AMEA Rəyasət Heyətinin iclası
Elm və təhsil

AMEA Rəyasət Heyətinin iclası

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Müzakirəyə çıxarılan birinci məsələ Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının tərkibi haqqında olub.

Akademiya rəhbəri qeyd edib ki, dövlət siyasətinə uyğun olaraq, AMEA Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurası yaradılıb. Şuranın fəaliyyətinin daha da gücləndirilməsini təmin etmək üçün AMEA Rəyasət Heyəti tərəfindən Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının tərkibinə yeni üzvlərin daxil edilməsi qərara alınıb.

Həmçinin AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli iclasında "AMEA-nın Qərbi Azərbaycanın tədqiqi və təbliği ilə bağlı Tədbirlər planı"nın təsdiq edilməsi haqqında" qərarında "Qərbi Azərbaycan Ensiklopediyası"nın hazırlanması öz əksini tapıb. İclasda ensiklopediyanın hazırlanmasını təmin etmək məqsədilə AMEA-da müvafiq İşçi Qrupu yaradılıb.

AMEA rəhbəri qeyd edib ki, ilk ümumazərbaycan elmi mərkəzi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 2 noyabr 2023-cü ildə yaradılmasının 100 illiyi tamam olur.

İclasda Cəmiyyətin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilib.

Tədbirdə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında da müzakirələr aparılıb.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında olub.

İclasda, həmçinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ arxeoloji ekspedisiyasının yaradılması haqqında da məsələ müzakirə olunub.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ ekspedisiyası haqqında qərar qəbul olunub.

Rəyasət Heyəti tərəfindən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daxili imkanlar əsasında Xəzərin Arxeologiyası şöbəsinin yaradılması qərara alınıb.

Mustafa KAMAL,

“Respublika”.