Ağsu: Əlillərə qayğı mənəvi borcumuzdur
Region

Ağsu: Əlillərə qayğı mənəvi borcumuzdur

Beynəlxalq Əlillər Günü münasibətilə Ağsu Rayon İcra Hakimiyyətində əlillərlə görüş keçirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, əlilliyi olan şəxslərə diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilir. Ölkə başçısı tərəfindən əlil vətəndaşların pensiya və müavinətlərinin məbləğlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq məqsədyönlü layihələr həyata keçirilir.

Bildirildi ki,  rayonda əlillər üçün lazımi şərait yaradılmış və onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir. Görüşdə əlillərin qayğı və problemləri öyrənildi, fikir və təklifləri dinlənildi. Qeyd olundu ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şanlı qələbə qazandığı 44 günlük Vətən müharibəsində yaralanmış vətəndaşlarımızın sağlamlığının bərpası və normal həyata qayıtmağı istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır.

Görüşdə çıxış edən müharibə əlilləri onlara göstərilən qayğı və diqqəti daim hiss etdiklərini, bunun sayəsində bir çox məsələlərin həll edildiyini məmnunluq hissi ilə vurğulayaraq dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

M.QULUYEV,

“Respublika”.