Antisemitizm, rasizm və islamofobiyadan xilas ola bilməyən Avropa
Siyasət

Antisemitizm, rasizm və islamofobiyadan xilas ola bilməyən Avropa

Müasir dövrümüzdə Qərbin "demokratiya" ixracı adı altında müxtəlif regionlara gətirdiyi bəlalar, fəlakətlər göz qabağındadır. "İnsan hüquqları"nı irəli sürərək imperialist, neokolonialist siyasəti ilə liliput ölkələrə çökməyə çalışan bəzi Avropa dövlətləri, belə təbliğatlar aparmaqla özlərini "ali insani dəyərlər"in qoruyucusu kimi qələmə verirlər. Halbuki Avropada diskriminasiya və antisemitizm cərəyanları gündən-günə artmaqda davam edir. Belə olan halda isə Qərb ölkələrinin öz dərdlərinə çarə tapmaq əvəzinə Azərbaycan kimi multikulturalizm və tolerantlığın ən yüksək səviyyədə olduğu bir dövləti etnik təmizləmədə ittiham etməsi riyakarlığın ən pik nöqtəsidir. Xüsusilə, Fransa və Almaniyanın bu cür məsələlərdə nəinki Azərbaycanı günahlandırmaq, bu mövzuda danışmaq haqqı belə yoxdur. Çünki bu iki ölkədə antisemitizm, rasizm, antiislamizm halları geniş yayılmaqdadır və hər ötən gün durmadan artır. Sinaqoqlara hücumlar edilir, məscidlər yandırılır. Bu ilin iyun ayında 17 yaşlı yeniyetmə müsəlmanın fransız polisi tərəfindən öldürülməsi deyilənləri bir daha təsdiq edir.

Avropada milli mənsubiyyətinə görə ən çox əziyyət çəkən, dinini gizlətmək məcburiyyətində qalan digər şəxslər də yəhudi məzhəbinin nümayəndələridir. Bu cür qeyri-insani hadisələrin keçmişdə qalmasını, bəşəriyyət üçün daha vacib hadisələrin müzakirə olunmasını arzu etsək də, Avropanın xilas ola bilmədiyi antisemit əhvali-ruhiyyəsi getdikcə artmaqdadır. Almaniya və digər ölkələrdə yəhudilərin yaşadığı evlər artıq Davud Ulduzu ilə işarələnməyə başlanıb. Vəziyyət o yerə gəlib çatıb ki, Avropa İttifaqında yaşayan bir çox yəhudilər mühacirət etməyi düşünür. Dünyada ən çox antisemit hərəkətlər, yəhudilərin kütləvi şəkildə məhv edilməsi də məhz bu qitədə qeydə alınıb. Təkcə İkinci Dünya müharibəsində alman ordusu tərəfindən işğal edilən ölkələrdə yəhudilərə qarşı misli görülməmiş qırğınlar törədilib, Holokost soyqırımı adı ilə tanınan qətliamlarda 6 milyona yaxın yəhudi öldürülüb.

Bu gün də yəhudilərə və müsəlmanlara qarşı davam edən təhlükəni aradan qaldırmaqda acizlik göstərən Avropa Şurası, Avropa Parlamenti və ATƏT kimi regional təşkilatlar hələ də ksenofobiyanın Avropada deyil, digər regionlarda olduğunu düşünürlər. Yəhudilərin təhlükə hissilə yaşadığı yerlərin önündə gələn Fransada isə bir aydan az müddət ərzində 900-ə yaxın antisemit qanun pozuntusu qeydə alınıb ki, bu da 2022-ci ilə nisbətən iki dəfə çoxdur. Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Ələlxüsus da internetdə antisemitizmin çoxalması halları müşahidə olunur. Ötən illərdə Avropa İttifaqı Təməl Haqlar Agentliyinin (Fundamental Rights Agency) apardığı sorğunun nəticələrindən məlum olub ki, internet vasitəsilə yəhudilər təhqirlərə məruz qalır.

Ölkəmizə gəldikdə isə deyə bilərik ki, Avropadan fərqli olaraq Azərbaycandakı yəhudilər min illərdir sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu baxımdan, multikulturalizmin və tolerantlığın Azərbaycan modelinin qərbdə tətbiq olunmasına böyük ehtiyac var. Müxtəlif dini və milli mənsubiyyətə malik olan vətəndaşlarımızın dinc və sülh şəraitində yaşaması, qarşılıqlı olaraq adət-ənənələrə hörmət etməsi, inam və əqidələrinə yüksək ehtiramla yanaşmaları xalqımızın əsrlər boyu formalaşdırdığı ən böyük dəyərlərdən biridir. Çoxmillətli respublika olan Azərbaycan vicdan və dini etiqad azadlığının təmin olunmasında mükəmməl qanunvericilik aktına malikdir və konstitusion prinsiplərindən biri də dinlərin qanun qarşısında bərabərliyinin təmin edilməsidir. Azərbaycanda tolerantlıq Konstitusiya ilə qorunur. Ana Qanunun 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etməmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Əminliklə deyə bilərik ki, Azərbaycan dünyada yəhudilərin tam azadlıqda yaşadığı nadir ölkələrdən biridir. Kaliforniya və Texasdakı sinaqoqlara hücumların, Almaniyada sinaqoqlara basqınların, Fransada dinc yəhudilərin qətlinin, ifrat sağçı neonasistlərin dünyada tüğyan etdiyi bir vaxtda antisemitizm Azərbaycan mədəniyyətinə yaddır.

Sonda isə xatırlatmaq yerinə düşər ki, respublikamızdan başqa heç bir yerdə yəhudi, xristian, müsəlman və digər dini etiqad nümayəndələri rahatlıqla eyni məkanda bir araya gələ bilmirlər. Paytaxt Bakının mərkəzində erməni kilsəsinin ibadətə açıq olması elə dünyaya tolerantlıq mesajıdır.

Musa BAĞIRLI,

"Respublika".