Energetika sektoru: iqtisadi əməkdaşlığın mühüm hissəsi
İQTİSADİYYAT

Energetika sektoru: iqtisadi əməkdaşlığın mühüm hissəsi

Azərbaycanın zəngin enerji ehtiyatları ölkəmizi beynəlxalq miqyasda mühüm aktora çevirib

"Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışında bildirib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün önəmi getdikcə artır. Şaxələndirilmiş infrastruktur qurmaqla istehlakçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqları maksimum dərəcədə qurmağa nail olur. Avropa üçün yeni təchizat mənbəyi olan Azərbaycan Xəzər hövzəsindən "mavi yanacaq" axını prosesinə ilk dəfə 2012-ci ilin əvvəlində start verib. Yeni və kifayət qədər zəngin mənbə kimi isə ölkəmizin Xəzərdəki "Şahdəniz" yatağı çıxış edir. Mütəxəssislər yataqda 1,2 trilyon kubmetr qazın olduğunu ehtimal edirlər. Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir və Azərbaycan bu məsələdə gələcəkdə çox mühüm rol oynaya biləcəkdir.

Dünya ölkələri ilə səmərəli və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində hər zaman mühüm rol oynayıb və bu siyasət Prezident İlham Əliyev tərəfindən ən yüksək və peşəkar səviyyədə həyata keçirilir. Səmərəli xarici siyasətin həyata keçirilməsi üçün xüsusən də Vətən müharibəsindən sonra ölkəmizin artmaqda olan gücünü və bölgədə yaranmış yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq baxımından ölkə başçısı səviyyəsində xarici səfərlərin həyata keçirilməsi də olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin son dövrlərdə Belçika, İtaliya, Gürcüstan, Çexiya, Albaniya, Serbiyaya etdiyi işgüzar və rəsmi səfərlər həm də ölkəmizin Avropa ilə yüksələn xətt üzrə inkişaf edən inteqrasiysının və yaxın münasibətlərinin göstəricisidir. Həmin ölkələrlə çoxşaxəli əməkdaşlıqda əsas yeri iqtisadi və xüsusən də enerji sahəsində əməkdaşlıq tutur. Enerji sahəsindəki bu əməkdaşlıq həm də bu il iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizin Avropanın enerji təchizatında rolunun artması ilə əlaqədar ümumilikdə Azərbaycan-Avropa enerji əməkdaşlığının bir hissəsi kimi qiymətləndirilə bilər. Həmin memorandum əsasında 2027-ci ilə qədər Azərbaycandan Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaq ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir. Ümumiyyətlə, Azərbaycan artıq Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır və bununla əlaqədar hazırda Cənub Qaz Dəhlizinin mühüm hissələri olan həm TANAP, həm də TAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin isə işi davam edir və layihə tərəfdaş Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, mövqelərinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verməklə ölkəmizin milli mənafelərinə tamamilə uyğundur.

Avropa İttifaqının Qonşuluq və genişləndirmə üzrə komissarı Oliver Varhelyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında belə qeyd edib: "Azərbaycan Prezidenti İlham Əliyev və energetika naziri Pərviz Şahbazovun Azərbaycanın Qərbi Balkan regionunu çoxşaxəli enerji qarışığı ilə təmin etmək gücünə sahib olması barədə dedikləri məni çox ruhlandırır".

Aİ rəsmisi Trans-Adriatik Qaz Boru Kəmərinin yekunlaşmasını və Azərbaycanda Avropa İttifaqına təbii qazın ticarət tədarükünün başlanmasını alqışlayaraq deyib ki: "Cənub Qaz Dəhlizi "Şərq Tərəfdaşlığı"nın "2020-ci il üçün 20 nəticə" siyasətinin bir hissəsi olub. Təmiz enerji isə keçidi dəstəkləyərək enerji istehlakını, çirklənməni və istixana qazı tullantılarını azaldaraq "EU4 Energy" fəaliyyəti ilə Azərbaycana və regiondakı digər ölkələrə enerji tənzimlənmə və əlaqələndirmə məsələlərində dəstəyi davam etdirəcəyik".

Cənub Qaz Dəhlizinin işləməyə başlaması İonik-Adriatik boru kəmərinin inşası ilə bağlı Qərbi Balkan ölkələrində gedən müzakirələrə real məzmun verib. Çünki Azərbaycanın perspektiv yataqları Avropaya əlavə həcmdə qaz göndərilməsini mümkün edir. Belə ki, 400 milyard kubmetr qaz ehtiyatına malik olan "Babək" yatağı, 350 milyard kubmetr ehtiyatı olan "Abşeron" qaz kondensat yatağı və 200 milyard kubmetr ehtiyata malik olan "Ümid" yatağı Avropada qaz təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayacaq. Digər tərəfdən isə TAP kəməri Qərbi Balkanların təbii qaz bazarına çıxışına imkan yaradır. Bu baxımdan İonik-Adriatik boru kəmərinin təchiz edilməsi üçün Azərbaycanın kifayət qədər ehtiyatları və müvafiq infrastrukturu var. Bu isə ölkəmizin Avropanın enerji təhlükəsizliyi baxımından önəmini artıran amillərdən biridir.

Vətən müharibəsindəki Zəfərimizdən sonra qalib dövlət kimi mövqeyimizin xeyli güclənməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması, türk dövlətləri birliyi ideyasının möhkəmlənməsi, Türkiyənin bölgədə gücünün artması fonunda Cənubi Qafqazda gedən proseslərdən kənarda qalan ölkələrin Azərbaycana qarşı aqressiv siyasətinin, düşmən münasibətlərinin gücləndiyi bir vaxtda Azərbaycanın haqlı mövqeyini müdafiə edən, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən dövlətlərlə münasibətlərin inkişafı bizim üçün daha da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, biz həm işğal dövründə, həm Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünə dəstək göstərən ölkələrlə əməkdaşlığa daha çox üstünlük verməliyik. Bu mehriban münasibətlər gələcəkdə ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirməyə zəmin yarada bilər.

Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı da həddindən artıq böyükdür. Məhz bu səbəbdəndir ki, dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlığa üstünlük verir. Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi kimi qəbul edilən Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib.

Zümrüd QURBANQIZI,

"Respublika".