ARI AİLƏLƏRİNİN MƏHSULDARLIĞINI ARTIRMAQ, SAĞLAMLIĞI ÜÇÜN MİLLİ BREND QURĞU YARADILIR
İQTİSADİYYAT

ARI AİLƏLƏRİNİN MƏHSULDARLIĞINI ARTIRMAQ, SAĞLAMLIĞI ÜÇÜN MİLLİ BREND QURĞU YARADILIR

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ilk müsabiqədə iştirak etmiş 329 layihədən yalnız 15 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunmuşdur. Qalib layihələrdən biri də ƏMİR Texniki Xidmətlər MMC-nin “Bal arılarını gənələrdən təmizləmək üçün Azərbaycan milli brendi olacaq qurğunun yaradılması” adlı layihədir.

ƏMİR Texniki Xidmətlər Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş layihənin rəhbəri fizika-riyaziyyat elmləri doktoru Vüqar Əliyevdir. Layihə multidissiplinar xaraker daşıyır və texnika və arıçılıq üzrə mütəxəssislərin səylərini birləşdirir. Layihədə şirkətin elektronika üzrə mütəxəssisləri ilə yanaşı, Gəncə Dövlət Universitetinin əməkdaşları Vaqif Rüstəmov və Rəşad İsgəndərov da iştirak edirlər. Qeyd etmək lazımdır ki,Vaqif Rüstəmov və Rəşad İsgəndərov həm də Göygöl, Samux və Daşkəsən rayonlarının ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olurlar.

Təbii bir sual yaranır ki, bu layihənin aktuallığını şərtləndirən amillər hansılardır?

Dünya arıçılıq praktikasında mühüm məsələlərdən biri arı ailələrinin məhsuldarlıq göstə­rici­sidir. Hər bir arı ailə­si­nin məhsuldarlığı üzrə orta dünya göstəricisi 22 kq, o cümlədən Tür­ki­yədə - 16 kq, Çində - 48 kq, Kanadada - 55 kq olduğu halda, Azərbaycanda  10 kq-dan da azdır. Bu geriliyin başlıca səbəbi Azərbaycanın coğrafi və iqlim şəraitində bal arılarına Varroa destructor gənələrinin ziyanlı təsiridir. Bu gənələr çiçəklərin üstündən nektar toplayan arıların bədəninə yapışaraq arı təhnəsinə gəlirlər və burada parazitar fəaliyyət göstərərək arı süfrələrini yeyirlər. Arı ailələrinin məhsuldarlığını artırmaq üçün arıların sağlamlığını təmin etmək, onları gənələrdən təmizləmək lazımdır. 

Varroa destructor gənələri  ilə mübarizə bütün dünyada aparılsa da, bu günədək konkret, hamı tərəfindən qəbul olunmuş vahid mübarizə sxemi, üsulu və ya qurğusu yoxdur. Birmənalı olaraq qeyd etmək lazımdır ki, indiyədək bal arılarını Varroa destructor gənələrindən təmizləmək üçün təklif edilmiş qurğular arı ailəsində gənələrin populyasiyasını yalnız müəyyən həddə qədər azaltmağa imkan verir. Bu gənələri tam aradan qaldıra bilən bir qurğu məlum deyildir.

Bal arılarını gənələrdən təmizləməyin bir yolu arıların bioloji inkişafının müxtəlif mərhələlərində onların qida rasionuna kobalt duzlarının, akarisidlərin (o cümlədən kükürd, xlor-orqanik və fosfor-orqanik birləşmələrin), antibiotiklərin (məsələn, avermektinin) və sair bu kimi əlavələrin edilməsidir. Bal arılarının gənələri ilə belə mübarizə üsulları,həm gözlənilən effekti vermir, həm də bir çox hallarda balın tərkibinə mənfi təsir göstərir. Balın tərkibində kimyəvi preparatların olması isə onun dünya standartlarından fərqlənməsinə və ixrac potensialının olmamasına səbəb olur.

ƏMİR Texniki Xidmətlər MMC-nin əməkdaşları bal arılarının gənələrini termik üsulla təmizləmək üçün “ANTİVARROA” adlı xüsusi termokamera qurğusu yaratmaq üzərində çoxdan məqsədyönlü tədqiqat işləri aparırlar.  ƏMİR Texniki Xidmətlər MMC bu istiqamətdə öz səylərini arıçılıqda böyük təcrübəsi olan Vaqif Rüstəmovun qabaqcıl arıçılıq təcrübəsi ilə  birləşdirmişdir. Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu ildə keçirdiyi “Agro X” Startap Layihələri müsabiqəsində Vaqif Rüstəmovun layihəsi qalib gəlmişdir. Bundan sonra Vaqif Rüstəmov ƏMİR Texniki Xidmətlər MMC ilə iş birliyi quraraq bal arılarını gənələrdən təmizləmək üçün xüsusi qurğunun hazırlanmasını təklif etmişdir. ƏMİR Texniki Xidmətlərin direktoru, fizika-riyaziyyat elmləri doktoru Vüqar Əliyev bu təklifi dəstəkləmiş və MMC-nin maddi-texniki bazasından istifadə etməklə ilk uğurları qazanmışdır. Yaradılmış qurğu müvafiq qaydada patentləşdirilmiş və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən faydalı modelə patent almışdır.

Qurğu bir neçə variantda istehsala hazırlanır. İlkin marketinq araşdırmaları göstərir ki, qurğuya həm Azərbaycanda, həm də qonşu ölkələrdə, o cümlədən Türkiyə, İran, Əfqanıstan, Pakistan, Orta Asiya respublikalarında və Rusiyanın cənub vilayətlərində böyük ehtiyac vardır.

28 avqust 2021-ci il tarixində  ƏMİR Texniki Xidmətlər şirkətində  “ANTİVARROA” qurğusunun  sınaqları keçirilmişdir. Qurğunun elektronik sistemləri onun bal arılarını gənələrdən təmizləmək üçün tam hazır olduğunu nümayiş etdirmişdir.Yaradıcı qrup “ANTİVARROA” qurğusunu çöl şəraitində sınaqdan keçirmək üçün avqust ayının 29-da Göygöl rayonunun Üçtəpə kəndində Vaqif Rüstəmova məxsus arıçılıq təsərrüfatına gəlmişlər. Qurğunun çöl şəraitində sınaqları uğurla keçmişdir. Sınaqlarda layihənin rəhbəri Vüqar Əliyev, layihənin iştirakçıları Vaqif Rüstəmov, Aygün Əliyeva və Rəşad İsgəndərov da iştirak etmişlər.Yaradıcı qrupun ərsəyə gətirdiyi “ANTİVARROA” qurğusunun ən mühüm üstünlüyü ondadır ki, qurğu avtomobil akkumulyatorundan (12v) qidalanır. Bu da çöl şəraitində, yaşayış məntəqələrindən uzaq çəmənliklərdə qurğunu işlətmək üçün 220 volt şəbəkə gərginliyinə ehtiyacı aradan qaldırır. Hazırda ƏMİR Texniki Xidmətlər şirkəti qurğunun Günəş batareyalarından qidalanan daha mükəmməl variantı üzərində işləyir.

 Qurğunun Bakıda və Göygöl rayonunda keçirilən sınaqlarındakı uğurlarını nəzərə alaraq ƏMİR Texniki Xidmətlər şirkətinin mütəxəssisləri “ANTİVARROA” qurğusunu istehsala hazırlamaq istiqamətində gərgin iş aparırlar. KOBİA isə öz növbəsində qurğunun istehsalına normal biznes şəraiti yaratmaq üçün ƏMİR Texniki Xidmətlər şirkətini 3 il müddətində mənfəət və gəlir vergilərindən azad edən Startap Şəhadətnaməsi vermişdir.

“ANTİVARROA” qurğusuna əmtəə nişanı almaq üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə müvafiq qaydada müraciət edilmişdir.

Vüqar ƏLİYEV,

ƏMİR Texniki Xidmətlər MMC-nin baş direktoru,

KOBİA dəstək layihəsinin rəhbəri.