AQRAR SAHƏNİN İNKİŞAFINA BƏXŞ EDİLƏN TÖHFƏLƏR
İQTİSADİYYAT

AQRAR SAHƏNİN İNKİŞAFINA BƏXŞ EDİLƏN TÖHFƏLƏR

1969-cu ildə respublika rəhbərliyinə irəli çəkilən Ulu Öndər Heydər Əliyev ovaxtkı mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın intibahı və tərəqqisi, iqtisadiyyat, elm və təhsilin yüksəlişi üçün düşünülmüş siyasət yeritdi. Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan hökumətinin diqqət mərkəzində olan ən ümdə vəzifələrdən biri kənd təsərrüfatının inkişafına qayğının artırılması olmuşdur desək, yəqin ki, səhv etmərik.

Cəsarətlə deyə bilərik ki, Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı illərdən etibarən təbiətin Azərbaycana bəxş etdiyi imkanlar və potensialdan daha geniş, düzgün və səmərəli istifadə edilməyə başlanılmışdır. Həmin illərdə ölkəmizdə kənd təsərrüfatının sürətli inkişafı istiqamətində sözün əsl mənasında dönüş yarandı. Ulu Öndər çox böyük məharət və bacarıqla keçmiş SSRİ rəhbərlərinin diqqətini Azərbaycanın kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəltmiş, respublikaya texnika, yanacaq, ehtiyat hissələri, tikinti materialları, mineral gübrə, kimyəvi preparatların gətirilməsinə nail olmuşdu. Həmin dövrdə çoxdan bəri SSRİ rəhbərliyinin diqqətindən kənarda qalmış Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək haqqında geniş tədbirlər planı hazırlandı və 1970-ci il iyul ayının 23-də Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin "Azərbaycan SSR-in kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında" xüsusi qərarı qəbul olundu. Bu qərar həmin illərdə və ondan sonrakı dövrlərdə respublikamızın kənd təsərrüfatının inkişafını müəyyənləşdirən əməli fəaliyyət proqramı idi.

Məhz bu dövrdə yeni torpaq sahələrinin istifadəyə verilməsi, torpaq fondunun sağlamlaşdırılması, su təchizatının yaxşılaşdırılması sahəsində konkret tədbirlər görüldü və beləliklə də kənd təsərrüfatının intensiv inkişafı təmin edildi. Muğan-Salyan zonası rayonlarında meliorasiya qurğuları tikilməsinin miqyası genişləndirildi. Respublikanın qərb zonasında 60 min hektar sahəni əkin suyu ilə təmin edən Ağstafaçay Su Anbarının  inşası başa çatdırıldı. Arazboyu zonada suvarma işlərinin inkişafına səmərəli təsir göstərəcək dəryaça-sugötürmə qurğusunun tikintisinə başlanıldı və s.

Heydər Əliyev respublikamızda kənd təsərrüfatının inkişafının növbəti mərhələsini və istiqamətlərini özünəməxsus uzaqgörənliklə çox düzgün və dəqiq müəyyən edərək növbəti tədbirlər həyata keçirməyə başlamışdı. Bu tədbirlər isə bitkiçilik və heyvandarlıqda məhsuldarlığı artırmaqla həmin sahələrin intensivləşdirilməsini, bitkiçilikdə daha çox əlavə dəyər yaradan pambıqçılığın və üzümçülüyün prioritet sahə elan edilməsini, yeni texnikanın və məhsul istehsalında sənaye texnologiyasının tətbiqi və digər məsələlərin həll olunmasını əhatə edirdi. Həyata keçirilən bu tədbirlər nəticəsində respublikamızda çoxsaylı quşçuluq fabrikləri, heyvandarlıq kompleksləri, yem sexləri, müasir texnika ilə təchiz edilmiş bitkiçilik müəssisələri yaradıldı və məhsul istehsalı yeni inkişaf mərhələsinə başladı.

Həmin illərdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, ona xidmət edən sahələrin, yəni kənd təsərrüfatı maşınqayırma və kimya sənayesinin inkişafının təmin edilməsi idi. Bu məqsədlə Bakıda və respublikamızın bir çox bölgələrində kənd təsərrüfatı maşınları və avadanlıqlarının istehsalı, habelə traktor və digər kənd təsərrüfatı texnikasının təmiri ilə məşğul olan zavodlar tikilib istifadəyə verildi. Sumqayıtda mineral gübrələr və aqrokimyəvi maddələr istehsalı təşkil edildi ki, onlar da kənd təsərrüfatı müəssisələrinin günü-gündən artan tələbatını daha dolğun və vaxtında ödəməyə imkan verirdi.

Kənd təsərrüfatı məhsulları istehsalının dinamik artımı məhsulun emalının mövcud tələblər səviyyəsində təşkil edilməsini ön plana çəkdi. Heydər Əliyev ittifaq hökumətindən Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı sənayesinin geniş vüsət almasını təmin edən qərarların qəbul edilməsini tələb etdi və buna nail oldu. Ulu Öndərin həmin qərarların icrasına bilavasitə rəhbərliyi və nəzarəti sayəsində bu sahədə inanılmaz nailiyyət əldə edildi.

1993-cü ildə Azərbaycanda yaranmış çox ağır, ictimai, siyasi və iqtisadi şəraitdə xalqın təkidli xahişi əsasında Ulu Öndərin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Bu dahi şəxsiyyət aqrar sahədə də vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər etdi. "Müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır, təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur", - deyən Ulu Öndər bununla da 1991-ci ildən iqtisadiyyatda, o cümlədən də aqrar sahədə islahatlar haqqında gedən uzun-uzadı mübahisələrə və müzakirələrə son qoydu.  Sözdən işə keçməyin yolunu müəyyən etdi və eyni zamanda islahatların keçirilməsi yolları, üsulları və müddəti barədə proqram hazırlanmasının labüdlüyünü əsaslandırdı.

Ulu öndər əhalinin ərzaqla, sənayenin bir çox sahələrinin xammalla təmin edilməsində kənd təsərrüfatının imkanlarından maksimum istifadə edilməsi ilə yanaşı, kənd təsərrüfatı sahəsində iqtisadi islahatların keçirilməsinin sürətləndirilməsini ilk plana çəkir, respublikada heyvandarlıq sahəsində özəlləşdirmənin sürətləndirilməsini tələb edirdi. Ulu Öndər 1994-cü ildə kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş respublika müşavirəsində aqrar islahatların vacibliyini bir daha vurğulayaraq bildirdi: "...Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir".

Həmin dövrdə öz müstəqilliyinə yeni qovuşmuş Azərbaycanda iqtisadiyyatın bütün sahələrində, xüsusilə aqrar bölmədə çox acınacaqlı vəziyyət hökm sürürdü. Maddi təchizatın pozulması səbəbindən aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməməsi məhsuldarlığın aşağı düşməsinə və məhsul istehsalının azalmasına səbəb olmuşdu. Bu da öz növbəsində aqrar-sənaye kompleksinin maşınqayırma və kimya sənayesi bölməsinə, eyni zamanda emal sənayesinə öz mənfi təsirini göstərir, müəssisələr tam gücü ilə işləyə bilmirdi. Belə vəziyyətdə müəssisələr bağlanır, işsizlik artır və əhalinin ərzaqla təminatında yaranmış çətinliklər aclıq təhlükəsini getdikcə artırırdı.

Belə bir vaxtda ulu öndər Heydər Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas istiqaməti kimi iqtisadi islahatlara ilk növbədə aqrar bölmədən başlamağın zəruri olduğunu göstərərək onun hüquqi bazasının yaradılması haqqında göstərişlər verdi.  Aqrar islahatların aparılması və Heydər Əliyevin həyata keçirdiyi təşkilati, siyasi və digər tədbirlər tezliklə öz bəhrəsini verməyə başladı və aqrar sahədə dönüş yaranmasına səbəb oldu. 1996-cı ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci ildən davam edən tənəzzülə son qoyuldu və ildən-ilə artım əldə edildi.

Ölkəmiz artıq heyvandarlıq və bitkiçilik sahəsində rekord nəticələr əldə etmişdir. Hazırda ölkəmiz əhalinin bir çox ərzaq məhsullarına, o cümlədən ət, kartof, tərəvəz, meyvə və digər məhsullara olan tələbatını yerli istehsal hesabına tam ödəyir. Başqa məhsullar üzrə isə xarici ölkələrdən asılılıq minimuma enib. Bu nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən aqrar islahatlar siyasətinin uğurla həyata keçirilməsi və onun Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilməsi sayəsində mümkün olmuşdur.

Şadkamal HÜSEYNOV,

"Tovuz Aqro" MMC-nin direktoru.