Ağ Evin sabitliyə kölgə salan qara kampaniyası
Siyasət

Ağ Evin sabitliyə kölgə salan qara kampaniyası

Okeanın o tayından Cənubi Qafqaza müdaxilə etməyə çalışan rəsmi Vaşinqton bədxah əməllərinin sayını artırır. ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilməsi, konqresin yuxarı palatasının Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləməsi bunu deməyə əsas verir. Təxribat xarakterli dinləmələrdə Azərbaycanın iştirakı olmadan onun daxili məsələlərinin müzakirə edilməsi birbaşa ABŞ-ın Cənubi Qafqazda gərginliyi artırmaq cəhdidir. Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kinin bir müddət əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşməsi bir daha əli cibində olan ABŞ rəsmilərinin qərəzindən xəbər verir.

Qüdrətli Azərbaycan dövləti ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Yeni reallıqlarda "Qarabağ problemi" anlayışı yoxdur. Bütün bunları qütbləşən Qərb bloku da yaxşı anlayır, lakin bunu həzm edə bilmir. 30 ilə yaxın regionda münaqişənin dinc yolla həllinə söz verənlərin əsl niyyətləri bu gün meydana çıxır. Xüsusilə ölkəmizin daxili işlərinə burnunu soxmağa çalışan ABŞ-ın Ermənistan havadarlığı "ermənidən çox erməni olmaq" missiyasını diqqət mərkəzinə gətirir ki, bu da regional sabitliyə kölgə salır. Nikol Paşinyanın belə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nəzərə alsaq, ABŞ-ın "quyruq acısı"nın heç bir məntiqi əsası yoxdur.

ABŞ "Dağlıq Qarabağ" ifadəsini öz lüğətindən hələ də silməməkdə israr edir. Bir çox aspektlərdə Rusiyaya qarşı Ermənistandan istifadə də məhz bu yoldan keçir. Bu çərçivədə artıq ABŞ-ın Ermənistanı öz qanadları altına aldığını da müşahidə edirik. Bir müddət əvvəl rəsmi Vaşinqton hayları Rusiyadan "qorumaq" üçün İrəvana güclü dəstək verəcəyini açıqladı. Bu, həm də Cənubi Qafqazda yeni "Ukrayna modeli"nin təməlləridir. Ermənistanla Ağ Ev arasındakı razılaşmalara əsasən Vaşinqton İrəvana dizel və "Metsamor" AES üçün nüvə yanacağının tədarükünü təmin edəcək. Birləşmiş Ştatlar, həmçinin AES-in idarə edilməsi və istismarının təmin edilməsi üçün Ermənistana bütün lazımi texniki yardımı göstərməyə də hazırdır. Hətta lazım gələrsə, Amerikanın peyk interneti də erməni provayderlərin ixtiyarında olacaq.

Cənubi Qafqazda öz təsir dairəsini genişləndirməyə çalışan ABŞ-ın Azərbaycana qarşı tutduğu mövqe bir daha göstərir ki, sülhsevərlik maskası altında gizlənən Qərb blokunun planları tamamilə destruktivlik üzərində qurulub. Əslində 2002-ci ildən ABŞ-ın ölkəmizə qarşı qərəzli yanaşmalarının əyani şahidi oluruq. Son olaraq Azərbaycan ilə bağlı 907-ci düzəlişin dayandırılmamasını nəzərdə tutan S.3000 qanun layihəsinin təsdiqlənməsi açıq şəkildə Cənubi Qafqazla bağlı planları aşkara çıxarır. Qeyd edək ki, "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib və 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır.

Sual olunur: ABŞ-ın varlığı olan hansı regionda sülh və əmin-amanlıq mövcuddur? Taliban rejiminin hakimiyyətdə olduğu Əfqanıstandamı? Neft və qızıl ehtiyatlarını sömürüb vətəndaş müharibəsinə tərk etdiyi Liviyadamı? Yoxsa, hər vəchlə Rusiya ilə müharibəyə qızışdırılan Ukraynadamı? Yəmən və Suriya kimi ölkələr elə bu gün də faktiki olaraq poliqon funksiyasını yerinə yetirirlər. ABŞ-ın yeni silahlarını sınaqdan keçirdiyi yer də məhz elə bu ərazilərdir.

ABŞ-ın xarici siyasətdəki yanaşmasını anlamaq o qədər də çətin deyil. Avropadan bura köçən yerli hindu xalqlarının soyqırımına məruz qalmasın heç kəsə sirr deyil. Hətta bu gün Amerika tarixçiləri və siyasətçiləri Amerika kəşf ediləndə orada aborigenlərin sayını 16 milyon göstərməyə çalışırlar. Lakin tarixin səhifələrindədir başqa rəqəmlər görünür. Əksər tarixçilərin verdiyi məlumata əsasən, Kolumb Amerikaya gələndə orada 75 milyon hindu yaşayırmış. 35 mln. Şimali, 40 mln. isə Cənubi Amerikada. Yalnız indiki ABŞ-ın ərazisində 15 milyon hindu yaşayırmış və 1620-ci ildən 1900-cü ilə qədər aborigenlərin sayı 237 min nəfərə düşmüşdü.

Yerli sakinlərin immun sisteminə yad olan xəstəliyin yayılması planının işə salınması ilə kütləvi qırğınlar başladılır. Tədqiqatçıların çoxu hinduların sayının kəskin azalmasının əsas səbəbi kimi onların immun sisteminə yad olan suçiçəyi xəstəliyini göstərirlər. Avropalılarla ilk təmasdan sonra hinduların 40-45%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdür. Portuqalların Braziliyadakı birinci qubernatoru Tome de Souza Papaya və Avropa krallarına məktubunda yazırdı: "Yerli əhalinin buradakı "insan ehtiyatı" həddindən artıq çoxdur, hətta biz onları sallaqxanalarda doğrasaq da, azalmazlar".

...İndi yenə də onlar insan tələfatı üçün dünyanın bütün qaynar nöqtələrində "demokratiya" adı altında fəaliyyət göstərirlər. Bəşəriyyəti III Dünya müharibəsinin astanasına gətirən Rusiya-Ukrayna qarşıdurmasının müəllifi də elə Amerikadır. Rəsmi Vaşinqton iki ölkə arasında hər vəchlə sülhə doğru irəliləyişə imkan vermir, əksinə, münaqişəni daha da alovlandırır. Yaxın Şərqdə də bizi eyni ssenari qarşılayır. İsrail ilə HƏMAS arasında gedən qarşıdurmada tərəfləri sülhə səsləmək əvəzinə hərbi əməliyyatlara dəstək verilməsi itkilərin sayını daha da artırmaqdadır.

İstənilən halda Azərbaycan dövləti bu cür təxribatların regional müstəvidə reallaşmasına imkan verməyəcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz".

Nurlan ABDALOV,

"Respublika".