Ağdam-Xankəndi yolunun açılması reinteqrasiya prosesini sürətləndirə bilər
Digər xəbərlər

Ağdam-Xankəndi yolunun açılması reinteqrasiya prosesini sürətləndirə bilər

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən sonra geopolitik gücdən qlobal siyasi gücə çevrilməsi və dünyada gedən siyasi proseslərdə ön sıralarda yer alması bəzi beynəlxalq dairələri narahat edir. Həmin beynəlxalq təşkilatlar Azərbaycan və hətta Türkiyəyə təzyiq üçün bu gün Qarabağda yaşayan erməni sakinlərdən istifadə etməyə çalışırlar. Bu gün həmin ermənilər Azərbaycana reinteqrasiya olunmağa təşviq edilməlidir. Reallıq isə tam fərqlidir. Qarabağ erməniləri, həm də oradakı separatçılar münaqişə və müharibə dövründə qaçaqmalçılıq və silah daşımaları üçün istifadə etdiyi Laçın dəhlizindən bu gün də eyni məqsədlər üçün yararlanmağa səy göstərirlər.  Həkəri çayında Azərbaycan sərhəd-keçid məntəqəsi tikilib.

Ermənistan Laçın yolunda qeyri-qanuni fəaliyyət göstərməyə, mina və hərbi texnikanı Azərbaycan ərazisinə keçirməyə çalışır.  Azərbaycan tərəfi Laçında sərhəd-keçid məntəqəsini tikmək hüququna tam malikdir və bu, şəffaflığı qorumaq, qanunsuz fəaliyyətə son qoymaq üçün edilib.

Bu kimi provokativ addımların qarşısının alınması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi zəruridir. İkinci bir detal isə ondan ibarətdir ki, məsafə və yol xərcləri baxımından ermənilərin bu yoldan istifadə etməsi daha münasibdir. Lakin haylar yenə kiminsə əli ilə oyuncaq rolunda çıxış edərək provokasiya törədir. Ağdam-Xankəndi yolu üzərində yerləşən Əsgəran dayaq məntəqəsinə quldurlar tərəfindən ötən ay beton plitələr döşənməsi və keçirilən aksiya bu təxribatçı addımların bariz nümunəsidir.

Azərbaycan tərəfi lazımi yoxlanışlardan sonra erməniəsilli şəxslərin bu sərhədi keçməsinə şərait yaradıb. Onlar özü buradan sərbəst şəkildə istifadə etdiklərini deyib. Lakin ermənilərin Laçın yolunun blokadada saxlanması iddiaları səngimir. Azərbaycan tərəfinin erməni sakinlərinə problemin həlli üçün Ağdam-Xankəndi marşrutundan istifadə etmək təklifi də bu vəziyyətdən ən yaxşı çıxış yoludur.

Dövlətimiz Qarabağda yaşayan erməni sakinlərin Azərbaycanın siyasi, iqtisadi, hüquqi və sosial sistemlərinin tamhüquqlu üzvləri kimi reinteqrasiyasına sadiqdir. Bu baxımdan, Ermənistan da, həmçinin digər xalqların daxili işlərinə qarışmamaq, milli azlıqların nümayəndələrinin inteqrasiyasına xələl gətirməmək, dost xalqların torpağında separatizmi gücləndirməkdən çəkinməlidir. Lakin Ermənistanın siyasi və hərbi təxribatları davam edir.

Hökumətimiz Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyi, rifahı və təminatı üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə BQXK-nın ölkəmizdəki nümayəndəsi ilə görüşündə söhbətin əsas mövzusu məhz bu olub.

Azərbaycanın mövqeyi beldir ki, ərazinin demilitarizasiyası uzunmüddətli sülhə nail olmaq üçün ən yaxşı yoldur, eyni zamanda bu, Qarabağdan olan ermənilərin cəmiyyətimizə reinteqrasiyası prosesini sürətləndirər.

Nurcan SÜLEYMANOVA.