Aqrar sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı
Digər xəbərlər

Aqrar sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı

Ölkəmizdə kənd təsərrüfatının inkişafına cavabdeh olan dövlət qurumları  inkişaf etmiş ölkələrlə əməkdaşlığa üstünlük verirlər. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələri genişlənir.

Belə ki, 2023-cü il ərzində Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları tərəfindən texnikalara texniki baxışın göstərilməsi, torpaqların aqrokimyəvi, aqrofiziki, eləcə də gübrə və yarpaq analizlərinin aparılması, analiz nəticələrinə uyğun gübrə normasının hesablanması, laboratoriya idarə edilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları, toxumçuluğun təşkili  və digər sahələr üzrə Türkiyə təcrübəsi öyrənilib.

Nazirliyin mətbuat xidməti bildirir ki, AXA-nın nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri çərçivəsində Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin müxtəlif idarə rəhbərləri və Nazirliyin tabeliyində fəaliyyət göstərən bir sıra elmi-tədqiqat müəssisələri ilə görüşlər keçirilib. Görüşlərdə heyvandarlıq, toxumçuluq, kənd təsərrüfatı texnikalarına xidmət sahələrində mövcud olan təcrübənin öyrənilməsi, bu sahədə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis və təcrübə mübadiləsi, həmçinin ölkəyə baytarlıq vaksin təchizatının təşkilinə dəstək, heyvandarlıq sahəsi üzrə dərman və vaksin istehsalının birgə araşdırılması və istehsalı imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığa dair müzakirələr aparılıb.

Əməkdaşlıq çərçivəsində cari ilin "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirlərinin vaxtında aparılması məqsədilə Türkiyə istehsalı olan vaksinlər artıq ölkəmizə gətirilib. Bölgələrdə xüsusi təhlükəli xəstəliklərə qarşı "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq peyvəndləmə prosesinə başlanılıb.

Nəriman CAVADOV,

"Respublika".