Azərbaycan dünyanın diqqət mərkəzindədir
Gündəm

Azərbaycan dünyanın diqqət mərkəzindədir

2023-cü ilin son günlərində ölkəmiz özünün uğurlar silsiləsinə növbəti nailiyyət əlavə etdi: 2024-cü ildə, daha dəqiq desək, 11 aydan sonra beynəlxalq əhəmiyyətli COP29 sammiti Bakıda keçiriləcək.

Ölkəmizin beynəlxalq tədbirlərə evsahibliyi etməsi ənənəvi hal olsa da, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi təbii ki, özünün əhəmiyyəti, nəticələri, eyni zamanda məsuliyyəti baxımından digər mötəbər tədbirlərdən fərqləndirilməlidir. Təkcə onu demək kifayətdir ki, sessiya müddətində Bakı on minlərlə turist qarşılayacaq və 2024-cü il üçün ölkəmizin turizm potensialı bu kontekstdən artacaq.

1995-ci ildən etibarən hər il keçirilən COP sessiyalarının tarixində 2015-ci ildə Parisdə baş tutan 21-ci sessiyanı xüsusilə fərqləndirmək lazımdır. Çünki sessiya çərçivəsində qəbul edilən Paris müqaviləsi ilk beynəlxalq iqlim müqaviləsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası da Paris sazişinə qoşulan dövlətlərdən biridir.

Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi dövlətimizin prioritet maraqları ilə üst-üstə düşür. Çünki Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin dövlət olaraq bütün dünyada neft-qaz ölkəsi kimi tanınsa da, cənab Prezident İlham Əliyevin enerji strategiyasında alternativ mənbələr və "yaşıl enerji" amili ölkəmiz üçün daha böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikası hazırda "yaşıl enerji" növlərinin yaradılmasını və dünya bazarlarına nəqlini milli enerji strategiyasının gələcək illər üçün prioriteti kimi dəyərləndirir. Bunun üçün ölkəmizdə kifayət qədər geniş potensial var. Cənab Prezident "yaşıl enerji" amilini dəfələrlə vurğulayaraq, əslində bütün dünyaya mesaj verməyə çalışır ki, Azərbaycan sadəcə neft-qaz deyil, "yaşıl enerji" potensialı ilə də zəngin bir ölkədir və biz bu istiqamət üçün də qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa hazırıq.

Prezident cənab İlham Əliyevin Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında iştirakı, növbəti il üçün sessiyanın ölkəmizdə keçirilməsinə qərar verilməsi "yaşıl enerji" sahəsindəki addımlarımızın qlobal səviyyədə müsbət dəyərləndirilməsi mənasına gəlir. Bu, illərdir həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsidir. Azərbaycan "yaşıl enerji" sahəsində bir çox dövlətlərlə əməkdaşlıq edir. Məsələn, 2022-ci il yanvarın 13-də Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 2022-ci il martın 15-də "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə 4 anlaşma memorandumu imzalanıb. 2022-ci ilin dekabr ayında Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla "yaşıl enerji" sahəsində strateji əməkdaşlıq sazişi imzaladı. Azərbaycan işğaldan azad edilmiş ərazilərin də "yaşıl enerji" zonasına çevrilməsini hədəfləyir. Bununla bağlı müvafiq Dövlət Proqramı beynəlxalq təcrübədən yararlanılmaqla icra edilməkdədir.

44 günlük müharibənin ardından Ermənistan və havadarları düşünürdülər ki, əsassız ittihamlarla ölkəmizin beynəlxalq nüfuzuna zərər vura biləcəklər. Lakin COP29 sessiyasının ölkəmizdə keçirilməsi özü bütövlükdə kampaniyanın süqutu deməkdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq nüfuzu hər keçən il güclənir və həm evsahibliyi etdiyimiz tədbirlər, həm də fərqli regionlardan dostlarımızın çoxalması uğurlu dövlət siyasətini özündə əks etdirir.

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.