Avropa İttifaqı missiyasının tərkibinin artırılması siyasi manipulyasiya alətidir
Siyasət

Avropa İttifaqı missiyasının tərkibinin artırılması siyasi manipulyasiya alətidir

Ermənistanın siyasi ideoloqları bu gün feyk məlumatlar paylaşmaqla məşğuldurlar. Onlar elə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan Ermənistan ərazisinə müdaxilə edəcək və bunun əsas səbəbi ya anklavlardır, ya da ki, Zəngəzur dəhlizinin açılması olacaq. Halbuki, Azərbaycanın belə bir məqsədi yoxdur. Məhz Ermənistana siyasi və hərbi yardımın göstərilməsinin arxasında da bu uydurma fikirlər dayanır.

Bəli, dövlətimiz Qərbi Azərbaycan məsələsinə diqqət yetirir və rəsmi şəkildə bildirir ki, tarixi torpaqlara qayıdış dinc, silahsız yollarla həyata keçiriləcək. Lakin Ermənistan və Qərb dairələri elə bir görüntü yaratmağa çalışır ki, guya Azərbaycan yalnız bunu siyasi müstəvidə dilə gətirir, həqiqi planları isə başqadır. Artıq Avropa İttifaqı bu məqsədlə Ermənistanda müşahidəçilərinin sayını 71 nəfər artıraraq, 138-dən 209-a çatdırıb və bəyan edib ki, məqsəd Azərbaycanla sərhəddə sabitliyi qorumaqdır. Bu xüsusda Avropa İttifaqının missiyasının tərkibinin demək olar ki, iki dəfəyə qədər artırılması da siyasi manipulyasiya alətidir. Bildiyimiz kimi, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında vasitəçi kimi çıxış edir. Şarl Mişelin bununla bağlı müsbət təşəbbüsləri də olub. Lakin təəssüf ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyası siyasi spekulyasiya aləti kimi istifadə olunur. Dəfələrlə bu rıçaqdan Azərbaycana qarşı istifadə edilib. Digər bir məsələdə İranın, Rusiyanın, hətta Fransanın Ermənistanın cənubunda konsulluq açmaqla bağlı fəaliyyəti müşahidə olunmaqdadır və onların bəziləri də buna nail olublar. Məhz bu səbəbdən Ermənistanı silahlandırmaq istəyirlər. Düşünürəm ki, bu, tamamilə yolverilməzdir və Avropa İttifaqının vasitəçilik missiyasını da sual altında qoyur.

İlyas HÜSEYNOV,

politoloq.