimi möhtərəm İlham Əliyevin seçimi idi. Şübhəsiz ki, Vətən müharibəsində qalib gəlmək üçün 3 amil üst-üstə düşməlidir: Xalqın əzmi, ordunun şücaəti və Sərkərdənin siyasəti. Bəli, üst-üstə düşən bu üç amilə görə biz 44 günlük Vətən müharibəsində qalib gəldik... Bu möhtəşəm qələbəni bizə yaşatdıqlarına görə Böyük xalqıma, möhtərəm Prezidentimə və Qalib əsgərimə təşəkkür edirəm...

Bu gün ölkə daxilində və xaricində bütün mütərəqqi qüvvələr Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətə böyük inam bəsləyir və dəstəkləyir. Möhtərəm İlham Əliyevin milli maraqlara sədaqəti və onları qorumaq məharəti, geostrateji düşüncə tərzi, idarəçilik qabiliyyəti kimi fenomenal xüsusiyyətləri onu Azərbaycan Prezidenti vəzifəsində, faktiki olaraq alternativsiz edir. Möhtərəm Prezidentin həyata keçirdiyi müdrik daxili siyasəti xalqımızın azad, təhlükəsiz və firavan yaşamasına ünvanlandığı kimi, xarici siyasəti də regionda sülh və sabitliyin təmin olunması, yaxın və uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, qlobal enerji - kommunikasiya layihələrinin həyata keçirilməsi kimi xalqımızın və bütün dünyanın dəstəklədiyi məsələlərin həllinə yönəlmişdir. Ümummilli liderimizin arzusu olan bu məsələlər möhtərəm Prezidentimizin hədəfindədir. Deməli, Azərbaycanın gələcəyi etibarlı əllərdədir…

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.