AHİK 4300 ailəyə bayram sovqatı göndərib
Sosial həyat

AHİK 4300 ailəyə bayram sovqatı göndərib

Dekabrın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən (AHİK) dövlətimizin başçısı cənab İlham Əliyevin ad günü, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə respublikanın regionlarında yaşayan 4300 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.

"Respublika" xəbər verir ki, bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatı veriləcək.

Bununla da AHİK-in 2020-ci ildən indiyə kimi yardım göstərdiyi ailələrin sayı 70 mini ötüb.

Qeyd edək ki, sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.

Yolasalma mərasimində iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə bildirib ki, həmkarlar ittifaqları hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, bütün bayramlarda, digər əlamətdar günlərdə onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, o cümlədən sovqatlar, hədiyyələr verir. O qeyd edib: “Artıq bu, bizdə ənənə halını alıb. Bu dəfə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğum günü, qarşıdan gələn Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Naxçıvan da daxil olmaqla Azərbaycanın bölgələrində yaşayan 5550 aztəminatlı ailə üçün bayram sovqatı göndəririk. Bilirsiniz ki, Həmrəylik Günü bizim ən əziz bayramlarımızdan biridir. Dünya azərbaycanlıları hər il bu bayramı təntənəli şəkildə, xoş əhvali-ruhiyyə ilə qeyd edirlər. Ümumiyyətlə, Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca vacib rol oynayır. Hamı şahiddir ki, xalqımızın, dövlətimizin, demək olar ki, bütün taleyüklü məsələlərində soydaşlarımız həmrəy olurlar, vahid mövqe sərgiləyirlər. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər yoluna çıxarkən xarici ölkələrdə yaşayan soydaşlarımız səfərbər oldular, bənzərsiz birlik nümayiş etdirdilər. Anti-Azərbaycan dairələrin qərəzli təxribatlarının qarşısının alınmasında, müharibə həqiqətlərinin dünyaya çatdırılmasında qətiyyətlə mübarizə apardılar. İnanırıq ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimiz bu həmrəyliyə sadiq qalacaq, vahid Vətənimizin amalları üçün çalışacaqlar”.

Bu gün şanlı və şərəfli tariximizin ən böyük şəxsiyyətlərindən biri, qüdrətli Azərbaycanın banisi, Qarabağ fatehi Prezident İlham Əliyevin doğum günü olduğunu xatırladan Səttar Möhbalıyev deyib: “Xalqımıza misilsiz nailiyyətlər qazandıran, bizi müzəffər edən Prezident İlham Əliyevi bu münasibətlə təbrik edirik. Dövlətimizin başçısı tarixin axarını dəyişdi, bizi məğlubiyyət sindromundan xilas etdi, Azərbaycanımızı güclü dövlətə çevirdi. Bu gün xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə əmin-amanlıq içərisindədir, tarixinin ən xoşbəxt və əzəmətli dövrünü yaşayır. Biz bu zirvələri məhz onun gərgin zəhməti, fədakar əməyi, mətin iradəsi sayəsində fəth edə bildik. Mən əminəm ki, qədirbilən xalqımız bundan sonra da Prezident İlham Əliyevin ətrafında möhkəm birliyini qoruyacaq, dövlətimizin daha da inkişafı, müstəqilliyimizin qorunması yolunda ona ürəkdən dəstək verəcək”.