Ağ Evin moderatorluq qismində çıxış etməsi yenidən gündəmə gəlir
Siyasət

Ağ Evin moderatorluq qismində çıxış etməsi yenidən gündəmə gəlir

Uzun müddət idi ki, sülh prosesinin gedişində müəyyən durğunluq yaranmışdı. Bu, daha çox sülh müqaviləsinin Qərb ölkələrində, yoxsa Moskvada imzalanması məsələsindən irəli gəlirdi.  Rusiya hesab edirdi ki, üçtərəfli Bəyanat Moskvanın təşəbbüsü ilə imzalandığından sülh kontraktı da məhz Moskvada imzalanmalıdır. Məncə bu, o qədər də məntiqli yanaşma deyil. Çünki əsas məsələ Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasıdır və bunun kimin iştirakı ilə olacağı o qədər də önəmli olmamalıdır.

İki dövlət arasında vasitəçilik qismində çıxış edən digər bir platforma da Brüssel formatıdır. İndiki  məqamda öz işlək mexanizmini itirsə də,  burada bir sıra irəliləyişlər əldə olunmuşdu. Bu formatda keçirilən təmasların nəticəsində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb və qəbul etmişdi. İlk dəfə olaraq  Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu rəsmi olaraq Brüsseldə dilə gətirmişdi.

Kollektiv Qərbin digər bir üzvü olan ABŞ qlobal güc olduğundan dünyada gedən proseslərdən kənarda qalmaq istəmir. İstər 30 illik işğal dövründə olsun, istərsə də indiki məqamda Vaşinqton Cənubi Qafqazda hər hansısa bir nəticəyə gəlinməsində bilavasitə tərəf olmağa çalışıb. Məlum olduğu kimi, hər iki dövlətin xarici işlər nazirləri bir neçə dəfə Vaşinqtonda görüşüblər. Son olaraq noyabrın 20-də belə bir görüşün təkrar keçirilməsi nəzərdə tutulurdu. Lakin Ceyms OBraynın qərəzli açıqlamalarından sonra Azərbaycan haqlı olaraq Vaşinqtona getməkdən imtina etmişdi. Sonradan ABŞ-Azərbaycan münasibətlərinin normallaşması Ağ Evin regionda sülhə və təhlükəsizliyə dair moderatorluq qismində çıxış etməsini yenidən gündəmə gətirib. Lakin ABŞ danışıqların yenidən bərpa olunmasını istəyirsə, ilk növbədə Azərbaycanı qəzəbləndirəcək addımlar atmamalı, xüsusilə Qarabağı müzakirə predmetinə çevirməməli və Qarabağı könüllü tərk etmiş erməni əhalisi üçün hər hansısa bir imtiyaz tələb etməməlidir. Əgər belə bir yanaşma gündəmə gətirilərsə, onda Azərbaycan Xarici İşlər Nazirliyinin həmin prosesdən imtina etmək haqqı var və ABŞ da bunu yaxşı bilir. Bu nüans Azərbaycanın birbaşa qırmızı xəttidir. Bu məsələyə heç cür toxunmaq olmaz. Çünki Azərbaycanın Qarabağda yaşamaq istə

yən erməni vətəndaşlara qarşı mövqeyi aydındır. İlk növbədə onlar geri qayıtmaq istəyirlərsə beynəlxalq hüquqa uyğun şəkildə Azərbaycan pasportu daşımalıdırlar. Ona görə də mən hesab edirəm ki, ABŞ bunu nəzərə alacaq.

Qabil HÜSEYNLİ,

politoloq.