Aran torpağınan incisi Ağgöl
Region

Aran torpağınan incisi Ağgöl

Azərbaycan təbiəti rəngarəng, bənzərsiz, füsunkar çalarlarla zəngindir. Mineral suları minbir dərdin dərmanıdır, dağları da, aranı da çox gözəldir. Yurdumuzun dilbər guşələri, şəlalələri, təbiət abidələri isə başqa bir gözəllikdən xəbər verir. Aran torpağının incisi, təbiətin möcüzəsi, gözəlliyindən göz doymayan Ağgöl bütün fəsillərdə insanın ruhunu təzələyir, köçəri quşların səsi istər-istəməz adamda sehrli bir ovqat yaradır. Ağgölün heyrətamiz gözəlliyi sözlərə sığmır, ana təbiət bu yerləri al-əlvan rənglərə bürüyüb, ləpələrin xəfif pıçıltısı, yarpaqların xışıltısı, quşların şaqraq nəğməsi burada canlı simfoniya yaradır. Bu ilahi gözəllikdən doymaq olmur, torpaq, su, hava, günəş Ağgöldə möcüzəli bir harmoniya yaradır.

Ağgöl Milli Parkı yaradılmasının 20 ili tamam olur. Ulu öndər Heydər Əliyevin 5 iyul 2003-cü il tarixli sərəncamı ilə Ağgölə milli park statusu verilib. Qeyd edək ki, Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl göllərindən biridir, bura köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazidir. Təbiətin yaratdığı bu nadir möcüzə - Ağgöl Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Qeyd edək ki, 1964-cü ildə 9173 hektar sahədə Ağgöl Dövlət Təbiət Yasaqlığı yaradılıb. 1978-ci ilin mart ayında gölün 4400 hektara bərabər olan su ərazisinə qorunma statusu verilib və Ağgöl Dövlət Təbiət Qoruğu yaradılıb. Nəhayət, 2003-cü ilin iyul ayında Ağgöl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılıb və ərazi Milli Park elan edilib. Bəzi mənbələrdə qeyd olunur ki, Ağgöl Kür və Araz çaylarında baş vermiş daşqınlar nəticəsində yaranıb, eyni zamanda dəniz səviyyəsindən aşağıda yerləşir. Kür çayının sağ sahili boyu ərazidə yerləşən gölə Ağgöl adı çox güman ki, yüksək şoranlığa malik olan dayaz su-bataqlıq ərazisinin yay mövsümündə quruması, duz qatının üzə çıxması ilə bağlıdır. Həqiqətən qızmar yay aylarında ərazinin müəyyən hissəsi uzaqdan ağ örpəyi xatırladır. Milli parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhradan ibarətdir. Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhranı, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.

Mütəxəssislərin araşdırmalarına görə, Ağgöl Milli Parkının ərazisində yarımsəhra, şoranlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü var. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. geniş yayılıb. Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Milli Parkın ən böyük sərvəti isə quşlardır. Müxtəlif növ quş növləri - mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabatdaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, Sultan toyuğu, ərsindimdik, qıvrım lələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək və qazlar burada məskunlaşır.

Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalar yaşayır. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin çoxsaylı növünə təsadüf olunur. Yeri gəlmişkən qeyd edək ki, Ağgölün qorunmasının həm də beynəlxalq əhəmiyyəti var. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Həm də Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeridir. Eyni zamanda, qeyd edək ki, Ağgöl Qarabağ iqtisadi rayonunda yaradılan ilk milli parkdır. Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qonaqlara milli park haqqında ətraflı məlumat veriblər. Ağgölün bioloji müxtəlifliyinin bərpasına və dayanıqlı inkişafına dəstək məqsədilə gölə çəkikimi balıq körpələri buraxılıb. Milli parkı ziyarət edən turistlər buranın təbiəti ilə tanış olub, təbiət mənzərələrini, fauna növlərini müşahidə edib, təbiət qoynunda səmərəli vaxt keçiriblər. Hazırda Azərbaycanda Ağgöl də daxil olmaqla 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 yasaqlıq mövcuddur. Vaxtilə ölkəmizdə qeydə alınan cəmi 200 baş ceyranın sayı artıq 7 min başdan çoxdur. Artıq Ağgöl Milli Parkında ceyranların davamlı, artan populyasiyası formalaşıb. Nadir təbiət abidəsi Ağgölün gözəlliyi insanı valeh edir, qəlbi, ruhu oxşayır.

Salman ALIOĞLU,

"Respublika".