Avropa Parlamenti hayların
Siyasət

Avropa Parlamenti hayların "ali" tribunasına çevrilib

Hərbi-siyasi müstəvidə anti-Azərbaycan bloku fəallıq göstərir. Hayların oynadığı "məzlum" rolu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra öz effektivliyini artırıb.

Lakin burada təkcə Ermənistanın Qərb blokuna yox, sözügedən qüvvələrin forpost ölkəyə olan "marağı" həlledicidir. Cənubi Qafqazla bağlı planlar bu iki məkrli obyekti bir-birinə olduqca yaxınlaşdırıb. Qərbin Ermənistandan istəyi "yeni Ukrayna" modelidir. Xain düşmən isə bunun müqabilində alacağı maddi və hərbi yardımlar hesabına Azərbaycana qarşı üstünlük əldə etməyə çalışır.

İfrat həddə çatmış çoxüzlü yanaşma son olaraq noyabrın 29-da Avropa Parlamentində göründü. Bir müddət əvvəl gurultulu alqışlarla Nikol Paşinyanı qarşılayan parlamentarilər bu dəfə də proqnozları yanıltmadı. Ermənistan siyasi hakimiyyətinin "ali" tribunasına çevrilmiş bu məkan nüfuzunu çoxdan itirib. Belə ki, Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin "Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi", həmçinin "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi" ilə bağlı qəbul edilən illik hesabatlarında öz əksini tapmış beynəlxalq qanunlara zidd və mövcud reallıqları təhrif edən fikirlər bunu bir daha təsdiq edir. Qəbul edilmiş sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsinin hərbi təcavüz adlandırılması, habelə beynəlxalq normaları pozduğunu iddia edərək ölkəmizə qarşı sanksiyaların tətbiqinə çağırışlar da yer alıb. Onlar Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə bağlı narahatlıqlarını dilə gətirərək onların hüquqları

nın pozulduğunu qeyd ediblər.

Sadalanan arqumentlər təsdiq edir ki, Avropa Parlamenti azərbaycanlılara qarşı irqi, dini ayrı-seçkiliyi davam etdirir. Belə ki, əsrlər boyu dinc sakinlərimizə, maddi-mədəni irsimizə divan tutan haylara göz yuman, yurd yerindən didərgin salınan soydaşlarımızın naləsini qulaqardına vuran AP bu gün öz xoşu ilə ərazini tərk edən ermənilərə himayədarlıq etməyə çalışır. Yüz minlərlə azərbaycanlının doğma yurd yerlərindən qovulmasına, soyqırımlarının törədilməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsinə biganə qalanlar bu gün Ermənistanın əsassız ittihamlarına gündə bir don geyindirirlər. Qərb blokunun ədalət tərəzisi bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, uşaq, qadın və qocaya fərq qoymadan azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar törədən Ermənistanı "ağır" hesab edir. Bu azmış kimi, riyakarcasına Azərbaycanı etnik təmizləmədə günahlandırır.

Qərb bloku və Ermənistanın əlində alətə çevrilən Qarabağın erməni əhalisindən istifadə imkanları artıq mövcud deyil. Məhz bu səbəbdən anti-Azərbaycan bloku qarışıqlıq yaratmaq üçün yalan və iftiralardan istifadə edir. İlk olaraq qeyd edək ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin, xüsusilə erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəlik Ermənistan tərəfindən yerinə yetirilməmişdir. Bununla yanaşı, qeydə alınan videogörüntülərdə də ərazini tərk edən ermənilərin vəziyyəti ilə maraqlanan rəsmilərimizin münasibəti aydındır. Heç bir zorakılıq aktının qeydə alınmadığını onların özləri də etiraf edirlər. Bunu oktyabr ayında bölgəyə səfər edən BMT missiyasının nümayəndə heyəti də öz bəyanatlarında bildiriblər. Ermənistan hakimiyyəti buradan gedən ermənilərə qaçqın statusu vermək istəyir və bu yolla Avropadan yardım paketi dilənir. Görünür, Avropa Parlamenti də Ermənistanı bu məqsədə çatdırmaq üçün haylarla eyni havanı oynayırlar. Avropa və ABŞ Ermənistana hərtərəfli yardım etməkdədirlər. Fransadan gələn "Bastion" zirehli texnikası, rəsmi Vaşinqtonun hər hansı "təhlükəyə" qarşı yardım səfərbərliyi təminatı, Hindistanla imzalanan milyon dollarlıq hərbi müqavilələr hayları qane edir.

Regional müstəvidə Qərb blokunun reallaşdırmağa çalışdığı plandan ən çox ziyan çəkən elə Ermənistanın özü olacaq. Nəticə etibarilə Azərbaycan öz suverenliyini tam bərpa edərək 30 illik işğala son qoymuşdur. 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün qeydinə qalan dövlətimiz regionda yeni reallıq yaratmışdır. Müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın başına gələn müsibətlərdə ən az Ermənistan qədər rolu olan beynəlxalq təşkilatlar bu gün ölkəmizin ədalət tərəzisini tənzimləməsini həzm edə bilmirlər. Avropa Parlamentinin timsalında bütün beynəlxalq hüququn norma və prinsiplərini qorumalı olan qurumlar dünyada baş verən ədalətsizliyə qarşı qərəzli mövqeyi kənara qoymaq əvəzinə siyasi-hərbi planlar daxilində manevr edir, bəşəri proseslərdə qərəzli fiqur kimi çıxış edirlər.

Nurlan ABDALOV,

"Respublika".