Ah, Paris! Paris!..
Digər xəbərlər

Ah, Paris! Paris!..

Deyəsən, Makron fransız xalqının kefini damağında qoyub

"Bir neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız  həmkarını da   həmin hərəkəti etməyə çağırırıq. Heç vaxt olmamaqdansa gec olması yaxşıdır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı  dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək...". 

Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi bu fikirlər, əslində, Fransanın öz müstəmləkə keçmişinə, qanlı cinayətlərinə və soyqırımı aktlarına, əcdadlarının qeyri-insani hərəkətlərinə yeni baxış sərgiləməyə çağırışdır. Yəni Fransa lideri Niderland kralının addımını təkrarlamalıdır. Bunun  üçün isə onun özünün bu qəddar hərəkətlərdən uzaq durması lazımdır. Bəs humanizmdən, sülhdən, ədalətdən, lap insanlıqdan kənar olan birisi bu addımı necə ata bilər axı?

Ah, Paris! Paris!.. Sənin halına yanan gərək indi. Oturmuşam yazı yazmağa, "Şərikli çörək" filmindəki kadr düşür yadıma. Dərvişdən heç də geri qalmayan fırıldaqçı fotoqrafın "izahsız iki manat, izahlı üç manat" olan "Həyat lövhələri"ni xatırlayıram:  "Baden-Badenin mavi gecələri. Şəhərin adı Jeneva, madam, madmuazel gözəlin adı Jenevyeva. Fransız xalqı kef edir!". Ah, necə gözəl əyyam imiş?!. Fransız əhli doğrudan da kef edirdi, ancaq Makron gələnədək. Elə ki, Makron gəldi, marksizm, leninizm, stalinizm yalan oldu, makronizm onları üstələdi. Guya sülh, demokratiya,  bərabərlik, dinc-yanaşı yaşamaq və s. prinsiplərə söykənən o "cərəyanlar" əslində  insanlara göz yaşından başqa şey gətirməyib. Makron da xalqına yaxşı heç nə verə bilmədi. Çünki hakimiyyətə gələndən yalnız başqasına quyu qazmaqla məşğuldur. Bu zavallıya sələflərindən biri deməyib ki, quyunu bir az dayaz qaz, özün düşərsən. Əslində, Makron elə bir yenilik gətirməyib, Fransız dövlətinin əsrlərdən bəri formalaşan "siyasət"ini  davam etdirib, yalnız ona özünəməxsus bəzi ştrixlər vurub ki, onun da barıtı bir az çox olub. O qədər çox ki, hətta fransız əhlinin kefini damağında qoyub... Belə ki, Makronun pensiya islahatları xalqın xoşuna  gəlmədi və xalq etiraz əlaməti olaraq küçələrə axışdı. Etiraz dalğası Fransanın bir çox iri şəhərini bürüdü. Bu günlərdə isə 17 yaşlı bir əlcəzairli gəncin polis tərəfindən küçədə qətlə yetirilməsi canı boğaza yığılan insanları lap yerindən oynatdı, irqindən, dilindən, dinindən asılı olmayaraq indi nümayişə çıxan hər kəs Makron siyasətini pisləyir, islam dininə qarşı hörmətsizliyə son qoyulmasını tələb edir.

Ümumiyyətlə, Fransa müstəmləkəçilik siyasətini əsrlərdir ki, davam etdirir. Bu baxımdan nə qədər demokratik görünməyə çalışsa da özünün daxili problemləri çoxdur. Məsələn, Fransanın tərkibinə daxil olan Korsika adasında müstəqillik uğrunda 200 ilə yaxındır ki, mübarizə  gedir. Rəsmi Paris Korsika adası ətrafında baş verənləri ölkənin ərazi bütövlüyünə qarşı separatizm fəaliyyəti kimi qələmə verir. Korsikanın müstəqilliyini tələb edən yerli xalq bu adanın aborigen sahibləridir. Aralıq dənizindəki bu ada dəfələrlə yadellilər - yunanlar, romalılar və b. tərəfindən işğal olunub. Nəhayət, 1755-ci ildə ada növbəti dəfə azadlığa qovuşub və Korsika  Respublikası elan edilib. Lakin bu müstəqillik uzun sürməyib, 1768-ci ildə Fransa adanı işğal edib öz ərazisinə qatıb. Korsikalıların milliyyətini unutdurmaq məqsədilə onların pasportlarına  "fransız" yazdırmaqdan da çəkinməyib. Paris korsikalılara heç avtonomiya belə  vermək istəmir, ancaq müəyyən vədlərlə məsələni hələ ki, "qapalı" saxlaya bilib. Son vaxtlar isə Parisin vədlərinə əməl etməməsindən narazı qalan Korsika Milli Azadlıq Cəbhəsi adanın Fransadan ayrılması uğrunda silahlı mübarizəyə başlayacağını elan etmişdi. Amerikalı politoloq Andryu Koribko bunu Fransa üçün olduqca ciddi problemin başlanğıcı kimi dəyərləndirmişdi.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Prezident İlham Əliyev Korsika məsələsinə toxunarkən demişdir: "Fransa hətta Korsika dilinə qadağa  qoyur və etnik azlıqlar konsepsiyasını qəbul  etmir,  lakin eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır.  Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində  bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır".

Başqalarının torpaqlarını işğal etmək, günahsız insanları qətlə yetirmək sahəsində Fransanın böyük təcrübəsi var. 1832-ci ildə "El-Uffia" qəbiləsinin gecə yatdığı yerdə qılıncdan keçirilməsi də fransızların əməlidir. O zaman 12 min adam öldürülüb. 132 il ərzində 1,5 milyon əlcəzairlini qətlə yetirən də fransızlardır. 1945-ci ildə isə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Polisin etirazçıları güllələyərək Sena çayına atması nəticəsində də 1500 nəfərin həyatına son qoyulub. Bu hadisə tarixə "Sena qətliamı" kimi daxil olub.

Fransanın işğal etdiyi Cibuti, Nigeriya, Çadda da xalqın islam təhsili alması qadağan edilmiş, məscid və mədrəsələr dağıdılmışdır. 1907-ci ilin avqustunda Mərakeşdə tarixə "Kasablanka döyüşü" kimi daxil olmuş hadisədə 2 gün ərzində 3 minə  yaxın mərakeşli öldürülüb. Fransızlar Tunis, Vyetnam, Ruanda  və digər ölkələrdə də saysız-hesabsız insanı qətlə yetiriblər.

2020-ci ilin yanvar ayında Fransanın daxili işlər naziri Kristof Kastaner 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci illə müqayisədə 27 faiz, müsəlmanlara qarşı hərəkətlərin 54 faiz artdığını, xristianlara qarşı münasibətin sabit qaldığını deyib. Həmçinin o, əsasən təhdid xarakteri daşıyan irqçi və ksenofob hərəkətlərin 2018-2019-cu illər ərzində  iki dəfədən çox artaraq 496-dan 1142-yə yüksəldiyini bildirib. Təbii ki, nə qədər ürəkağrıdıcı olsa da, bu faktların sayını artırmaq da olar, ancaq elə sadaladıqlarımız özü də  Fransanın necə bir dövlət olduğunu göstərmək üçün kifayətdir. Makron da sələfləri kimi bir siyasətə xidmət edir: öldür, qan tök, hökm sür!.. Ancaq günahsız tökülən qan heç vaxt yerdə qalmır. Kim bilir,   bu gün Fransanı bürüyən iğtişaşlar bəlkə o günahsız qanları yerdə qoymadı?

İndi Fransanın mavi gecələri qırmızıya dönüb, yandırılan maşınların, obyektlərin alovu bütün ölkəni bürüyüb, qarşıdurma güclənir... Bu da bir "Həyat lövhəsi"dir. Şərhini, izahını özünüz verin!..

Zümrüd QURBANQIZI,

"Respublika".