Avropanın etibarlı enerji təminatçısı
İQTİSADİYYAT

Avropanın etibarlı enerji təminatçısı

Yeni dünya nizamında Azərbaycanın əvəzsiz rolu danılmazdır. İstər regional, istərsə də qlobal səviyyədə daim tərəqqiyə və təhlükəsizliyə töhfə verən ölkəmiz konstruktiv mövqe sərgiləyir. Xüsusən də Cənubi Qafqazda baş verən proseslərdə birmənalı şəkildə bölgənin rifahı üçün çalışan Azərbaycan reallaşdırdığı meqalayihələrlə öz liderlik mövqeyini bir daha təsdiq edir.

Ölkəmiz zəngin təbii sərvətlər baxımından fərqlənən dövlətlər sırasındadır. Enerji ölkəsi kimi əhəmiyyətli rol oynayan Azərbaycan nəhəng dövlətlərin etibarlı tərəfdaşıdır. Avropanın alternativ mənbələrə çıxışda və enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizi qiymətləndirməsi, alternativ enerji təminatçısı kimi onu seçməsi də təbiidir. Çünki ölkəmiz sabit və etibarlı imici ilə xüsusilə Avropanın diqqət mərkəzində olan enerji resursları ilə regional inkişafda əhəmiyyətli rol oynayır. Azərbaycan Qərbin enerji tələbatının ödənilməsinə mühüm töhfə verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti "Əsrin müqaviləsi" ilə Cənubi Qafqazın ilk neft istehsalçılarından olan Azərbaycanı beynəlxalq arenada əsas oyunçuya çevirib. Digər tərəfdən, Azərbaycan külək və günəş enerjisi potensialı ilə bağlı mühüm addımlar atır. Külək enerjisi potensialı üzrə Xızı və Abşeron yarımadasının qərb hissəsi, günəş enerjisi potensialı üzrə isə Naxçıvan əlverişli ərazilər hesab olunur. Azad edilmiş ərazilərimizdəki yaşıl enerji potensialı isə gələcək perspektivdə olduqca önəmlidir. Qeyd edək ki, ötən il Azərbaycan 121 milyon 598,37 min (artım 75,4%) dollar dəyərində 1 milyard 711 milyon 432,88 min kVt.saat (2021-ci illə müqayisədə artım 7,7%) elektrik enerjisi ixrac edib. Həmçinin bu ilin birinci rübünə nəzər salsaq, enerjisi ixracının 6,1 dəfə artdığına şahid olarıq. 2023-cü ilin ilk üç ayında elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 milyon kVt./saat, yəni 7,7 faiz artaraq 7 756,2 milyon kVt./saat olub.

Xüsusilə qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsinə və dərinləşməsinə xidmət edir. Enerji sektorunda uğurların əldə olunması ardıcıllığına nəzər yetirsək görərik ki, ölkəmiz vahid iqtisadi enerji planı üzrə irəliləyərək böyük nailiyyətlər qazanmışdır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin açılışı,  2011-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının şaxələndirilməsini stimullaşdırmaq məqsədilə çox mühüm sənəd hesab edilən Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu imzalanması enerji ixracatını daha da səmərəli etdi. 2014-cü ildə Cənub Qaz Dəhlizi ilə bağlı Bakıda, 2015-ci ildə isə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi baş tutdu. 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Bununla da Azərbaycan təbii qazının Avropaya uğurla ixracı başlandı. Danılmaz faktdır ki, TANAP Cənub Qaz Dəhlizinin reallaşmasında müstəsna rol oynamışdır. Boru xətti həmçinin potensial olaraq Avropa dövlətləri və beynəlxalq strukturlarda ölkəmizə qarşı yaranan əsassız tendensiyaların da qarşısını almışdır. TANAP Azərbaycanı iqtisadi və siyasi cəhətdən yüksək əməkdaşlıq imkanları ilə də təmin etmişdir.

İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Forumun dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərin suallarını cavablandırıb. İtalyan jurnalist Maurisio Gerini sualına ölkə başçımız "Məsələn, Cənub Qaz Dəhlizi. Biz o layihənin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində biz o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Bildiyiniz kimi, bu layihə müvəffəqiyyətlə icra olunmuşdur və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır", - deyə cavab verib

Azərbaycanın Avropa kimi nəhəng qitənin enerji təminatçısı rolunda çıxış etməsi ölkəmizin artan nüfuzundan xəbər verir. Uğurlu tərəfdaşlıqların nəticəsi olaraq reallaşdırılmış layihələr enerji nəqlini getdikcə daha da artırır. Qeyd etmək yerinə düşər ki, TANAP Şahdəniz-2 qaz yatağından hasil olunan təbii qazın Türkiyə və Avropa bazarlarına nəqlini genişləndirir. Layihənin ilk mərhələsi 2018-ci ildə başa çatmış, 2020-ci ildə kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard kubmetr olmuşdur. İllik göstəricilərin bu il 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacağı proqnozlaşdırılır. İlk dövrdə TANAP kəməri ilə nəql olunmuş 16 milyard kubmetr Azərbaycan təbii qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə nəql edilmişdir. Şübhəsiz ki, TANAP ölkəmizin Avropanın enerji bazarlarına inteqrasiyası, eləcə də təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkanlardan biridir.

Ötən ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzalanan "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"na əsasən 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması gözlənilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxışı zamanı qeyd edib ki, Rusiya etibarlı enerji tərəfdaşı deyil. Buna görə də Aİ-nın Azərbaycanın timsalında daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutduğunu bildirib. Bütövlükdə, ölkəmiz bir çox Avropa ölkələrinin qaz istehlakının 80 faizini təmin edir.

Bu il Ümummilli lider Heydər Əliyevin 100 illiyinə təsadüf edən "Bakı Enerji Həftəsi"ndə iştirakçılara müraciət edən ölkə başçımız vurğulayıb ki, Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır. Həmçinin ölkə başçımız mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında iştirak edib. Tədbir çərçivəsində görülən işlər, Azərbaycanın enerji sahəsində uğurları və enerji təhlükəsizliyi barəsində danışılıb.

Qeyd etmək yerinə düşər ki, ölkəmiz Dünya İqtisadi Forumunun "Səmərəli Enerji Keçidinin Təşviqi-2023" hesabatında 32-ci pilləyə yüksəlib. Burada 120 ölkənin dayanıqlı və səmərəli enerji sisteminə doğru irəliləmək üçün göstərdiyi səylər qiymətləndirilib. Həmçinin son 10 il ərzində ən yüksək irəliləyiş göstərən ölkələr sırasında olan Azərbaycanın iqtisadi inkişafla ekoloji dayanıqlılığın balanslaşdırılmasına sadiq olduğu vurğulanıb. Qeyd edək ki, ölkəmiz 2022-2023-cü illər arasında Enerji Keçid İndeksində ən yüksək irəliləyiş edən ölkələr sırasında yer alıb. Bundan başqa, hesabatda vurğulanıb ki, Azərbaycan enerji keçidinə hazırlıq infrastrukturunun qurulması istiqamətində göstərdiyi güclü səylərə görə cari il üçün reytinqlərdə əhəmiyyətli dərəcədə yüksəlib.

Nurlan ABDALOV,

"Respublika".