Aqrar sahədə vəziyyət ürəkaçandır
Region

Aqrar sahədə vəziyyət ürəkaçandır

Bu gün dünyanın bəzi ölkələrinin ərzaq qıtlığı ilə üz-üzə qalması real faktdır. Yüzlərlə insan  aclıqdan əzab çəkir, hətta bu səbəbdən  dünyasını dəyişənlərin sayında artım da müşahidə olunur. Sevindirici haldır ki, dövlətimizin başçısı İlham Əliyevin  apardığı düzgün iqtisadi siyasət nəticəsində son illərdə respublikamızda iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, eləcə də iqtisadiyyatın şaxələndirilməsi sürətlə  həyata keçirilir. Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar öz bəhrəsini verir. İdxaldan asılılıq aradan qaldırılır. Məlumdur ki, ölkəmizdə ət və ət məhsulları, eyni zamanda meyvə-tərəvəz istehsalında yüksək nəticələrə nail olunur. Dövlətin kənd təsərrüfatı sahəsində çalışan insanlara yaratdığı şərait,     verilən subsidiyalar bu sahəyə olan marağı daha da artırır.

Bu günlərdə dağlar qoynunda  qərar tutmuş, füsunkar təbiətə, bərəkətli torpağa, əlverişli iqlimə malik olan, zəhmətsevər insanların  yaşadığı Gədəbəy rayonuna üz tutduq. Öyrəndik ki, rayon iqtisadiyyatının əsasını aqrar sektor təşkil edir.  Burada bitkilər dəmyə şəraitində yetişdirilir. Adətən dağlıq ərazidə məhsuldarlıq arana nisbətən bir qədər zəif olur. Lakin əkinçiliyin yüksək təşəkkül tapdığı Gədəbəy  rayonunda fermerlər yüksək aqrotexniki qaydalara əməl etməklə yüksək məhsuldarlığa nail olurlar. Sirr deyil ki, respublikanın kartofa olan tələbatının ödənilməsində gədəbəylilərin özünəməxsus yeri var. Hər il olduğu kimi, cari ildə də rayondan respublika bazarlarına, eləcə də böyük marketlərə yüzlərlə ton ekoloji təmiz kartof məhsulu  aparılır. Gədəbəy DAİM-in direktoru Asəf Nağıyevlə söhbət zamanı bildirdi ki, ötən təsərrüfat ilində gədəbəyli fermerlər  9783,5 hektar sahədə kartof əkib-becərmişlər. Hər hektardan  orta hesabla 128 sentner yüksəkkeyfiyyətli məhsul yığılmışdır. Əldə olunan 125229 ton məhsul  respublika daxilində realizə olunur. Satış qiyməti fermerləri qane edir. Hazırda kartof yığımı başa çatmaq üzrədir.  Fermerlər yerli  toxum sortlarına bəzən isə Rusiyadan idxal olunmuş  məhsuldar kartof toxumlarının səpilməsinə üstünlük verirlər.

2023-cü ildə 10000 hektardan artıq sahədə kartof əkini proqnozlaşdırılır. Bunun üçün rayonda tam münbit şərait mövcuddur. Lakin rayonda  kartof saxlamaq üçün soyuducu  kameraların  olmaması fermerləri  narahat edir. Qeyd etmək lazımdır ki, Gədəbəy 14949 hektar əkinəyararlı torpaq sahəsinə  malikdir. Ötən il cəmi 13434 hektar torpaq sahəsi əkilmişdir. Belə ki, 2990 hektar buğda becərilərək hər hektardan 338 sentner, cəmi 9867 ton buğda, 196 hektar arpa səpilmiş sahədən 431 ton arpa götürülmüşdür.

2023-cü ilin məhsulu üçün 3000 hektar sahə  proqnoza qarşı  hazırda 3150 hektar sahədə payızlıq buğda səpini həyata keçirilir. Hazırda aqrotexniki qaydalara əməl olunmaqla buğda səpini uğurla başa çatdırılmışdır.

Taxılçılıqla məşğul olanlar - dəmyə şəraitində  yüksək məhsul verən “Qarabağ”, “Murov”, “Bezos”, “Tanya” , “Aleksey” və başqa toxum  sortlarının səpininə  daha çox üstünlük verirlər. Səpin zamanı, eyni zamanda  sahələrə Amofos Nitro amofoska gübrələri verilir. 2023-cü ilin məhsulu üçün buğda səpini aparan 1280 nəfər fermer subsidiya almaq üçün 2006 bəyan ediblər. Bəyan davam etdirilir. Qeyd etmək lazımdır ki, DAİM-in əməkdaşları kəndlərdə fermerlərə səyyar xidmətlər  göstərərək bəyan etmələrini asanlaşdırırlar. Hər hektar üçün dövlət tərəfindən verilən 290 AZN fermerlərin plastik kartlarına  köçürüləcəkdir.

Əkin sahələrində fitosanitar vəziyyət nəzarətdə saxlanılır.  Toxum səpilmiş 2795 hektar sahədə 2692 hektar sirayətlənmə  müşahidə olunmuş, 2664 hektar taxıl əkilmiş ərazidə dövlət hesabına gəmiricilərə qarşı kimyəvi mübarizə aparılmışdır. Mübarizə tədbirləri davam etdirilir.

Gədəbəydə heyvandarlığın və arıçılığın inkişaf etdirilməsi üçün əlverişli şərait var. Rayonda 9592 hektar təbii biçənək mövcuddur. 01 noyabr 2022-ci il tarixə olan məlumata görə heyvandarlıqla  məşğul olan  fermerlər 45028 baş iribuynuzlu, mal-qara, 223295 baş xırdabuynuzlu heyvan bəsləyirlər.  Havaların soyuqlaşması ilə əlaqədar iri fermer təsərrüfatları mal-qaraların qışlağa, əsasən Ceyrangöl massivinə köçürürlər. Heyvanların sağlamlığını qorumaq üçün epizootik vəziyyətə ciddi nəzarət olunur. 89112 baş xırdabuynuzlu  heyvanlarda  çiçək xəstəliyinə, 4380 baş iribuynuzlu mal-qarada lepto spiroz xəstəliyinə, 3431 baş iribuynuzlu, 92182 baş xırdabuynuzlu, 1229 baş atda qarayara xəstəliyinə qarşı  peyvəndləmə aparılmışdır. Bundan başqa, 164692 baş xırdabuynuzlu, 44398 baş iribuynuzlu heyvanlar dabaq xəstəliyinə qarşı peyvənd olunmuş, 31705 xırdabuynuzlu, 7885 baş iribuynuzlu heyvanlarda  brusellyoz xəstəliyinə qarşı  peyvəndləmə aparılmışdır. 

Gədəbəy arıçılığın inkişafı üçün əlverişli məkandır.          Hazırda 1052 nəfər arıçıda 13000-dən artıq arı ailəsi var. Azərbaycan dövlətinin  hər bir arı ailəsi üçün verdiyi 10 azn subsidiya insanların arıçılığa  olan marağını  artırır.

Gədəbəylilər cari ildə  kənd təsərrüfatının bütün sahələrində  yüksək məhsul əldə edəcəklərinə əmindirlər.

Vəli VƏLİYEV,

“Respublika”.