Ağdamda yenə də ağ evlər ucalır
Region

Ağdamda yenə də ağ evlər ucalır

Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam şəhəri müasir şəhərsalmanın ən son modeli əsasında yenidən Günəşə sarı boylanır, düşmənin vurduğu ağır yaralar aradan qaldırılır. 30 ilə yaxın Ermənistanın işğalı nəticəsində Qarabağda və Şərqi Zəngəzurda  900-dək yaşayış məntəqəsi tamamilə dağıdılıb, bir milyon hektardan çox torpaq kənd təsərrüfatı dövriyyəsindən çıxarılıb, yüzlərlə mədəni irs nümunəsi məhv edilib, Ağdam şəhəri isə misli görünməmiş bir vəhşiliklə dağıdılıb, talan-qarət edilib. 2021-ci ilin may ayında Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən Ağdam şəhərinin yenidən qurulmasının təməl daşını qoyub. Ağdamlılar hesab edirlər ki, 28 May -Respublika Günü ilə yanaşı, həm də Ağdam şəhərinin bərpasının başlanğıc günü kimi tarixə yazıldı. Haqq, ədalət öz yerini tutdu, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi və işğaldan azad edilən bütün ərazilərdə çox genişmiqyaslı və iri infrastruktur layihələr həyata keçirilir, dövlət otuz ilə yaxın məcburi köçkün həyatı yaşayan vətəndaşları üçün gələcək xoşbəxt həyat qurur. İşğaldan azad edilmiş bütün şəhərlərin baş planları hazırlanıb və təsdiqlənib. Ağdamın Baş Planına əsasən şəhərdə yüksəkmərtəbəli binalar daha çox olacaq. Ağdam şəhərinin 30 faiz ərazisində əhalinin 70 faizi yaşayacaq. Baş plana əsasən Ağdamda 1750 fərdi ev, 23 min mənzil tikiləcək, şəhərdə 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulub.

Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınmasına başlanılıb. Təməli qoyulan yaşayış məhəlləsinin salınması üçün 6,9 hektar torpaq sahəsi ayrılıb. Ərazi şəhərin şimal-şərqində yerləşir və şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnib. Həmçinin “İmarət” adlanan tarixi ərazi də yeni yaşayış məhəlləsinin yaxınlığındadır. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirir ki, bütün işlər Əlaqələndirmə Qərargahı ilə planlı şəkildə həyata keçirilir. Hesab edirik ki, yaxın 2-3 ilə artıq həm Ağdam şəhərinə, həm ətraf kəndlərə, eləcə də Füzuliyə, Xocavəndə və Tərtərin işğaldan azad olunmuş ərazilərinə soydaşlarımızın Böyük Qayıdışını müşahidə etmək imkanı əldə edəcəyik. Cari ildən isə əsas tikinti layihələrimiz icra olunmağa başlayıb. Ümid edirik ki, 2024-cü ilin sonuna bu layihələrin hamısı - ən vacibi şəhərin tarixi-mədəni mərkəzi ilə bağlı həm yaşayış məhəllələri, həm sosial təsisatlar, həm mədəniyyət müəssisələri, həm inzibati mərkəz, həm də uşaq bağçaları - həyat üçün tələb olunan bütün sosial infrastruktur  istifadəyə veriləcək. 2025-ci ildən soydaşlarımızı doğma Ağdam şəhərinə qaytarmaq nəzərdə tutulub. Ağdam şəhərinə ilkin mərhələdə təxminən 10 min nəfər köçürüləcək.

İlkin mərhələdə Ağdamda 24 çoxmənzilli binanın inşa olunması nəzərdə tutulub. Artıq iki çoxmərtəbəli binada tikinti işləri yekunlaşıb, liftlər quraşdırılıb, santexnika, suvaq işləri aparılır. Qeyd edək ki, binaların tikintisi ən müasir memarlıq ənənələri əsasında aparılır, yeni şəhərin cizgiləri ətraf mühitə bir gözəllik gətirəcək. Tikintinin sahə rəisi Bayram Hümbətov işlərin sürətlə və keyfiyyətlə aparıldığını deyir:

- 2 binada işlər başa çatmaq üzrədir, 4 binada isə armatur- beton işləri aparılır. Tikintidə işlər üç növbədə gedir. Binalarda 1,2,3 və 4 otaqlı mənzillər, qeyri- yaşayış sahələri və yeraltı dayanacaqlar olacaq. Çalışırıq ki, tikinti işlərini vaxtında başa çatdıraq. Qalan 18 bina üçün özüllərində torpaq işləri aparılır. Binaların fasadında isə Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək.

Tikintidə çalışan Namiq Məmmədovun sevincinin həddi-hüdudu yoxdur, doğma Ağdama qayıtdığı, şəhərin qurulmasında iştirak etdiyi üçün qürurlu görünür. Namiq deyir ki, Ağdam ermənilər tərəfindən işğal ediləndə bir yaşım olub, bizim ailə də otuz ilə yaxın köçkünlük həyatı yaşayıb, valideynlərimin yurd həsrətinin, necə ağır yaşadıqlarının şahidi olmuşam. Keçmiş məcburi köçkün üçün bundan böyük xoşbəxtlik ola bilməz ki, doğulduğu şəhərin quruculuğunda iştirak edir, əməyini və ürəyinin məhəbbətini sərf edir. Bizə bu qürurlu günləri bəxş edən ordumuza, Ali Baş Komandanımız cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Doğma yurda dönən insanlar “ağıllı kənd”lərdə, müasir şəhərlərdə yaşayacaqlar. Qoy düşmən baxıb xar olsun! Onun “Qafqazın Xirosiması”na çevirdiyi Ağdamda yenə də ağ evlər ucalır. 

Salman ALIOĞLU,

“Respublika”.