Digər xəbərlər

"Aclıq", "qıtlıq", "blokada", "seçki" - əsl erməni riyakarlığı

Düşmən Ermənistan və dünya erməniliyi üzərində tarixi qələbədən ötən müddət ərzində diqqəti cəlb edən və aydın görünən odur ki, həm maddi, həm də mənəvi ciddi zərbələr alan erməni cəmiyyəti bədbinlik, xof içərisində vurnuxur.

Qədim İrəvanın küçələri əsl döyüş meydanını xatırladır, etirazçılar hökumət binalarının qarşısında aksiyalar keçirirlər, müharibədə övladları itkin düşən valideynlərin adi sorğusuna cavab verilmir, səs-küy salanları isə polis dəyənəyi ilə susdururlar. Yalan, böhtan, riyakarlıq, manipulyasiya dövlət siyasətində dərin kök salıb, rəsmi İrəvan məğlubiyyətdən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, müxtəlif bəhanələr uydurur.

Əslində, Ermənistanın kimlər tərəfindən idarə edildiyi heç də aydın deyil və bu da münasibətlərin qurulmasında çaşqınlıqla bərabər, etimadsızlıq mühiti yaradır. Ermənistan quyruğu tapdanmış və əzilmiş ilana bənzəyir, xeyli müddətdir ki, çabalayır, vurnuxur, zəhərini hara gəldi çiləyir, Qarabağ ermənilərinin müdafiəçisi rolunda çıxış edir, gah sülhdən danışır, gah da müharibə, mübarizə ritorikası nümayiş etdirir. 2020-ci ilin noyabr ayında məlum üçtərəfli Bəyanatın imzalanmasından ötən üç il müddətində Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib, əksinə, şərti sərhəddə atəşkəsi pozur, gərginlik yaradır, Xankəndi və ətraf ərazilərdə yerləşən qeyri-qanuni erməni silahlı qüvvələrini silah-sursatla təmin edir, təxribatlar törədir. Adıçəkilən Bəyanatda açıq şəkildə qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti ərazidə qalan Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini Azərbaycan ərazilərindən çıxarmalı, həmin ərazilərə yerli azərbaycanlılar qaytarılmalıdır. Çox təəssüf ki, Bəyanatın bu şərtləri qəsdən və bilərəkdən unudulur.

Başqasının arxasında gizlənən, qorxaq, oyunlara girov olan bir ovuc erməni zəhər püskürməyə, suyu bulandırmağa, yalan ifraz etməyə davam edir. Otuz ilə yaxın torpaqlarımızı istismar edən, şəhərləri, kəndləri qarət edərək dağıdan və xarabalığa çevirən, dinc azərbaycanlıları, Qarabağda yaşayan rus ailələrini öz evlərindən qovan, onların hüquqlarını tapdalayan, hərbi cinayətlər törədən Ermənistan sərhəddə təxribatları davam etdirir, məqsədli şəkildə gərginlik yaradır. Görünən odur ki, Rusiya sülhməramlı kontingentin arxasında gizlənən erməni silahlı dəstələrinin tör-töküntüləri müharibə ritorikasını artıraraq müvəqqəti məskunlaşdıqları ərazilərdə istehkamlar qurmağa cəhd edir, mövqelərimizi atəşə tutmaqda davam edirlər. Azərbaycan Müdafiə Nazirliyinin son bir həftə ərzində yaydığı məlumatlar yuxarıda dediklərimizə əyani sübutdur. Sentyabr ayı başlayandan Ermənistan şərti sərhəddə, Xankəndi və ətraf ərazilərdə qalan erməni silahlı dəstələri mövqelərimizi atəşə tutur, təxribat-diversiya məqsədilə ərazilərimizə sızmağa çalışırlar. Ağdam, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy, Naxçıvan, Zəngilan, Şuşa istiqamətlərində silahlar susmur, mövqelərimiz intensiv atəşə tutulur. Məlumatlarda qeyd olunur ki, sentyabrın 7-si saat 10:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Sentyabrın 8-i saat 00:25 radələrində ərazimizdəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən ordu bölmələrimizin mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb. Sentyabrın 9-u saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Göründüyü kimi, ərazilərimizdən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələri bölgədə əsas təhdid mənbəyidir. Hər şeydən əvvəl isə Ermənistanın davam edən hərbi-siyasi təxribatları, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı əsassız bəyanatları, bölgədə sülhün və sabitliyin yaradılmasına maneçilik, revanşizm, saxta məlumatların yayılması onu göstərir ki, düşmən ölkə danışıqlar dilini anlamaq istəmir, onunla yalnız güc dilində danışmaq lazımdır. Çox təəssüf ki, bölgədəki gərginliyin, Ermənistanın bu təxribatlarının qarşısını almaq əvəzinə bəzi dövlətlər, xüsusilə Fransa, İran hayların sərsəm çağırışlarına qahmar durur, düşmən ölkəyə havadarlıq edirlər. Həyasızlıqla və inadkarlıqla Azərbaycanın daxili işlərinə burunlarını soxurlar, əyilmiş və sındırılmış bir toplumu ayaq üstə saxlamağa çalışırlar. Adını çəkdiyimiz dövlətlər və digərləri də yaxşı bilirlər ki, Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad daha yer almır. Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiyyəti yoxdur.

Məhz sentyabrın 8-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib ki, Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımasına baxmayaraq, bu ölkənin müxtəlif beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəlikləri yenə də qanunsuz rejim adından müxtəlif növ sənədlər yaymaqda davam edirlər. Qeyd olunub ki, bu qeyri-qanuni qurumun "prezidentinin" qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil. Ermənistan tərəfindən törədilmiş təxribatlar normallaşma prosesinə mənfi təsir göstərir və beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir. Ermənistanın məsuliyyətsiz və destruktiv davranışından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və Ermənistanı bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir.

Azərbaycan xalqını da narahat edən bu məsələlərin və təxribatların qarşısının alınması üçün zəruri tədbirlər mütləq görülməli, cinayətkarlar, təxribatçılar, separatçılar zərərsizləşdirilməlidir. Xankəndidə Azərbaycan bayrağı qaldırılmalı, uzun illərdən bəri pozulan asayiş bərpa olunmalı, azərbaycanlı ailələr doğma Xankəndiyə qaytarılmalı, türkün cəlladları öz cəzalarına çatmalıdır. Qaldı ki, Ermənistana, gündə bir havaya qol qaldıran rəsmi İrəvanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxlamaqdan ibarətdir. Məhz bu məqsədlə, Ermənistan vaxt qazanmağa çalışır və danışıqların bütün istiqamətləri üzrə irəliləyişi təmin edə biləcək real addımlardan yayınır. Zənnimizcə, Ermənistanın və Xankəndidəki separatçıların nazı ilə çox oynamağa dəyməz, lokal şəkildə də olsa antiterror əməliyyatları keçirilməli və bu torpaqlarda çoxdan gözlənilən sülh və sabitlik bərqərar olmalıdır.

Salman ALIOĞLU,

"Respublika".