Ağdam: yüksək məhsuldarlıq əldə olunur
Bölgələr

Ağdam: yüksək məhsuldarlıq əldə olunur

Vətən müharibəsinin tarixi qələbə ilə başa çatmasından bir ilə yaxın vaxt keçir. İşğaldan azad edilmiş rayonlarda əkin-səpin və quruculuq işləri başlayıb. Bir güllə atılmadan işğaldan azad edilmiş Ağdam rayonunun kənd təsərrüfatında taxılçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq, bağçılıq və heyvandarlıq mühüm yer tutur. Ötən payız düşmənin rayon ərazisini artilleriya atəşinə tutmasına baxmayaraq, ağdamlı fermerlər yetişdirdikləri məhsulu mərmi yağışı altında itkisiz toplayaraq əsl fədakarlıq göstəriblər.

Vaxtilə adı dillərdə dolaşan, neçə-neçə insanı əmək qəhrəmanına çevirən, yüz minlərlə kənd adamının həyat şəraitini, güzəranını yaxşılığa doğru dəyişən, şəninə nəğmələr qoşulan "ağ qızıl"ın şanı-şöhrəti ötən əsrin 70-80-ci illərində Ağdamda yüksək zirvədə olub. Gəlirli sahəni dirçəltmək üçün dövlət tərəfindən lazımi addımlar atılıb. Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının hər mərhələsində pambıqçılığın inkişaf etdirilməsi və dövlət tərəfindən dəstəklənməsi ön plana çəkilib. Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsində ağdamlı fermer və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artıraraq, ölkəmizin ərzaq təhlükəsizliyinə töhfələrini verirlər. Qeyd edək ki, rayonda pambıqçılıqda yaxşı ənənə mövcuddur və davam etdirilir.

Son günlər havaların əlverişsiz keçməsinə baxmayaraq, Ağdam rayonunun pambıq tarlalarında məhsul yığımı davam etdirilir və fermerlər "ağ qızıl"ın tədarükünə səy göstərirlər. Tarlalarda bol məhsul yetişdirilib, aylardan bəri çəkilən zəhmət öz bəhrəsini verir, ilk gündən yüksək məhsuldarlıq əldə olunur. Rayonda cari ildə 1086,9 hektarı "MKT İstehsalat Kommersiya" MMC, 540 hektarı "Azərpambıq" MMC, 640 hektarı "P-Agro" MMC ilə müqavilə əsasında olmaqla 2236,9 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib və nəticədə tarlalarda bol məhsul yetişib. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defolyasiya) həyata keçirilib. Pambıq yığımına kifayət qədər kombayn, traktor və qoşqu cəlb edilib. Artıq sahələrdən 328,41 ton məhsul əldə olunub. Ağdamlı "ağ qızıl" ustaları təsərrüfat ilini uğurla başa vurmaq üçün əzmlə çalışırlar. Qeyd edək ki, 2020-ci ildə Ağdam rayonunda 2120 hektar sahədə pambıq əkilib, 7100 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33,49 sentner olub.

Fermer Namaz Rəfiyev bu il 50 hektarda pambıq becərib. Havaların əlverişli keçməsi nəticəsində sahələrdə bol məhsul var. Keçən ilin çətinliklərinə baxmayaraq, fermer hər hektardan 30 sentnerdən çox məhsul əldə edib. Fermerlərə göstərilən dövlət qayğısından söz açan Namaz Rəfiyev deyir:

- Dövlətimiz təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya, pambıq əkilən hər hektara görə 260 manat əkin subsidiyası ödəyir. Ödənilən subsidiyaların 75 faizi təsərrüfat məqsədli istehsal vasitələrinin alınmasına sərf edilməlidir. Pambıq yığımına çox böyük ruh yüksəkliyi ilə başlamışıq. Hər hektarın məhsuldarlığı bizi qane edir. Biz də ölkəmizin iqtisadiyyatının daha da güclənməsi üçün inamla çalışırıq.

Rayonda pambıqçılıqla məşğul olan adlı-sanlı fermerlər çoxdur. Onların hamısının məqsədi pambıqçılığa göstərilən dövlət dəstəyinə yüksək məhsuldarlıqla cavab verməkdir. Artıq pambıq qəbulu məntəqələrində pambıq tayalarının sayı çoxalır, məhsulun emal edilməsi üçün hazırlıq görülür.

Salman ALIOĞLU,

"Respublika".