AZAL 12-ci dəfə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı aviaşirkət hesab edilib
Digər xəbərlər

AZAL 12-ci dəfə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı aviaşirkət hesab edilib

AZAL nüfuzlu "World Airline Awards 2023" mükafatı ilə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət adına layiq görülərək  yenidən öz yüksək statusunu təsdiq edib. Daim sərnişinlərə keyfiyyətli xidmət göstərən aviaşirkət regionda aviadaşımalar bazarında öz liderliyini təsdiq edərək  on ikinci dəfə nüfuzlu mükafata sahib olub. Bu möhtəşəm nailiyyət AZAL-ın  nüfuzunu və aviasiya sahəsində möhkəm mövqeyini sübut edir. Mükafatlandırma mərasimi 20 iyun tarixində Paris aviasalonu çərçivəsində baş tutmuşdur.

"Skytrax" şirkətinin baş direktoru Edvard Pleysted "Azərbaycan Hava Yolları" şirkətinin rəhbərliyini və əməkdaşlarını bu mühüm nailiyyət - Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət nominasiyasında rekord sayda - on ikinci dəfə qələbə qazanması münasibətilə təbrik edib: "Bu, xüsusilə regionda artan rəqabət şəraitində davamlılığın təzahürünün gözəl nümunəsidir".  AZAL QSC-nin prezidenti Cahangir Əsgərov isə deyib:  "Biz fəxr edirik ki, AZAL yüksək keyfiyyət səviyyəsini saxlayaraq regionun aviasiya sahəsində liderlərdən biri olaraq qalır. Aviaşirkətimiz yeni nailiyyətlər qazanmağa davam edəcək və sərnişinlərə yalnız ən yaxşı xidmətləri təqdim edəcəkdir. Sərnişinlərimizə bizə etibar etdiklərinə görə və AZAL-ın bütün komandasına  səylə çalışdıqlarına  görə təşəkkür edirik".

Qeyd edək ki, "World Airline Awards" mükafatı qeyri-rəsmi "Aviasiya Oskarı" statusuna malikdir. Bu mükafat 1999-cu ildən etibarən hər il aviaşirkət və hava limanı xidmətlərinin keyfiyyətinin aparıcı qlobal qiymətləndiricisi, İngiltərənin "Skytrax" konsaltinq agentliyi tərəfindən təqdim edilir.

"Azərbaycan Hava Yolları" QSC-nin

Mətbuat xidməti.